• 02 İyun 2025 00:55

Qarabağa səfər neçəyə başa gəlir? – Şuşada çay 41, Xankəndidə 3 manatdır

 Qarabağa səfər neçəyə başa gəlir? – Şuşada çay 41, Xankəndidə 3 manatdır
Paylaş

Ölkə vətəndaşları işğaldan azad olunan ərazilərə turist kimi səfər etmək arzusundadırlar. Bu, yaxın və uzaqda, şəhər və rayonda, ucqar dağ kəndində və ya aranda yaşamasından asılı olmayaraq hər bir vətəndaşımızın ürəyindən keçir. Əgər dünənə qədər vətəndaşlar öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər edə bilirdilərsə, artıq bu siyahıya Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə də əlavə olunub. “Böyük Qayıdış” proqramı ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün istiqamətləri genişləndirməkdədir.

 

Amma səfər etmək istəyənlərin hamısının içində cavab axtardığı “Qarabağa necə gedək?” sualı var.

Maksimum doqquz nəfər üçün icazə alına bilər

 

Mayın 20-dən etibarən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə yuxarıda qeyd edilən yeni istiqamətlərə də səfər edə biləcəklər. Fərdi minik avtomobillərində səfər üçün bir sürücü olmaqla, maksimum doqquz nəfərə alına bilər. Rəsmiləşdirilən icazələr iki gün müddətində etibarlı olacaq. Vətəndaşlar həmçinin, portal üzərindən səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat da əldə edə bilərlər. Həmin ərazilərdə iki gündən çox qalmaq istəyən vətəndaşların portal üzərindən yenidən müraciət edib icazələrini daha iki gün uzatmaları mümkündür.

 

Qeyd edək ki, işğaldan azad edilən istiqamətlərə avtobus marşrutları da var. Vətəndaşlar həmin istiqamətlərə müntəzəm reyslər üzrə biletləri onlayn qaydada “biletim.az” portalı üzərindən əldə edə bilərlər. Məsələn, Bakıdakı Beynəlxalq Avtovağzaldan Bakı -Laçın-Xocalı-Xankəndi-Şuşa istiqaməti üzrə gündəlik reyslər (16.33 AZN) sərnişinləri hər gün qeyd edilən bölgələrə daşıyır.

 

Füzuli, Zəngilan, Laçında tikilən beynəlxalq hava limanlarının azad edilən ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayacağı şəksizdir. Hazırda Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib (Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir). Bakı-Zəngilan/Zəngilan-Bakı, Bakı-Laçın/Laçın-Bakı istiqamətində uçuşlar isə hələlik həyata keçirilmir.

 

Turistlərin gəlməsi arzuolunandır

Turizm üzrə ekspertlər bildirirlər ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir.

 

Turizmçi Əziz Şiriyev də işğaldan azad olmuş torpaqlarda sürətli şəkildə yenidənqurma işlərinin aparıldığını qeyd edir: “Bu işlərlə yanaşı, həmin ərazilərə yerli və xarici turistlərin gəlməsi də arzuolunandır. Hazırda xeyli sayda turist işğaldan azad olan əraziləri ziyarət edir, görməli yerlərə baş çəkir. Elə şəhərlər var ki, məsələn, Cəbrayıl şəhəri yenidən qurulur. Köhnə şəhər sol tərəfdə qalıb, sağ tərəfdə yeni Cəbrayıl şəhəri tikilir. Ağdam şəhəri də sıfırdan qurulur. Yeni qurulan ərazilərdə hotellər tikilir”. Bu yaxınlarda turizmçilərin bu ərazilərə təşkil edilən infoturunda iştirak edən Ə.Şiriyev hotellərlə bağlı təəssüratlarını bölüşür: “Biz Ağalıda hoteldə olduq. Yaxın gələcəkdə Ağdərədə hotel açılacaq. Şuşada, Xankəndində kifayət qədər hotel və restoranlar fəaliyyət göstərir. Ağdamda da yeni açılan hotel var. Konqres mərkəzləri də fəaliyyətdədir. Digər rayonlarda da iaşə obyektləri və restoranlar açılır, o cümlədən ticarət mərkəzləri fəaliyyətə başlayacaq. Həm yerli vətəndaşlar, həm də xarici turistlər tezliklə fərqli, tarixlə müasirliyin tandemini özündə birləşdirən Qarabağ görə biləcək və çox bəyənəcəklər. Bütün dünya şahid olacaq ki, Qarabağ abadlaşaraq əvvəlki illərinə qayıdıb”.

 

Hotellər, iaşə obyektləri, kirayə evlər

Təbii ki, bölgələrə səfər etmək üçün qeydiyyatdan keçən insanları həmçinin harada qalacaqları, hansı yerləri ziyarət edəcəkləri, necə bir iaşə obyektlərində yemək yeyəcəkləri – ümumən səfər xərcləri maraqlandırır. Nəzərə alsaq ki, səyahətçilərin çoxu səfərlərinin ucuz başa gəlməsi üçün büdcələrinə uyğun sərfəli qiymətlər və rahat infrastruktur axtarırlar, onda bir çox suallara cavab axtarmalı olacağıq.

