Həbsdə olan siyasi məhbus Ədliyyə nazirinə açıq məktub yazıb.

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal Ədliyyə naziri Fərid Əhmədova məktub yazıb.
Tacxeber.com olaraq məktubu təqdim edirik.
Keçmiş rektor və indiki Ədliyyə naziri Fərid Əhmədova keçmiş tələbəsi və hazırda “Toplum TV işi”ndə siyasi məhbus Əli Zeynaldan açıq məktub.
Keçmiş rektor Fərid Əhmədov, əslində bu yazdığım problemləri hazırda saxlandığım Bakı İstintaq Təcridxanasının rəisi, ədliyyə polkovniki Elnur İsmayılova və ya onun hər-hansı bir müavininə danışmaq istəyirdim. Bunun üçün dəfələrlə cəhd etsəm də, problemlərlə maraqlanan olmadı.
Yəqin ki, çox məşğuldurlar. Mən də dedim onları bu iş sıxlığında narahat etməyim. Halbuki, mənim barəmdə qurama hər-hansı bir şikayət və ya ərizə olanda, rəis, rəis müavinləri vaxt tapıb sıra ilə bir-bir qəbul edirlər.
Nə yaxşı ki, cərimə müəssisəsinə göndərilməyimlə bağlı əmr, qərar vermək üçün vaxt qrafikləri uyğun olur.
Hə, bu arada, sizin 7-8 nəfər konvoyunuz qollarım qandallı formada məni ora-bura “dartışdırdıqdan” sonra şikayət etmişdilər ki, guya mən o vəziyyətdə təkbaşına onları döymüşəm. Ərizəmi hələ də heç kim mənə göstərməyib, tanış olmamışam.
Amma “mənə deyilənə görə” təxminən belə idi.
Uzun sözün qısası, təcridxanadakı kameraların vəziyyəti ilə bağlı bəlkə siz vaxt tapıb təşrif buyurdunuz. Hə, “təşrif buyurdunuz” demişkən: təxminən 3-4 həftə əvvəl sizin müavininiz ya da nazirlikdən komissiya “təşrif buyurmuşdu”. “Təşrif buyurmaq” da nə “təşrif buyurmaq”. Özü də “yoxlama, nəzarət-təftiş” məqsədli.
Demək, bu sayğı-dəyər “yoxlama” gəlməzdən öncə II korpusun 12-ci kamerasında bir-iki ay öncədən hazırlıqlar başladı. Təmir-bərpa işləri görüldü, hətta yeni şkaflar qoyuldu, dibçəklər qoyuldu, divardan dağ mənzərəli, çay, təbiətin gözəlliklərini göstərən şəkillər, peyzajlar asıldı. Ha-ha-ha-ha-ha. “Yoxlamanın” “yoxlayacağı” yerlər, kameralar öncədən, (hətta aylar öncəsindən) bəlli imiş!
Halbuki, həmin o 12-ci kamera ilə üzbəüz 19-cu kameraya da “təşrif buyrulsaydı”, heç olmasa, 1-2 dəqiqəliyinə, mən sevə-sevə kanalizasiya sularının çirkləndirdiyi şəxsi əşyalarımızı, paltarlarımızı, yemək-içməklərimizi göstərərdim. Hətta iyrənən olmasa, yekə-yekə tarakanları da nümayiş etdirərdim.
Amma üzrlü sayın, nə qədər israr etsələr də döşəmənin altından, kanalizasiya borularından çıxan siçanlar haqqında danışmaq istəməzdim. Yalandan da olsa “yoxlamaya” gələnlərin dəhşətə düşməyinə könlüm razı olmazdı.
Nəisə, danışılacaq, göstəriləcək çox şey var, amma çox vaxtınızı almaq, narahat etmək niyyətim yoxdur. Keçmiş rektorum Fərid Əhmədov, məndən eşitmiş olmayın, amma çox təəssüf ki, bunu sizə deməliyəm: “yoxlamanızı” “yoxlayın”, “yoxlayanlarınızın yoxlanılmağa ehtiyacı var”.
Özünüzə yaxşı baxın, sağlıqla qalın…