Ermənista-Azərbaycan və Rusiya-Ukrayna konfliktləri – Elxan Şahinoğlu

Qarabağı hələ də “mübahisəli ərazi” kimi təqdim edən ölkə Azərbaycanın strateji tərəfdaşı olmadığı kimi bu ölkəyə heç bir halda Xankəndidə konsulluq xidməti açmağa yaşıl işıq yandırıla bilməz. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova prezidentin köməkçisi Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara “tamamilə fərqli bir məna verməməyə” çağırıb.
Biz konteksdən heç nə çıxarmırıq və faktları təhrif etmirik. Prezidentin köməkçisi “Russia Today” kanalına müsahibəsində bunu deyib: “Əgər Rusiya-Ukrayna cəbhə xətti boyu münaqişə dayandırılarsa və əsl sülh əldə olunmazsa, sadəcə olaraq hansısa atəşkəs bağlanılarsa, bu, – bilirsiniz, Ermənistanla Azərbaycan arasında mübahisəli bölgə, Qarabağ kimi – bu zaman bu bölgə nəhəng Qarabağa çevriləcək”. Yəni Medinski demək istəyib ki, Rusiya ilə Ukrayna arasında atəşkəs olarsa, Kreml istəyinə nail ola bilməyəcək və Donbass Qarabağ kimi “mübahisəli əraziyə” çevriləcək. Bu baş verməsin deyə Kreml Ukraynada məsələni “köklü” həll etmək istəyir.
Birincisi, Azərbaycan Qarabağı işğaldan azad edib, Rusiya isə Donbası işğal edib. İkisi arasında ən böyük fərq budur.
İkincisi, keçmiş işğalçı dövlət olan Ermənistanın hakimiyyəti müharibədən sonra Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, Ukrayna isə işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu qəbul etməyib.
Bir məqamı da nəzərə almalıyıq ki, Medinskinin Qarabağla Donbass arasında apardığı uğursuz müqayisə yalnız onun beyninin məhsulu deyil, köməkçisi olduğu şəxs də onun kimi düşünür, sadəcə Azərbaycan ordusunun qələbəsi Kreml sahibinə reallığı qəbul etməyə məcbur edib. Ancaq belə bir adamın bir gün reallığı dəyişmək istəmədiyindən əmin ola bilmərik.