 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı sorğumuza cavab olaraq bildirdi ki, Xankəndi şəhərində turizm baxımından bütün infrastruktur var: “Hotellər, restoranlar turistlərin xidmətindədir. Burda şəxsi evlər kirayə verilmir. Xankəndidən fərqli olaraq, Ağdərə və Xocalıda qismən infrastruktur var. Ağdərənin Həsənriz kəndində restoranlar fəaliyyət göstərir. Vəng kəndi və Xocalıda həm hotel, həm də restoran olan ailəvi istirahət mərkəzləri var. Əsgəran qalası yaxınlığında Qarqar çayının sahillərində də gözəl bir istirahət məkanı fəaliyyətdədir. Əsgərana gəlib, Əsgəran qalasını ziyarət etməsən günah olar. Bura turistlərin diqqətini çəkən yerdir”. A.Telmanqızı bildirdi ki, ərazidə turistlərin düşərgə (kamp) qurmasına icazə verilmir: “Kampla bağlı hələlik məhdudiyyət var. Səbəb də odur ki, kim harada istəsə kamp qursa, problem ola bilər. Gəzməli, görməli yerlərimiz də çoxdur. Gəzməli yerlər Xankəndiyə girişdən “Mən Xankəndini sevirəm” lövhəsindən başlayır. Gözəl təbiət, mehriban insanlar bu gözəl diyara nəfəs verir”.

 

“Qiymətlər və menyu Bakıdakı kimidir”

Qarabağ Universitetinin müəllimi, turizm üzrə ekspert Qəhrəman Yusupovun sözlərinə görə, hazırda işğaldan azad olunan ərazilərin hamısında kənd turizmi aktiv olmasa da, Xankəndidə evlərini kirayə verən sakinlər var: “Evlər günlük kirayə verilir. Kənd turizmini inkişaf etdirmək olar. Sadəcə, bunun üçün turistlər gəlməlidir. Hesab edirəm ki, ərazilərə giriş icazəsi verilməsi turist axınına səbəb olacaq. Hazırda Şuşada, Xankəndidə hotellər var və quruculuq işləri görülür, yeni hotellər, iaşə obyektləri tikilir”. Qiymətlərə gəlincə, ekspert bildirir ki, Şuşada qiymətlər nisbətən bahadır və turistlər də daha çox Şuşanı görmək istəyirlər: “Turizm şirkətləri turlar təşkil edir və turistlər iki gün müddətində hotellərdə qala bilirlər. Xankəndində hotellərdə səhər yeməyi daxil olmaqla 60-80 AZN-dən başlayan qiymətlərlə gecələmək mümkündür. Altı yerlik villada isə bir gecəlik qiymət 250-300 manat arası dəyişir.

 

İaşə obyektlərində qiymətlər və menyu Bakıdakı qiymətlərlə eynidir. Şuşada çay dəsgahı 41 manatdır. Xankəndidə isə 2-3 manata da çay tapmaq olar”.

Şərqi Zəngəzurun incisi

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin rəsmisi Hüseyn Quliyev sorğumuza cavab olaraq bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə, xüsusən Laçın rayonunda turizm infrastrukturu üçün kifayət qədər imkanlar yaradılıb: “Laçın rayonunu, ətraf ərazilərini, kəndlərini “Şərqi Zəngəzurun incisi” adlandırmaq olar. Ərazinin relyefi, evlərin quruluşu, infrastruktur buna sübutdur. Laçın da artıq səfərlər üçün tam aktivləşib. Burada Prezidentin Xüsusi Nümayəndəliyinin Qaynar xətti fəaliyyət göstərir. Bu xidmət vasitəsilə şəhid ailələri, qazilər, müəyyən imtiyazlı şəxslər “whatsapp” vasitəsilə şəxsiyyət vəsiqələrini təqdim etməklə yoxlandıqdan sonra əraziyə səfərlərinin təşkili təmin edilir”.

 

H.Quliyevin sözlərinə görə, ərazidə yerləşmək üçün kifayət qədər infrastruktur qurulub: “Evlərdən ibarət olan vaqon tipli yerləşmələr mövcuddur. Bu infrastruktur Həkəri, Abdallar və Laçın adlanan ərazilərdə qurulub. Çox qısa zaman ərzində prezidentin İşlər İdarəsinin sifarişi ilə Zertı kəndində Laçın hotel kompleksinin açılışı planlaşdırılır. Turizm üçün əsas mexanizmlərdən biri də nəqliyyat əlçatanlığıdır. Hazırda Bakı-Laçın-Xankəndi-Şuşa gündəlik reysi fəaliyyət göstərir. Sakinlərin və turistlərin asudə vaxtlarını səmərəli keçirmək üçün restoranlar mövcuddur. Həkəri bulvarı var. Artıq təməli qoyulan kanat layihəsinin xüsusi özəlliyi təkcə turistik deyil, loqistika məqsədinə də xidmət etməsi olacaq. Gələcəkdə müxtəlif investorlar vasitəsilə otellər şəbəkəsinin genişləndirilməsi planları var. Qiymətlərin əlçatanlığı həm yerli sakinlər, həm də turistlər tərəfindən məmnunluqla qarşılanır. Nəzərə alsaq ki, Bakıdan uzaq məsafədə, yeni qurulan infrastrukturla müəyyən müddətə qiymətlərdə fərq yarana bilər, bununla belə, bu, o qədər də hiss olunmur. Bütün bunlar turistlərin cəlbi üçün atılan addımlardır”.

