45 il sonra ədalət yerini tapdı, Norveç hökuməti təzminat ödəyəcək – FOTO

Norveçdə 45 ildir davam edən ədalət mübarizəsi yekunlaşıb.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, yekunda Norveç dövlətinin təzminat ödənilməsinə qərar verilib.
Belə ki, 27 mart 1980-ci ildə Norveçin Stavanqer sahillərindəki Ekofisk neft yatağında fəaliyyət göstərən “Alexander Kielland” adlı üzən yaşayış platforması şiddətli fırtına zamanı aşıb. Hadisə zamanı müxtəlif ölkələrdən 123 nəfər həyatını itirib.
Platforma Fransada tikilib və ekspertiza nəticəsində müəyyən edilib ki, qəzaya səbəb tikinti zamanı baş vermiş konstruksiya çatı olub. Lakin platformanın lazımi səviyyədə saxlanmadığı və lazımi qaydada sabitlənmədiyi iddiaları sonradan gündəmə gəlib.
Qəzadan sonra bəzi zərərçəkənlər platformanı işlədən şirkətdən təzminat alıblar. Lakin Norveç dövləti məsuliyyəti öz üzərinə götürmədiyi üçün hadisə illərlə müzakirə mövzusu olaraq qalıb. Ailələr və sağ qalanlar, dövlətin də öz məsuliyyətini qəbul etməli olduğunu iddia edərək, illərlə hüquqi və ictimai mübarizə aparıblar.
Norveç Parlamenti cüzi fərqlə də olsa, kompensasiyanın ödənilməsinə səs verib. Bu qərar parlamentdəki bəzi müxalifət partiyalarının və “Kielland Network” təşviqat qrupunun uzun illər səylərindən sonra qəbul edilib.
Stavanqer Universiteti tərəfindən 2025-ci ildə nəşr olunan bir araşdırma, fəlakətdən zərər çəkənlərin rəsmi qurumlar tərəfindən tərk edildiyini ortaya qoyub.