Kosmosda “qışqırıq” eşidildi – Bir saniyədən az müddətdə Günəşin 100 min illik enerjisini yaydı

Alimlər Yer kürəsindən 13 milyon işıq ili uzaqlıqda yerləşən neytron ulduzunun fövqəladə parıltısını qeydə alıblar. Bu hadisə cəmi 0,16 saniyə davam etsə də, onun buraxdığı enerji Günəşin 100 min illik istehsalına bərabər olub.
Tacxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Farmingdale Observer” portalı məlumat yayıb.
Bildirilir ki, hadisənin mənbəyi – maqnetar (maqnit ulduzlar) adlanan neytron ulduzudur. Bu obyektlər kainatda ən güclü maqnit sahəsinə malik göy cisimlərindən sayılır. Onların maqnit sahəsi digər neytron ulduzlarından min dəfə güclü ola bilər.
“Maqnetar sanki kosmosda varlığını bildirmək üçün milyardlarla Günəş gücündə “qışqırıb”, sonra isə dərhal susub”, – deyə İspaniyanın Əndəlus bölgəsindəki Astrofizika İnstitutunun tədqiqatçısı Alberto X.Kastro-Tirado bildirib.
Fövqəladə enerji buraxımı “Sculptor” qalaktikasında baş verib. Hadisə Beynəlxalq Kosmik Stansiyada yerləşdirilmiş ASIM (Atmosphere-Space Interactions Monitor) cihazı vasitəsilə qeydə alınıb. Cihazın ötürdüyü məlumatlar əsasında alimlər bu nadir hadisəni dörd fazaya bölərək öyrəniblər.