Daxili mətbəx: Respublikaçı partiyasında yeni intriqalar – Kamran Cəfərli

Uzaqdan başlayaq.
Son 9 il ərzində Respublikaçı partiyasının dəyişilməz, sorğulanmaz və qeyd-şərtsiz lideri Donald Tramp olub. İlk prezidentlik dönəmində Tramp əsasən öz kultunun formalaşdırılması ilə məşğul idi və bu yolda uğur qazandı. Trampın fenomenliyi həm də ondadır ki, o, ABŞ siyasi ənənəsinə zidd olaraq seçkilərdə məğlub olmuş bir namizəd növbəti seçkilərdə yenidən namizədliyini irəli sürüb və 2024-cü ildə qalib gəlib.
Son 9 ildə Respublikaçı partiyasının Trampa dəstəyi sarsılmaz olub. Hətta 2020-ci ildə Baydenə məğlubiyyətindən sonra belə, partiyanın dəstəyi davam edib. Bu dövrdə cəmi bir dəfə partiya elitası tərəddüd yaşayıb və Trampı dəyişdirmək istədi-2022-ci ilin noyabrında.
Həmin il keçirilən Konqresə ara seçkilər zamanı bütün dünya “qırmızı dalğa”nı, yəni Respublikaçıların dağıdıcı qələbəsini gözləyirdi. Lakin gözləntilərin əksinə olaraq, Respublikaçılar nəinki hər iki palatada böyük üstünlük əldə edə bilmədi, hətta Nümayəndələr Palatası belə Demokratların nəzarətində qaldı. Bu məğlubiyyət Trampa qarşı partiya daxilində ciddi narazılıq doğurdu. Elita hesab edirdi ki, məğlubiyyətin əsas səbəbi Trampın siyasi “toksikliyi” və artıq tükənmiş siyasi fiqur olmasıdır.
Bu məğlubiyyətdən sonra Respublikaçı elita yeni lider axtarışına çıxdı. Partiyanın beyin mərkəzləri, aparıcı siyasi fiqurları, rəy liderləri (hətta İlon Mask belə) Floridanın qubernatoru Ron DeSantisi Trampın alternativi kimi görməyə başladılar və ona açıq dəstək verdilər. Qısa müddətdə DeSantis yüksək reytinqlər topladı, hətta bəzi sorğularda Trampı da geridə qoydu. Bu zaman Tramp susurdu, o gözləyirdi ki, partiya daxilindəki narazılıq hissi soyusun.
Ron DeSantis Floridada çox sevilir və mühafizəkar elektorat tərəfindən yüksək dəyərləndirilir. Bu münasibətin səbəbi sadədir: Ron DeSantis və həyat yoldaşı Keysi DeSantis Floridanı “bənövşəyi” (yelləncək) ştatdan “qırmızı” (yəni Respublikaçıların möhkəm dayağına) çevirmişdilər. Qeyd edək ki, Trampın Mar-a-Lago iqamətgahı da məhz Floridadadır.
2023-cü ilin əvvəlində partiya daxilindəki “məğlubiyyət hikkəsi” soyuyandan sonra Tramp de-fakto seçki kampaniyasına başladı. Amma ilk hədəfi Co Bayden yox, Ron DeSantis oldu. Trampın özünəməxsus aşağılama və qarayaxma üsulları var: bunlardan biri rəqibə istehzalı ləqəb verməkdir. O, DeSantisə “Ron DeSanktimonius” (sanctimonius-ikiüzlü, riyakar) ləqəbini yapışdırdı. Trampa bağlı bütün rəy liderləri DeSantisə qarşı hücuma keçdilər. Reytinqinə, nüfuzuna ciddi zərbə vuruldu və qısa müddət sonra DeSantis partiya liderliyi iddiasından geri çəkildi. Tramp üçün yol açılmışdı.
İlk baxışdan bu hadisə tarixin yaddaşına DeSantisin siyasi məğlubiyyəti kimi yazıldı. Amma…
Yaxın zamanda maraqlı bir hadisə baş verdi. Nəzərə alsaq ki, Tramp partiya daxilində fərqli fikrə belə dözümsüz atmosfer formalaşdırıb, bu hadisə xüsusi diqqətə layiqdir.
Ron DeSantis iki dəfə Floridanın qubernatoru seçilmişdi. Qanunvericiliyə görə, o üçüncü dəfə namizəd ola bilməz. Beləliklə, bu vəzifə boşalır və yeni namizədə ehtiyac yaranır. Tramp artıq öz namizədini müəyyənləşdirib: afroamerikalı konqresmen Bayron Donalds. Trampın təbliğat maşını hazırda Floridada bütün gücü ilə Donaldsın kampaniyasını aparır.
Əsl intriqa isə buradan başlayır.
DeSantis Trampın namizədini görməzlikdən gələrək, faktiki olaraq öz alternativini irəli sürdü-həyat yoldaşı Keysi DeSantisi. Keysi DeSantis keçmiş televiziya aparıcısı, xüsusilə Floridada ən populyar idman növü olan qolfun peşəkar şərhçisi olub. Eyni zamanda, ştatda kifayət qədər tanınan və sevilən ictimai fiqurdur.
Respublikaçı partiyasında hökm sürən avtoritar ab-havanı nəzərə alsaq, Ron DeSantisin bu addımı siyasi jest yox, Trampa birbaşa “müharibə” elanıdır. Və nəticələr dərhal özünü göstərdi.
Keysi DeSantisin qubernatorluğa iddiası ortaya çıxandan dərhal sonra ona qarşı kampaniya başladı. Məsələn, onun rəhbərlik etdiyi “Hope Florida” xeyriyyə fondu dövlət vəsaitlərindən məqsədəuyğun istifadə etməməkdə ittiham olunur. Trampın media komandası isə DeSantis cütlüyünü nepotizmdə – yəni ailə üzvlərini vəzifəyə təyin etməkdə ittiham edir.
Trampa qarşı bu siyasi demarşın indiki mərhələdə baş verməsi olduqca maraqlıdır, xüsusilə Trampın reytinqlərinin sabit şəkildə enməkdə olduğu bir vaxtda. Ola bilsin, DeSantis düşünür ki, 1-2 ilə Trampın siyasi çəkisi tam tükənəcək, trampçılıq bir siyasi dövr kimi başa çatacaq. Və əgər Respublikaçı partiyası 2028-ci il seçkilərinə daxili parçalanma ilə gedərsə, partiyanın birləşdirici, yeni liderə ehtiyacı olacaq.
Bəlkə də Ron DeSantis düşünür ki, həmin “ağ atlı oğlan” elə özü olacaq və məhz bu səbəbdən indidən artıq savaşa başlayır…