Rusiya – Ukrayna cəbhəsində vacib hadisə baş verib.

BİLD nəşri yazır ki, Ukrayna gözlənilmədən hava döyüşündə qələbə qazanıb: Belə ki, hava döyüşü zamanı Ukraynaya məxsus F-16 qırıcısı təyyarəsi Rusiyanın Su-35 təyyarəsini məhv edib.
Ukrayna hava döyüşündə tarixi bir qələbə qazanıb: Qərb istehsalı F-16 qırıcı təyyarəsi ilk dəfə olaraq Rusiya istehsalı “Flanker” Su-35-i vura bilib. Döyüş dünən Ukraynanın şimal-şərqində baş verib. Sumı vilayətinin müdafiəsi çərçivəsində Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ölkə daxilində və qonşu Kursk vilayətindəki mövqelərinə aviazərbələr endirib.
Cavab olaraq, Rusiya Hərbi-Kosmik Qüvvələri havada üstünlük əldə etmək üçün yüksək texnologiyalı Su-35 qırıcı təyyarəsini döyüşə göndərib ki, Ukrayna təyyarələrini məhv etsin.
Lakin rus pilot pusquya düşdüyündən xəbərsiz olub: Belə ki, ABŞ istehsalı olan F-16 ilə birlikdə havaya qalxan İsveçin Saab 340 AEW&C radar təyyarəsi Su-35-i sərhəddən 200 – 300 km məsafədə aşkar edərək koordinatları F-16-ya ötürüb.
ABŞ-ın F-16 qırıcısı AIM-120 raketini buraxıb və Su-35 Rusiya ərazisində, Kursk vilayətinin Korenevo şəhəri yaxınlığında, sərhəddən 16 km aralıda vurulub. Pilot katapult edərək xilas ola bilib. Ukrayna qırıcıları itkisiz şəkildə bazaya qayıda biliblər.
Burada əsas məsələ İsveçin AWACS sistemidir. Bu sistem rus təyyarələrini yüzlərlə kilometr uzaqlıqdan aşkar edir və F-16 raketlərini real vaxtda yönləndirir. Su-35 heç ona hücum edildiyini belə bilməyıb.