• 06 İyun 2025 19:07

İcra başçısının 30 illik hökmranlığı bitir: Yerinə oliqarx təhsil müdiri hazırlanır

 İcra başçısının 30 illik hökmranlığı bitir: Yerinə oliqarx təhsil müdiri hazırlanır
Paylaş

Siyəzən Rayon İcra Hakimiyyətində yaxın aylarda rəhbər dəyişikliyi baş verəcəyi gözlənilir.

Tacxeber.com məlumatlı mənbələrə istinad xəbər verir ki, hazırkı icra başçısı Novruz Novruzov yaxın zamanlarda vəzifədən azad olunacaq və onun 30 illik hökmranlığına son qoyulacaq. Bununla bağlı artıq ölkə rəhbərliyinə müvafiq təqdimatın hazırlandığı bildirilir.

Mənbələrin iddiasına görə, Novruzovun yerinə olduqca sürpriz bir namizəd hazırlanır. İddiaya görə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev bu vəzifəyə təyin edilmək üçün bütün gücünü və əlaqələrini işə salıb. Bakıda yüksək vəzifəli məmurlar tərəfindən himayə edilən gənc məmura ilkin razılığın verildiyi qeyd olunur.

 

Coşqun Əliyevin tərcüməyi-halına və karyera yüksəlişinə nəzər saldıqda onun arxasında güclü bir əlin dayandığı bəlli olur.

O, 2023-cü ilin dekabr ayında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Onun təyinatı media və ictimaiyyətdə geniş tənqidlərə yol açıb. Məlumatlara görə, Əliyevin təhsil sahəsində peşəkar fəaliyyəti və pedaqoji təcrübəsi yoxdur.

Coşqun Əliyev ilk əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra atasının parkinq və istixana biznesinə nəzarət edən Coşqun əliyev, qəflətən Xızı-Abşeron Regional Təhsil İdarəsinin müdiri müavini vəzifəsinə təyinat alıb.

 

Mətbuatın yazdığına görə, regional idarə müdiri Əliyevin atası, sabiq məmur Vidadi Əliyev uzun illər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentində rəis müavini vəzifəsində çalışıb. Mətbuatda yayılan məlumatlara əsasən, Vidadi Əliyev bu vəzifədə çalışdığı müddətdə müxtəlif korrupsiya əməliyyatları ilə özünə sərmayələr toplayaraq dəyəri milyonlarla ölçülən biznes şəbəkəsi yaradıb. Bu biznes şəbəkəsinə Zirə qəsəbəsində yerləşən böyük pomidor istixanaları, yanacaqdoldurma məntəqələri və Yasamal rayonunda yerləşən klinika daxildir. Coşqun Əliyev də bir müddət atası Vidadi Əliyevin büdcə pulları hesabına yaratdığı şirkətlərdə çalışıb.

 

Əlavə olaraq, bəzi mənbələr Coşqun Əliyevin böyük biznes şəbəkəsinə sahib olduğunu bildirir. Məlumatlara görə, onun Xəzər rayonunun Zirə qəsəbəsində sahəsi hektarlarla ölçülən pomidor və xiyar istixanaları, Yasamal rayonunda klinikası və digər obyektləri mövcuddur. Bu obyektlərdən biri hazırda klinika kimi fəaliyyət göstərir.

Bu qədər geniş biznes imperiyasına sahib olması səbəbindən Coşqun Əliyev təhsil ictimaiyyəti arasında “oliqarx təhsil müdiri” kimi tanınır.

Onun həm təhsil sistemində, həm də özəl sektorda böyük təsir imkanlarına malik olduğu iddia olunur.

Xatırladaq ki, son illərdə təhsil sistemindən yerli icra strukturların çox sayda transfer təyinatlar baş tutub.

Tacxeber.com

Oxşar xəbərlər