Xaricdə yaşayan blogerlər və jurnalistlər barədə həbs qərarı

Qərarı Binəqədi rayon Məhkəməsi verib.
Ölkə xaricində yaşayan blogerlər Tural Sadıqlı, Orduxan Temirxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində həbs qətimkan qərarı çıxarılıb.
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan blogerlər haqqında mayın 31-də Binəqədi rayon Məhkəməsi qərar verib.
Almaniyada yaşayan Tural Sadıqlı Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 220.2 (kütləvi iğtişaşlara çağırış) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.
Digər bloger Orduxan Temirxan Niderland vətəndaşıdır. O Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaşlara çağırış) və 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar) maddələri ilə ittiham olunur.
Orduxan Temirxan haqqında 2018-ci ildə də Bakının Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbsli axtarış qərarı çıxarılmışdı.
Fransada yaşayan keçmiş rektor Elşad Abdullayevə qarşı isə Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), 213.1 (vergidən yayınma), 130.1 (insan orqanının transplantasiya məqsədilə qanunsuz götürülməsi) ittihamları irəli sürülüb.
Bundan başqa “Azadlıq” qəzetinin baş redaktoru, Fransada yaşayan Qənimət Zahid barəsində də qiyabi həbs qərarı çıxarılıb. Bu barədə jurnalist sosial şəbəkədə məlumat yazıb.
“Qiyabi həbs qərarlarının uzun bir siyahısı var artıq. Bu dəfə siyahıya daha üç nəfər əlavə edilib – Emin Əhmədbəyov, Natiq Ədilov və mən…”.
Natiq Ədilov da “Azadlıq” qəzetinin yazarıdır. O, bir neçə ildir Fransada siyasi sığınacaq alıb.
Keçmiş polis əməkdaşı olan Emin Əhmədbəyov Azərbaycanda həbsdən buraxılandan sonra ölkəni tərk edib. O, Fransadan yayımlanan “Azərbaycan saatı” Youtube kanalının aparıcılarındandır.
Bu ilin martında Azərbaycanın Baş Prokurorluğu bu ölkədən xaricə mühacirət etmiş bır sıra şəxsləri bir sıra cinayətlərdə şübhəli bilərək istintaqa çağırıb. (MeydanTV)