• 06 İyun 2025 12:02

Kədərli olan hər şeydən zəhləm gedir- Ulucay Akif Məmmədov

 Kədərli olan hər şeydən zəhləm gedir- Ulucay Akif Məmmədov
Paylaş

Kədərli mahnılara nifrət edirəm. Qulağıma hansısa kədərli bir musiqi dəyəndə, elə bilirəm ki, hardasa bir doğmamın qanı qaradı, nəyinsə dərdini çəkir.

Nənəmin iki gözü də tutulub neçə aydır. Tez-tez yadıma düşür bu həqiqət. Hətta nəyləsə başımı qatmağa çalışanda da bu həqiqəti beynimin dərinliklərindən çıxarıb ata bilmirəm.

 

Daha nənəm heç nəyi görmür. İşığı da görmür, qaranlığı da. Göz qapaqları açılır, yumulur, amma heç nə görmür. Danışıram, səsimə tərəf çevirir üzünü, mənə baxır, amma məni görmür.

Mənim otaqda olmadığımı düşünəndə də harasa baxır, gözlərini yumur, açır. İstəyirəm soruşum ki, hara baxırsan, canım nənəm, gözüm nənəm? Mənim üzümü yaddan çıxartmamısan ki? Nənəmin mənim üzümü unutmağından qorxuram.

İstəyirəm saçımı-saqqalımı uzatdığımı görüb deyinsin, ağzını əysin. Amma neçə aydır uzatdığım saçlarımı görmür.

 

Kədərli olan hər şeydən zəhləm gedir.

Bayaq fikirləşirdim, bilmirəm, bəlkə də, özümü aldadıram, amma mənə elə gəlir ki, özümə xoşbəxtliyi də heç özüm üçün arzulamıram, sadəcə, doğmalarım məni kədərli görməsin deyə xoşbəxt olmaq istəyirəm.

Məsələn, anam məni kədərli görməsin deyə xoşbəxtlik arzulayıram özümə. Bilirəm ki, xoşbəxt olmasam, anam da xoşbəxt olmayacaq. Yoxsa kədərli ya xoşbəxt olmaq arasında ciddi bir fərq görmürəm.

Tacxeber.com

Oxşar xəbərlər