Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Amerika Avtomobil Assosiasiyasının (AAA) keçirdiyi yeni sorğuya əsasən, elektrikli avtomobillərə maraq 2019-cu ildən bəri əhəmiyyətli dərəcədə azalıb. Bu geriləmə sektorda narahatlıq doğurur.
AAA-nın sorğusuna görə, ABŞ-də yetkinlərin cəmi 16 faizi növbəti avtomobillərinin elektrikli olmasını “ehtimal olunur” və ya “çox ehtimal olunur” kimi qiymətləndirib. Bu göstərici, 2019-cu ildən bəri ən aşağı səviyyəyə düşərək, elektrikli nəqliyyat vasitələrinə olan marağın nəzərəçarpacaq şəkildə zəiflədiyini göstərir.
2019-cu ildə amerikalıların 25 faizi elektrikli avtomobil alma ehtimalının yüksək olduğunu bildirmişdi. Bu azalma, daxiliyanma mühərriklərindən elektrikli nəqliyyat vasitələrinə keçidin sürətlənəcəyi gözlənilən bir dövrdə sənaye üçün mənfi siqnal kimi qiymətləndirilir.
Sorğuda iştirak edənlərin 63 faizi növbəti avtomobillərinin elektrikli olmayacağını və ya çox güman ki, elektrikli olmayacağını bildirib. Bu rəqəm 2022-ci ildə 51 faiz idi. Elektrikli avtomobillərə maraq göstərənlərin nisbəti isə 21 faiz səviyyəsində sabit qalıb. Marağın azalması, sektorda fəaliyyət göstərən şirkətləri qeyri-müəyyən bir gələcəklə üz-üzə qoyur.
Elektrikli nəqliyyat vasitələri niyə seçilmir?
Elektrikli avtomobil seçimində ən çox göstərilən səbəb yanacaq xərclərinə qənaət etməkdir. Sorğu iştirakçılarının 74 faizi elektrikli avtomobili yanacaq xərclərini azaltmaq məqsədi ilə alacağını bildirib. 59 faiz isə ətraf mühitlə bağlı narahatlıqları əsas səbəb kimi göstərib. Daha az rast gəlinən səbəblər arasında 22 faizlə texnologiyaya maraq və 10 faizlə bəzi ştatların benzinlə işləyən avtomobilləri qadağan edəcəyi ehtimalı yer alıb.
AAA, marağın azalmasının səbəblərini ətraflı açıqlamasa da, “Tesla” şirkətinin baş direktoru İlon Maskın son dövrlərdəki davranışlarının bu prosesə təsir etmiş ola biləcəyi düşünülür. Maskın siyasi baxışları və mübahisəli çıxışları, “Tesla”nın əsas hədəf auditoriyası olan liberal təmayüllü orta-yuxarı təbəqənin şirkətə olan münasibətinə mənfi təsir göstərmiş ola bilər. Xüsusilə Maskın məşhur bir konfransda əsl mişarla səhnəyə çıxması və bəzi dairələr tərəfindən nasist salamına bənzədilən hərəkətləri, “Tesla”nın imicinə zərbə vurub. Mask bu hərəkətləri inkar etsə də, izahları ictimaiyyəti kifayət qədər inandıra bilməyib.
Avtomobil qiymətləri düşəcəkmi? 2025 üçün proqnozlar nədir?
Nəticədə, “Tesla”nın satışlarında 13 faiz azalma, mənfəətində isə 71 faiz geriləmə qeydə alınıb. Bu vəziyyət, Maskın cəmiyyətə təsir edən qütbləşdirici obrazının, “Tesla”nın bazar payına mənfi təsir etdiyi fikrini gücləndirir. Onun imicindəki bu dəyişiklik təkcə “Tesla”ya deyil, ümumilikdə elektrikli nəqliyyat vasitələri sektoruna da zərbə vura bilər. (Qaynarinfo)