 

Hotellərdə qiymətlər dəyişkəndir

İşğaldan azad edilən ərazilərə səfər edənlər Şuşa, Laçın, Ağdam, Xankəndi və Ağdərədə hotel və kotteclərdə qala bilirlər. Qiymətlərə gəlincə, turistlər büdcələrinə uyğun olmayanda bir günlük, büdcələri əl verəndə hotellərdə gecələməklə iki günlük səfərlərə üstünlük verirlər.

Şuşada “Xarı bülbül”, “Şuşa” və “Qarabağ” hotellərində ikinəfərlik otaqda qiymətlər səhər yeməyi daxil olmaqla, 180 manatdan başlayır.

Xankəndidə yerləşən hotellər daha çox 4-5 ulduzludur. Qiymətlər isə iki nəfər üçün nəzərdə tutulan otaqlarda (səhər yeməyi və fitnes daxil) 180-550 AZN arası dəyişir.

 

Üç ulduzlu “Xan” və “Qala” hotellərində isə qiymət bir nəfər üçün 100 manatdan başlayır.
Ağdamda gecələmək istəyən vətəndaşlar “Agdam City” hoteldə ikinəfərlik otaq üçün səhər yeməyi daxil olmaqla 180 AZN ödəməlidirlər.

Laçın rayonunda isə bir gecəsi 80-100 manat arası dəyişən kotteclər fəaliyyət göstərir.

Zəngilan rayonunun mərkəzindən 20 km məsafədə, Ağalı kəndində yerləşən üç mərtəbəli “Ağalı” hoteldə gecələmə bir nəfər üçün 120, iki nəfər üçün 140 AZN-dir (səhər yeməyi + fitnes daxil). Hazırda turistlər burada gecələməklə Zəngilan məscidi, Zəngilan Konqres Mərkəzi Kompleksini ziyarət edə, iaşə obyektlərinin xidmətindən yararlana bilərlər.
İşğaldan azad olunmuş digər ərazilərdə isə hotellərin tikintisi davam edir.

 

Tarixi abidələr, kəhrizlər, Xudafərin…

Cəbrayıl sakini, keçmiş məcburi köçkün Əfqan Həziyev bildirir ki, turistlər Cəbrayıla gəlməyə can atsalar da, orada qalmağa o qədər həvəs göstərmirlər: “Bu da ərazidə infrastrukturun hələ yüksək səviyyədə olmaması ilə bağlıdır. Cəbrayılda hazırda Əmirvarlı kənd ərazisində bir hotel fəaliyyət göstərir. Bu hotel də 50-100 qonaq qəbul etmək tutumunda deyil. Amma gecələmə qiymətləri ucuzdur – 15 AZN. Həmçinin iaşə xidmətləri də ucuzdur”. Ə.Həziyev məlumat verir ki, hələ Cəbrayılın heç bir kəndinə köç olmadığı üçün oraya gedənlər Laçında, ya da Zəngilanda gecələməyə üstünlük verirlər. Amma Cəbrayıla gedən turistlərin görməsi üçün çoxlu tarixi abidələr, kəhrizlər var: “Rayonda Arazboyu və dağətəyi mənzərəli kəndlər var. Tarixi Xudafərin körpüsünü görmək hər kəsin arzusudur…” Qeyd edək ki, Cəbrayıla getmək istəyənlər hələlik fərdi nəqliyyata üstünlük verirlər.

 

İşğaldan azad olunan ərazilərə turizm şirkətləri də turlar təşkil edirlər. Şəxsi avtomobili olmayan vətəndaşlar internetdə elanları yerləşdirilən turlara qoşula bilərlər. Məsələn, 1-2 günlük “Xankəndi-Şuşa-Laçın-Ağdam-Əsgəran-Xocalı-Zəngilan-Cəbrayıl”, “Şuşa-Xankəndi”, “Qarabağ” turlarının qiyməti 65-169 AZN arasında dəyişir. Bələdçilərin də daxil olduğu tur çərçivəsində turistlər gəzdikləri şəhərlərin tarixi, mədəniyyəti, mətbəxi, görməli yerləri və s. ilə tanış olurlar. (“Kaspi” qəzeti)

Tacxeber.com

Oxşar xəbərlər