• 06 İyun 2025 14:23

“İyrənc bir murdarlıq”: Mask Trampın ideyasını tənqid edib

 “İyrənc bir murdarlıq”: Mask Trampın ideyasını tənqid edib
Paylaş

“Trampın qanun layihəsi ABŞ-ı 2,5 trilyon dollarlıq borca sürükləyəcək…”

Amerikalı milyardçı, iş adamı İlon Mask ABŞ prezidenti Donald Trampın vergi və xərclərlə bağlı qanun layihəsini kəskin tənqid edib.

Tacxeber.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb. Məlumatı “rtvi.com” nəşri yayıb.

“Bağışlayın, amma artıq buna dözə bilmirəm. Konqresin bu hədsiz, təhqiramiz və lobbist maraqları ilə dolu xərclər qanun layihəsi iyrənc bir murdarlıqdır. Ona səs verənlərə ayıb olsun: siz düzgün qərar vermədiyinizi bilirsiniz. Bunu çox gözəl bilirsiniz”, – Mask yazıb.

Milyardçının fikrincə, bu qanun layihəsi “onsuz da nəhəng olan büdcə kəsirini 2,5 trilyon dollara (!!!) çatdıracaq və amerikalı vətəndaşları dözülməz bir borc yükü altında qoyacaq”. “Konqres Amerikaya müflislik gətirir”, – o,əlavə edib.

 

Trampın qeyri-rəsmi olaraq “vahid, böyük və gözəl qanun layihəsi” adlandırılan təşəbbüsü vergi güzəştlərinin müddətini uzatmağı və sərhəd mühafizəsinə milyardlarla dollar vəsait yatırmağı nəzərdə tutur.

Layihə Trampın ilk prezidentliyi dövründə – 2017-ci ildə qəbul edilmiş vergi qanununun əsas hissəsini qorumağa xidmət edir və bunu sosial təminat proqramlarında kəskin ixtisarlarla birləşdirir.

Qanun layihəsi fiziki şəxslərin gəlir vergisinin daha da azaldılmasını, uşaqlar üçün vergi kreditinin artırılmasını, çay pulu və artıq iş saatlarına görə ödənişlərdən federal verginin ləğvini nəzərdə tutur.

Maskın tənqidi ilə bəzi respublikaçılar, o cümlədən senatorlar Rend Pol və Mayk Li də razılaşıb. Onlar da xərclərin miqyası və bunun makroiqtisadi sabitliyə təsiri ilə bağlı narahatlıqlarını ifadə edib.

 

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson isə Maskın fikri ilə razılaşmayıb. “Bütün hörmətimlə deməliyəm ki, İlon bu “vahid, böyük və gözəl qanun layihəsi” məsələsində sadəcə olaraq yanılır. Bizim qanun layihəmiz seçkiqabağı vədləri və “Öncə Amerika” proqramını tam şəkildə yerinə yetirir, həmçinin 1,6 trilyon dolları aşan tarixi qənaət təmin edir.

O, sərhədlərimizin təhlükəsizliyini təmin edəcək, zəhmətkeş amerikalılar üçün tarixi vergi güzəştləri verəcək, Amerikanın enerji üstünlüyünü azad edəcək, xərcləri azaldacaq və güclə sülhü bərpa edəcək”, – Conson bəyan edib.

Ağ Ev isə Maskın tənqidləri ilə bağlı təmkinli reaksiya verib: mətbuat katibi Karolin Levit bəyan edib ki, “prezident Maskın bu qanun layihəsi ilə bağlı fikrini bilir” və “öz mövqeyində qalır”.

Tacxeber.com

Oxşar xəbərlər