Tramp-Putin telefon danışığı: Zelenskidən sərt reaksiya – “Rusiya dünyaya nifrət edir”

“Rusiya diplomatik cəhdlərə qarşı açıq hörmətsizlik göstərir və dünyaya orta barmağını göstərir…” – Ukrayna Prezidenti Vladimir Zelenski
İyunun 4-də axşam saatlarında ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında bir saatdan çox davam edən telefon danışığı baş tutub. Əvvəlcədən elan olunmayan bu danışıqda əsas mövzular Ukraynadakı hərbi vəziyyət və İranın nüvə proqramı olub.
Tacxeber.com xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Deutsche Welle” nəşri məlumat yayıb.
Tramp: “Bu, yaxşı bir danışıq idi, amma sülh gətirməyəcək”
ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə bildirib ki, telefon söhbətində Ukraynanın Rusiya hərbi bazalarına hücumları və qarşılıqlı zərbələr müzakirə edilib. Onun sözlərinə görə, bu, “yaxşı bir danışıq” olub, lakin “dərhal sülhə səbəb olmayacaq”.
Tramp əlavə edib ki, Putin Ukraynanın son hücumlarına cavab veriləcəyini bildirib. Eyni zamanda İranın nüvə silahı ilə bağlı məsələnin təcili həllinin vacibliyi və bu prosesdə Rusiyanın da iştirak edə biləcəyi vurğulanıb.
Zelenskidən sərt cavab: “Rusiya diplomatiyanı təhqir edir”
Telefon danışığına reaksiya verən Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfini beynəlxalq diplomatik səylərə hörmətsizlikdə və dünyaya “orta barmaq göstərməkdə” ittiham edib.
Zelenski bildirib ki, müxtəlif ölkələr dəfələrlə Rusiya ilə dialoqa girsə də, bu cəhdlər nə müharibənin dayanmasına, nə də sülhə səbəb olub. Onun fikrincə, Putin cəzasızlıq psixologiyası ilə hərəkət edir və dəhşətli hücumlardan sonra belə yeni təxribatlar planlaşdırır.
Ukrayna lideri qeyd edib ki, hər yeni hücum və hər diplomatik gecikmə Kremlin dünyaya qarşı açıq hörmətsizlik nümayişidir. Əgər beynəlxalq ictimaiyyət bu təhdidlərə sərt cavab verməzsə, bu, Putinin gözündə “səssiz razılıq” kimi dəyərləndiriləcək.
İstanbul danışıqları və Rusiya tərəfinin təklifinə etiraz
İyunun 2-də İstanbulda baş tutan görüş zamanı Rusiya tərəfi Ukraynaya “meyitləri toplamaq üçün” 2-3 günlük atəşkəs təklif edib. Zelenski bu təklifi qətiyyətlə rədd edib, onu “təxribat” adlandıraraq müəlliflərini “yaramazlar” kimi dəyərləndirib. O bildirib ki, əsas məqsəd real atəşkəs və mülki insanların həyatını qorumaqdır.
Kreml sözçüsü Dmitri Peskov isə Zelenskinin sözlərini “nəzakətsiz” və “danışıqların ruhuna uyğun olmayan” kimi qiymətləndirib.
Kreml: “Tərəflər arasında fikir ayrılığı azalır”
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Tramp Rusiyaya qarşı hücumlardan əvvəlcədən məlumatlı olmayıb. Uşakov əlavə edib ki, Putin Trampa Ukraynanın İstanbul danışıqlarını pozmaq niyyətində olduğunu deyib, lakin Moskvanın bu təxribatlara uymadığını vurğulayıb. Kreml danışıqların davam edəcəyinə ümid etdiyini açıqlayıb.
Tramp və Putinin qəfil telefon danışığı beynəlxalq səviyyədə geniş rezonans doğurub. Zelenskinin emosional və sərt çıxışı isə Rusiya ilə aparılan danışıqlara inamın azaldığını və dünya birliyindən daha ciddi mövqe gözlədiklərini göstərir.
Tacxeber.com