Auditoriyalarda boş, bufetlər isə doludur – Onlayn təhsilə keçidin vaxtıdır?

Tələbələrin əksəriyyəti dərs saatlarını kənarda keçirməyə üstünlük verir. Yalnız qayıb limiti dolmağa yaxın dərslərə qayıdan tələbələrin sayı təəssüf ki, az deyil.
Bu prosesə nəzarət də çox vaxt formaldır. Belə olan halda “məcburi iştirak” prinsipi əslində nə dərəcədə effektivdir? Qayıb limitinin tətbiqi tələbənin təhsilinə necə təsir edir?
Tacxeber.com xəbər verir ki, bunula bağlı Azedu.az-a fikirlərini bölüşən təhsil eksperti Məzahir Məmmədli hesab edir ki, problemin kökündə sistemin natamamlığı dayanır:
“Azərbaycan Bolonya sisteminə keçsə də, bu keçid yarımçıq qalıb. Nə klassik sistemdən tam uzaqlaşa bilmişik, nə də Bolonyanın prinsiplərini tam tətbiq etmişik. Tələbənin biliyi onun auditoriyadakı oturacaq sayı ilə deyil, göstərdiyi nəticə ilə ölçülür. Amma bizdə hələ də davamiyyət əsas meyar sayılır və bu, tələbələrin narazılığına səbəb olur. Müasir dövrdə əsas diqqət bilik və bacarıqların qiymətləndirilməsinə yönəlməlidir. Bəzi tələbələr üçün dərsdə fiziki iştirakdan çox fərdi hazırlıq daha effektiv ola bilər. Bu halda davamiyyətə görə cəzalandırmaq düzgün deyil. Əsas olan nəticədir”.
Məzahir Məmmədlinin fikrincə, dərslərin müəyyən hissəsinin onlayn və ya çevik formada təşkili də gündəmdə saxlanmalıdır:“Bəzi fənlər var ki, onların onlayn sistemə keçirilməsi müzakirə olunur. Çünki bu dərslərdə müəllim sadəcə yönləndirici rol oynamalı, müəyyən resursları isə tələbə tapmalıdır. Bütün dünyanın buna uyğunlaşdığı bur zamanda biz də bu formaya keçid etməliyik”, – deyə ekspert fikrini yekunlaşdırıb.