• 22 Aprel 2025 03:25

Putinin elan etdiyi “atəşkəs”in pərdəarxası tərəfləri.

19 aprel saat 18:00-dan 20 aprel saat 00:00-a qədər Rusiya prezidenti Vladimir Putin “atəşkəs” elan etmişdi və Rusiya Silahlı Qüvvələrinə atəş açmamaq əmri verilmişdi. Təbii ki, bu dövrdə tam atəşkəs təmin olunmadı – rusiyalılar lokal miqyasda olsa da, atəşkəsi pozurdular. Lakin intensivlikdə nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunurdu. Bu hadisənin əsl mahiyyəti isə detallar və diplomatik nüanslarda gizlənir.

 

Belə addımları hərbi-siyasi yox, geosiyasi prizmadan qiymətləndirmək lazımdır. Bu qiymətləndirmədə diplomatik incəliklərə xüsusi diqqət yetirmək mühümdür.

Ən vacib diplomatik nüans ondan ibarətdir ki, Putin atəşkəsi birtərəfli qaydada, yəni Ukrayna ilə heç bir razılaşma əldə etmədən elan edib. Bu nə deməkdir və Putin bununla dünyaya hansı mesajı verir?

 

Bu suala cavab verməzdən əvvəl başqa bir mühüm siyasi-diplomatik detalı da nəzərə almaq lazımdır: Putin hazırda davam edən müharibəni “müharibə” olaraq adlandırmır, onu ya “xüsusi hərbi əməliyyat”, ya da “Ukrayna böhranı” kimi təqdim edir. Niyə?

 

Bütün bu sualların cavabı eynidir: Putin dünyaya göstərmək istəyir ki, Ukrayna ilə mövcud “problem” Rusiyanın daxili işidir. Yəni o, Ukraynaya dövlət kimi yanaşmır, de-fakto Rusiyanın vilayəti kimi baxır. De-yure müstəqil dövlət olsa da, Putin Ukraynanın Rusiyanın geosiyasi təsir dairəsinə aid olduğunu və orada baş verən hər hansı böhranın Rusiyanın daxili işi sayıldığını mesaj verir.

 

Məsələn, hər hansı dövlətin öz ərazisindəki terror qruplarına, separatçılara və ya qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı əməliyyatlar zamanı istənilən an hərbi fəaliyyətləri dayandırması və ya müvəqqəti atəşkəs elan etməsi beynəlxalq hüquqa zidd deyil. Lakin iki suveren dövlət arasında müharibə şəraitində müvəqqəti atəşkəsin elan olunması yalnız bütün tərəflərin razılığı ilə mümkündür.

 

Digər diqqətəlayiq məqam isə atəşkəsin elan olunduğu tarixin – Pasxa bayramının – təsadüfi seçilməməsidir. Xristianların müqəddəs bayramı olan Pasxa xüsusilə ABŞ-da böyük önəm daşıyır. Putinə rəğbətlə yanaşan respublikaçıların əksəriyyəti dindar elektoratdan ibarətdir və bu simvolizmin onlar üçün xüsusi anlamı var. Şübhəsiz ki, Putinin “atəşkəs” mesajının əsas ünvanı ABŞ və onun siyasi elitası idi.

 

Respublikaçılar bu addımı müsbət qarşıladılar. Hətta ABŞ-ın əsas media platformalarından biri olan FOX News bu təşəbbüsü təqdir etdi. Amma Avropanın reaksiyası fərqli idi.

Ən önəmli informasiya savaşı isə bu dövrdə Ukrayna tərəfindən aparıldı. Ukrayna informasiya resursları rusların atəşkəsi pozduğu bütün halları anında qeydə alıb işıqlandırırdılar. Bu məlumatlar sürətlə yayılaraq Avropa ictimai rəyinə çatdırılırdı.

 

Ukrayna bu strategiya ilə diplomatik müstəvidə Rusiyanın yaratmaq istədiyi “xoşməramlı atəşkəs” imicini zədələməyə çalışırdı və bu cəhdlər uğurlu oldu.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər