Həbsdə olan jurnalist Fatimə Mövlamlıdan yeni məktub

“Həbsdə keçən 3-cü ayıma sözardı
“Fatimə Mövlamlı saxlanıldı” – bu xəbər başlığı çoxunuza tanışdır. Həyatımın son 7 ili bu başlıq altında keçib. Baxmayaraq ki, heç bir cinayət törətməmişdim, sadəcə öz işimlə məşğul idim.
Mən xəbər yazırdım onlar (hökümət) əsəbiləşirdilər.
Mən kameramın obyektivini səsi boğulan, haqqı kəsilən, danışmaq istəyən insanlara tərəf çevirirdim, özlərindən çıxırdılar.
Məni polis bölməsinə aparır, üstümə qışqırır, hədələyir, döyürdülər. Tüküm də tərpənmirdi, cin atına minirdilər.
Polislər kameramı əlimdən alıb, o gün hansı reportaja görə saxlanılmışamsa, onu cihazın yaddaşından silməyə çalışırdılar. Görəndə ki, mən polis bölməsinə çatana qədər reportajım və saxlanılmağımla bağlı xəbər artıq dərc olunub, əlimdən zəncir çeynəyirdilər.
Mənə öz mirzələrinə elədikləri kimi heç nəyi diqtə edə, “bunu yazma, bunu yaz”, “onu çəkmə, bunu çək” deyə bilmir, hirslərindən ölürdülər.
Məni susdurmağa çalışırdılar. Alınmırdı.
Məhz bu mənim həbsimi labüd elədi. Ona görə qaramaskalı əməliyyatçılar başımın üstünü kəsdirəndə qəti təəccüblənmədim. Heç bir kəlmə də demədim. “Siz kimsiniz?” , “Nə baş verir?” deyə soruşmadım. Çünki, nə baş verdiyini bilirdim – məni şərləyirdilər.
Amma onların xəbəri yox idi ki, əslində, peşə fəaliyyətimi davam etdirməklə bu həbsi özüm seçmişdim.
Bilmirdilər ki, azadlıqdakı son həftələrimi həbsimlə bağlı zarafatlar edə-edə keçirmişəm.
Bilmirdilər ki, uzunmüddətli həbs indiyədək məruz qaldığım təzyiqlərin içində ən dəhşətlisi deyil.
Onların bilmədikləri şeylərdən birini də indi deyim: Həbsimlə nəyə nail olmaq istəyirdilərsə, ona çata bilmədilər.
Həbsxana mənim üçün qorxulu yer deyil. Hətta o qədər ki, kimsə “necəsən?” deyə soruşanda “əla, heç elə bil türmədə deyiləm” cavabını verirəm.
Üzüm burada da gülür, kefim kökdür. Baş verən heç nə üçün məyus deyiləm. Buna çox qiymətli bir təcrübə kimi baxıram və bilirəm:
ƏN YAXŞI REPORTAJLARIMI HƏLƏ BUNDAN SONRA HAZIRLAYACAĞAM!”