Məhkəmədə üzə çıxıb ki, təqsirləndirilən şəxslərə qarşı bir dənə də olsa ifadə, maddi sübut, qanuni sənəd yoxdur
İyunun 10-da “Abzas Media işi” üzrə təqsirləndirilən jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı ediblər, jurnalist Hafiz Babalı isə son sözünü deyib.
İş üzrə müdafiə çıxışı edən bütün vəkillərin ittiham aktına və iddia olunan cinayət əməllərinə münasibətləri oxşar olub, onlar bütün ittihamların qondarma olduğunu bildiriblər.
Müdafiəçilər deyiblər ki, bu cinayət işi təqsirləndirilən Məhəmməd Kekalovun ifadəsi əsasında qurulub, ancaq o, istintaqda ifadəsini təhdid altında uydurduğunu bildirib. Məhəmməd Kekalov bundan əvvəlki məhkəmə proseslərində istintaqdakı ifadəsindən imtina edib.
Vurğulanıb ki, cinayət işi Kekalovun ifadəsi əsasında qurulsa da, Ülvi Həsənli ondan əvvəl həbs edilib. Müdafiəçilər sual ediblər ki, istintaq Kekalovu həbs etməmiş və ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?
Bununla bərabər, qeyd olunub ki, cinayət işi qaçamalçılıq ittihamı üzrə açılsa da, tutulanların heç biri ölkə sərhədini keçərkən qanunsuz əmlakla saxlanılmayıb və onların üzərlərindən, yaşadıqları mənzillərdən də bu cür maddi sübutlar aşkar edilməyib.
Müdafiəçilər bildiriblər ki, cinayət işində təqsirləndirilən şəxslərin tamah məqsədilə qanunsuz sahibkarlıq və qanunsuz əmlakı leqallaşdırma cinayəti etdikləri qeyd olunub, ancaq, bu da absurddur. (Azadlıq Qəzeti)