“Heç bir yaxşılıq cəzasız qalmamalıdır, xüsusən yaxşılığın obyekti Stalindirsə” – Yadigar Sadıqlı

Alfred Liskof, 1941-ci il iyunun 21-də Buq çayını üzərək sovet ərazisinə keçən və bir neçə saatdan sonra Almaniyanın SSRİ-yə hücum edəcəyini xəbər verən alman kommunist.
Alfred Liskof 1910-cu ildə Kolberq (indi Polşa ərazisində Kolobjeq) yaxınlığındakı Drenov kəndində kasıb ailədə anadan olub. Kolberqdə mebel fabrikində işləyirdi. 1930-cu ildən Almaniya Kommunist Partiyasının Kolberq şöbəsinin üzvü olub. Arada şairlik də edirmiş.
1939-cu ildə orduya çağırıldı. 75-ci piyada diviziyasının 222-ci alayının qərargah bölüyündə xidmət edirdi. Almaniyanın SSRİ-yə hücumu ərəfəsində bu alay Ukraynanın Sokal şəhərindən şimalda yerləşirdi.
1941-ci il iyunun 21-də, alman ordusunun Sovet İttifaqına hücuma hazırlaşdığını öyrənən Liskof öz hissəsini tərk etdi, Buq çayını üzdü və saat 21:00 radələrində SSRİ-nin 90-cı sərhəd dəstəsinin hərbçilərinə təslim oldu. Dindirmə zamanı bildirdi ki, 22 iyun səhəri vermaxt bütün sovet-alman sərhədi boyunca hücuma keçəcək.
Sovet-alman müharibəsinin başlanmasından sonra Liskof sovet təbliğat kampaniyasında iştirak etdi.
O, Kominternə üzv oldu, lakin bu təşkilatın rəhbərləri (Dimitrov, Manuilski, Tolyatti) ilə münaqişəyə girdi və onları xəyanətdə ittiham etdi. Liskofun “Komintern nə edir?” adlı tənqidi qeydi məlumdur. Bu yazıda o, 1939-cu il sovet-alman müqaviləsini pisləyir.
1941-ci ilin sentyabrında Georgi Dimitrov Liskofun fəaliyyətini araşdırmaq üçün Valter Ulbrixtin rəhbərliyi ilə komissiya yaratdı. Komissiyanın nəticələri sentyabrın 26-da NKVD-yə təqdim edildi. Oktyabr ayında Liskof digər Komintern üzvləri ilə birlikdə Ufaya təxliyə edildi. Dekabrın 23-də Dimitrov yenidən NKVD rəhbərliyinə müraciət edərək Liskofu faşist və antisemit olmaqda ittiham etdi.
1942-ci il yanvarın 15-də Liskof “Komintern rəhbərləri barədə böhtan xarakterli şayiələr yaymaq” ittihamı ilə həbs olundu. İstintaq zamanı o, “psixi pozğunluq əlamətləri göstərdi” və nəticədə Mərkəzi məhkəmə psixiatriyası institutuna göndərildi. İyulun 15-də ona qarşı istintaq dayandırıldı, İki həftə sonra xəstəxanadan çıxarılaraq Novosibirskə göndərildi. Başqırdıstan üzrə FSB arxivinin məlumatına görə, Liskov 1943-cü ilin sonu və ya 1944-cü ilin əvvəllərində Novosibirskdə “yoxa çıxdı”. Onun sonrakı taleyi məlum deyil.
Necə deyərlər, heç bir yaxşılıq cəzasız qalmamalıdır. Xüsusən yaxşılığın obyekti Stalindirsə.