Azərbaycanda üzərlik satışı qadağan oluna bilərmi? – “Marixuananın təsir xüsusiyyətlərinə oxşayır…”

Rusiyaya üzərlik otu gətirənlərin həbs olunacağı barədə xəbər müzakirə yaradıb. Tərkibində narkotik maddə “karnin” və “karmalin”in olduğu iddia edilən üzərliyin ölkəmizdə də satışının qadağan ediləcəyi məsələsi gündəmə gətirilib.
Bu barədə Pravda.az-ın suallarını cavablandıran həkim fitoterapevt Elnur Eldaroğlu isə deyib ki, üzərlik toxumu “peqanum harmala” adlanır və onun tərkibində kimyəvi aktiv maddələr var.
“Məsələn, harmin, harmolol, harmolin, peqanin… Bunlar metabolizma üzərindən təsir göstərə bilirlər. Eyni zamanda alkaloidlər, xüsusilə, harmolin monoaminoksidaza ingibitor üzərindən təsir göstərdiyinə görə halisugenetik problem – halisunasiya yarada bilər. Həmçinin mərkəzi sinir sistemi üzərindən stimulyator təsirlərinə görə bəzi sinir xəstəliklərində də istifadə olunur. Bir sıra Şərq ölkələrində epilepsiya, davamlı baş ağrılarında həmişə üzərliyin daha çox tüstüsündən istifadə edilib. Əslində, üzərlik toxumundan çox yaxşı boyaq maddəsi, yüzə qədər rəng almaq mümkündür. Həmçinin üzərliyin gövdəsindən alınmış maddələr hesabına sabun almaq olur. Tərkibində yod çox azdır. Üzərlikdən qadınlar üçün aksessuar -muncuq istehsalında da istifadə edirlər. Üzərlik toxumunu dəmləmək də mümkündür…” — həkim bildirib.