Ermənistanda müxalifət Paşinyana qarşı impiçment prosesinə başlayıb

Baş nazirin dəyişdirilməsi üçün 54 səsə ehtiyac var
Ermənistan parlamentindəki müxalif “Mənim şərəfim var” fraksiyası Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinə başlamaq qərarına gəlib.
Bu barədə “TASS” fraksiyanın bəyanatına istinadən məlumat yayıb.
Fraksiya Baş nazir vəzifəsinə Masis şəhərinin meri David Hambardzumyanın namizədliyini irəli sürmək niyyətindədir. Respublikanın üçüncü Prezidenti (2008-2018) Serj Sarkisyana bağlı olan “Mənim şərəfim var” fraksiyası parlamentdə 6 mandata malikdir, lakin təşəbbüsün qanunverici orqanın gündəliyinə daxil edilməsi üçün 36 səs lazımdır.
Respublikanın ikinci Prezidenti (1998-2008) Robert Köçəryanın müxalif “Ermənistan” fraksiyası artıq bəyan edib ki, 8 səs toplanacağı təqdirdə bu sənədə 28 imza atmağa hazırdır. Ermənistan parlamentində Paşinyanın “Mülki müqavilə” fraksiyasından ayrılmış 2 deputat da var, lakin onlar bu sənədə imza atmayacaqlarını bəyan ediblər.
Təşəbbüs parlamentin gündəliyinə salınsa belə, Baş nazirin dəyişdirilməsi üçün 54 səsə ehtiyac var. (MeydanTV)