Rusiya ordusunun da cavab zərbəsi gecikməyəcək. Ümid edirəm nüvəyə əl atmazlar – Osman Gündüz

2-ci Dünya Müharibəsində almanlar Sibirə gəlib çata bilməmişdilər, Ukrayna isə İrkutskda hərbi əməliyyat keçirir
Baxıram bütün dünya mediası Ukraynanın Rusiyanın ucqarlarında yerləşən strateji obyektlərə amansız zərbə endirməsindən yazır.
Rusiyanın, Ukraynanın Teleqram kanalları baş verənləri “Rusiya Pearl Harboru” adlandırırlar .
Ukrayna kəşfiyyatının bir il ərzində hazırladığı bu əməliyyat nəticəsində dronların köməyilə Rusiyanın Murmanskdakı və hətta Sibirdə, İrkutsk şəhərindəki hərbi hava limanlarında xeyli sayda, 40-dək strateji bombardmançı təyyarələri yerindəcə məhv edilib.
Maraqlıdır ki, Ukrayna kəşfiyyatı xeyli əvvəlcə dronları mobil taxta konteynerlər vasitəsilə Rusiyaya gətirib və lazımi anda konteynerlərin qapaqları uzaq məsafədən idarə olunmaqla açılıb, dronlar havaya qaldırılıb.
Bildirilib ki, “Pautina” kod adlı bi əməliyyatın gedişinə şəxsən Prezident Volodimir Zelenski nəzarət edib, planı isə UTX-nin rəhbəri Vasil Malyuk həyata keçirib.
Bu, Rusiyanın, Rusiya hərbi elitasının, Rusiya ordusunun imicinə çox böyük zərbədir.
Hətta Rusiyanın hökumətə yaxın Telegram kanallarında təyyarələri anqarlarda gizlətməyə məsul olan bütün məsul şəxslərin güllələnməsi tələb edilir.
NATO ölkələrinin ekspertləri isə Rusiyanın bir anda xeyli sayda strateji silahlarının məhv edilməsini özlərinə qarşı təhdidlərin də azalması kimi dəyərləndirərək sevinirlər.
Güman ki, Rusiya ordusunun da cavab zərbəsi gecikməyəcək.
Ümid edirəm nüvəyə əl atmazlar.
Baş verənlər bir daha sübut edir ki, müasir dron texnologiyaları illərlə və böyük vəsaitlə qurulmuş hərbi gücü bir anda sıradan çıxara bilər. Bu, müharibənin qaydalarının köklü şəkildə dəyişdiyini bir daha göstərir.