• 06 İyun 2025 10:31

“Real”da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ

 “Real”da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ
Paylaş

May ayında MDB mediasında geniş rezonans doğuran bir xəbər yayıldı. Qazaxıstandan olan bir gənc xanım Madridin “Real” klubunda işə qəbul olundu. Bu xəbər sadəcə faktdan ibarət deyildi, sanki bir film süjeti idi.

Albina Bunesku İspaniyaya köçmək və təhsil almaq üçün Astanadakı mənzilini satmaq riskini götürmüş və nəticədə doğru seçim etmişdi.

Albina idman marketinqinə gəlişi və arzusu uğrunda necə riskə getməsi haqda Rusiya mətbuatına danışıb.

 

– Albina, “Real”a keçidiniz münasibətilə təbrik edirəm. Klubdakı hazırkı statusunuz nədir?

– Hazırda “Real Madrid University”də “Sport Marketing” üzrə magistraturanı bitirirəm. Dörd ən yaxşı tələbəyə klubun özündə karyeraya başlamaq imkanı verildi. Universitetlə klub arasında bağlanmış müqaviləyə əsasən bu, 3 aylıq qısamüddətli təcrübədir. Universitet bizi müxtəlif departamentlərə yönləndirdi. Mən isə sevindirici hal olaraq “Real”ın stadionunun (red – “Santyaqo Bernabeu”) marketinq departamentinə düşdüm. Çünki magistraturaya müraciət edərkən ilkin niyyətim məhz idman obyektlərinin idarə olunması barədə bilik qazanmaq idi.

 

– Marketinqdən idman marketinqinə keçmək fikri sizdə necə yarandı?

– Özüm üçün işləməyə başladıqdan sonra iki dəfə “Sport Fest Astana” sərgisini təşkil etdim. Birinci dəfə tək, ikinci dəfə şəhər marafonu ilə birlikdə. İlk layihələrim məhz idmanla bağlı idi. 2016-cı ildən bu sahəyə yönəldim, çünki bu sahədə artan maraq, inkişaf potensialı və auditoriyanın diqqəti var idi. O zaman anladım ki, bu istiqamətdə dərin bilik almaq və özümü sınamaq istəyirəm.

 

– Qazaxıstanda idman marketinqinin səviyyəsini İspaniya ilə müqayisə etsəniz​​​​​​​​​​​, nə deyərdiniz?

– Bizdə bu sahə yeni inkişaf mərhələsindədir. Maraq var, lakin peşəkar kadrlar çatışmır. İdman marketinqi hələ tam formalaşmayıb, amma İspaniyada bu artıq idman təşkilatlarının biznes modelinə daxil olan strateji vasitədir.

 

– İspaniyaya oxumağa getmək – hesablanmış qərar idi, yoxsa risk?

-Tamamilə riskli və avantürist bir qərar idi. Mənzilimi satıb bu vəsaiti təhsilə yatırdım, heç bir zəmanət olmadan. Ancaq istəyimə, iradəmə və intuisiyama güvəndim. İdman marketinqi üzrə oxumaq fikri məndə uzun müddətdir vardı.

Son qərarı verməyə səbəb isə “Roland Garros” oldu. Üç il əvvəl tennisə marağım artdı və turnirləri izləməyə başladım. Parisdə “Roland Garros”u izləyərkən sadəcə tamaşaçı yox, eyni zamanda marketoloq kimi də müşahidələr aparırdım. Bütün şəhər tennislə nəfəs alırdı. Bu tədbirin miqyası məni heyran etdi və xatırlatdı ki, bu sahə üzrə təhsil almaq köhnə arzumdur. Astanaya qayıtdıqdan sonra dərhal müraciət etdim.

 

– “Real Madrid University​​​​​​”də təhsil haqqı nə qədər idi​​​​​​​​​?

– “Sport Marketing” magistr proqramı üçün 22.000 avro ödədim. Bir il ərzində Madriddə yaşayış xərcləri ilə birlikdə ümumi büdcəm 50.000 avro oldu. Bu məbləğ Astanada yeni tikilidə ikiotaqlı bir mənzilə bərabərdir. Qiymətlər proqramdan, tədris formatından (onlayn/oflayn) və qəbul dövründən asılı olaraq dəyişir.

 

– “Real” niyə məhz sizi seçdi?

– Daha əvvəl dediyim kimi, dörd ən yaxşı tələbə arasında idim. Qiymətlər və layihələr üzrə nəticələrə əsasən klubda karyeraya başlamaq imkanı əldə etdik.

 

– İdman marketoloqunun sahib olmalı olduğu əsas üç bacarıq hansıdır?

– Strateji və qlobal düşüncə tərzi, qərar qəbul etmə bacarığı, güclü əlaqələr və şəbəkələşmə.

 

– Bir idman marketoloqu özünü necə inkişaf etdirməlidir?

– Mən “lifelong learning” – ömürboyu öyrənmə prinsipinə əməl edirəm. Dünya durmadan dəyişir, yeni imkanlar yaranır, yeni peşələr formalaşır. Bu da insana fərqli sahələrdə özünü sınamaq və inkişaf etmək imkanı verir.

Bakalavrı bitirənlərə məsləhətim budur: dərhal magistraturaya qaçmayın. Özünüzə vaxt verin, işləyin, maraq və istəklərinizi kəşf edin, sonra isə ikinci təhsilin istiqamətini seçin. (Valyuta)

 

Tacxeber.com 

Oxşar xəbərlər