Rusiya milyarder Maska niyə siyasi sığınacaq təklif etdi – Pulun və informasiyanın gücü…

Bu yaxınlarda “Qumarbaz” ( 2014 il) filminə baxırdım. Bir epizod xüsusi təsir bağışladı. Bir maliyyəçi yaşlı kişi filmin qəhrəmanı qumarbaza pul haqqında danışır və deyir ki, rahat yaşamaq üçün kifayət qədər pulu və heç kəsdən asılı olmayaraq gəlir mənbəyi olan adamı iş yerində müdür danlamağa başlayanda, o ayağa qalxır və çəkinmədən şefə “ get, rədd ol ee…”( orijinalda söyüş çaları daha güclüdür) deyib, kabineti tərk edə bilir. Və həyatında bu cür hallar baş verdikcə, rahat şəkildə hər kəsə o deyimi səsləndirir. Yəni, pulun mövcudluğu insanın sərbəst davranışı üçün ciddi amildir. İllər öncə Rusiyanın məşhur teleaparıcısı Vladimir Poznerdən müsahibə götürən jurnalist ona belə bir sual ünvanlamışdı:” Sizi televiziya kanalları ilə hər zaman qonorar üstündə dava edən bir şəxs kimi tanıyırlar. Nədən belə edirsiniz? Pul Sizin üçün nədir?” Pozner: ”Pul mənim üçün azadlıqdır. Mən də azad olmağı sevirəm”. Erix Mariya Remark daha qəti mövqedədir: ” Pul azadlıqdır. Azadlıq isə həyatdır”. Əlbəttə, “pul azadlıqdır” fikri birmənalı qarşılanmır, amma həqiqət payı çoxdur. Hətta, “ədalət” kimi bəşəri bir anlayışın bərqərar olması, öz yerini tapması üçün pulun, sərvətin önəmli rol oynadığı dünya ədəbiyyatının klassik nümunələrində də öz əksini tapıb. Aleksandr Dümanın “Qraf Monte Kristo” əsərində haqsızlığa, ədalətsizliyə məruz qalan Edmon Dantes məhz abbat Farianın ona anlatdığı xəzinəyə sahib olandan sonra qisasını alıb ədaləti bərpa edir. Dantes 14 il həbsdə qaldğı İf qalasından qaça bilərdi, amma xəzinə olmasaydı, ona qarşı ədalətsiz hərəkət edənləri cəzalandıra bilməyəcəkdi.
İlon Mask vətəndaşı olduğu dünyanın ən güclü dövlətinin başçısına- Donald Trampa faktiki olaraq “rədd ol ee..” dedi. İlon Mask sərvətinə görə dünyanın ən zəngin adamıdır və son bir ilə yaxındır ki, Trampın silahdaşı idi. Tramp da onu əvvəllər “dahi”, indi isə “dəli” adlandırır. Bu qarşıdurmada İlon Maskın mövqeyini güclü edən ilk növbədə onun milyarder olmağıdırsa, paralel olaraq onun Tramp haqqında malik olduğu “ifşaedici materiallar”apardığı mübarizədə əlini daha güclü edir. Xüsusilə, məlum Cefri Epşteyn cinayətləri ilə əlaqədar olması ilə dedikləri. Bütün bu detallar bir daha sübut edir ki, dünya xüsusi xidmət orqanlarının vəzifəsinin başında da məhz qabaqlayıcı informasiyaların əldə olunması və yaxud cəlbetmə üçün yeri gələndə ifşaedici materialların vacibliyi durur. Qeyd edək ki, bəzən, bəlkə də çox vaxt informasiyanı da, ifşaedici materialları da əldə etmək üçün pul əsas rol oynayır.
Eyni zamanda Maskın səsləndirdiyi iki təklif də bir qarışıqlıq yaradıb. Birincisi, Trampın impiçmentinə dəstək olması ilə bağlı dedikləri müxalif demokratları daha da fəallaşdırcaq. İkincisi, Trampın impiçmentindən sonra hakimiyyətin vitse prezident Vensə verilməsi barədə dediklri də Tramp komandasında parçalanma meyllərinin artmasına səbəb ola bilər. Ardınca “ Tramp keçicidir, mən qalıcıyam” deməklə, hələ qarşıda Trampsız çox işlərin olduğuna və özü kimi bir pullunun vacibliyinə işarə vurub. Milyarderin perspektivdə “Amerika “adında yeni siyasi partiya yaradacağı və ABŞ siyasətinə yeni güc mərkəzi gətirəcəyini deməklə, yaxın gələcək üçün ambissiyalı bir siyasətçi olacağını bəyan etmiş oldu. İstənilən cəmiyyətdə isə pula meyllilik özünü bütün sahələrdə, o cümlədən siyasətdə də özünü sübut edib.
Amma, Tramp və Maskın hər ikisini birlikdə Ukraynaya olan ədalətsiz münasibətə görə tənqid etmək, hətta ittiham etmək olar. Trampın Ukraynaya atəşkəs vədinin arxasında da pul amili dayanır. Öncə, nadir mineral ehtiyatların istismarına imza atdırmağı tələb edir. Ukraynaya verdiyi vədi yerinə yetirə bilməyən Trampın yeganə uğuru ərəb ölkələrindən 3 trilyon dollardan artıq vəsaitin ABŞ-a yatırılmasıdır. Tramp üçün əsas məsələ Amerikaya pul qazandırmaqdır. “Pautina” əməliyyatından sonra Rusiyanın görünməmiş hücumları nəticəsində çoxsaylı mülki şəxslərin ölməsi və yaralanmasına, dağıntılara münasibət bildirən Tramp ənənəsinə sadiq qalaraq yenə Ukrayna tərəfini bu hücumlara bəhanə verməkdə qınayıb. Rusiyaya qarşı hazırlanan sanksiya layihəsinin müəllifi olan senatorları isə məxvi şəkildə Ağ Evin təzyiqinə məruz qoyub. Ona görə ki, Putinə müharibə aparmaq üçün ilk növbədə pul lazımdır. Napoleon zamanında həqiqəti deyib: ” Müharibə aparmaq üçün mənə üç şey lazımdır: birincisi pul, ikincisi pul, üçüncüsü pul”. Mask da bu müddətdə heç vaxt Ukraynanı müdafiə etməyib. Bunu bilən Rusiya isə Tramp-Mask qarşıdurmasından yararlanmaq üçün tələsik Maska siyasi sığınacaq verəcəyini bildirib. Bəşər Əsədin milyonlarına sahib çıxmaq üçün təyyarə ilə onu qaçıran Kreml fürsəti bu dəfə də əldən qaçırmaq istəmir və dünyanın ən zəngin adamını yanına çəkmək istəyir. Səbəb, təbii ki, yazının əvvəlində qeyd etdiyimiz kimi.., puldur. Dünyada baş verən müharibələr də, cinayətlər də pulun üstündədir.
Digər tərəfdən unutmaq lazım deyil ki, insan üçün pul həm də asılılığın, köləliyin səbəbi və həqiqi xoşbəxtliyin harada olduğunu bilməyin yolunda Çin səddidir.
İlham İsmayıl,
(Musavat.com)
Tacxeber.com