Zelenski: Ukrayna tam atəşkəs tələb edir

Ukrayna bütün cəbhə xətti boyunca tam, qeyd-şərtsiz atəşkəs tələb etməkdə davam edir.
Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın döyüş zonasının müəyyən ərazilərində 2-3 gün müddətinə təklif etdiyi atəşkəs rejimini şərh edərkən deyib.
Ukrayna lideri qeyd edib ki, ölkəsi atəşkəs məsələsi ilə bağlı gündəliyini dəyişməyib və qeyd-şərtsiz atəşkəs, əsirlərin mübadiləsi, uşaqların və mülki şəxslərin qaytarılmasını tələb edir.
Zelenskinin sözlərinə görə, rusiyalılar hələlik atəşkəs imkanını görmürlər.
“Onlar iki-üç günlük atəşkəsə hazırdırlar ki, ölüləri döyüş meydanından götürsünlər. Mən hesab edirəm ki, atəşkəs ölənlərin olmamasını təmin etmək üçündür. Yəni əhvali-ruhiyyəni görürsünüz – onlar üçün söhbət müharibədə qısa fasilədən gedir”, – Zelenski vurğulayıb.
Prezident həmçinin vurğulayıb ki, o, həqiqətən də amerikalı tərəfdaşlarından Senata sanksiyalar paketi göndərmək üçün ciddi addımlar atmalarını və rusiyalıları güclü sanksiyalarla atəşkəsə sövq etmələrini istəyir.