• 24 Aprel 2025 17:46

200 dollarla 20 yaşında ABŞ-də həyat qurmağa getdi – “Google”, NVİDİA, “Meta”da işlədi

Tacxeber.com Valyuta.az-ın ABŞ-də TD SYNNEX İT şirkətinə daxil olan “Hyve Solutions”da proqram meneceri işləyən Elgün Əliyev aldığı müsahibəni təqdim edir.

 

E.Əlisoy daha öncə “Facebook”, “Google”, “NVİDİA”, “Meta” kimi qlobal şirkətlərdə müqavilə ilə çalışıb.

O, 2009-2013-cü illərdə Kaliforniya Dövlət Universitetində turizm sahəsində bakalavr, 2021-2023-cü illərdə Georgetown Universitetində  təchizat zəncirinin idarə edilməsi üzrə magistr təhsili alıb.

 

– Elgün bəy, Linkedin profilinizə baxdım, Azərbaycanda təhsil almamısınız. Məktəbi bitirəndən sonra ABŞ-yə getmisiniz?

– Mən Sumqayıtda böyümüşəm, orta məktəbi oxumuşam. “Flex” proqramı ilə orta məktəbin bir ilini ABŞ-də təhsil aldım. Belə desək, 12-ci sinfi ABŞ-da oxudum. Orada bir amerikan ailəsində qaldım. Həmin müddətdə məndə ABŞ-a qarşı bir sevgi yarandı. Həm mühit, həm də təhsil, məktəb ortamı xoşuma gəlmişdi. Düşündüm ki, ali təhsilimi mən bu ölkədə almaq istəyirəm. Proqram bitəndən sonra orda qala bilməzdim, Azərbaycana qayıtmalı idim. Gəlib, Azərbaycanda universitetlərə qəbul imtahanında iştirak etdim və 505 bal toplayıb Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinə qəbul oldum. Ödənişsiz təhsil alırdım, amma ağlım Amerikada təhsildə qalmışdı. 2-ci kursun imtahanlarına belə girmədim, ABŞ-yə getdim.

 

“Sinif yoldaşımdan borc götürüb bilet almışdım”

Belə məqamlarda valideynlər övladları ilə razılaşmırlar. Deyirlər ki, diplomunu al, sonra gedərsən.

– Tarixi sevirəm, indi də tarixlə maraqlanıram, amma karyeramı o sahədə görmürdüm. Üstəlik, ABŞ-də oxumaq xəyalım var idi. Valideynlərim də bunu bildikləri üçün etiraz etmədilər. Valideynlərim uzaqgörən adam idilər. Dedilər get gör nə edə bilirsən. Çünki bir il orda yaşamışdım. Düşündülər ki, ingilis dilini bilir, o mühitdə olub, yəqin baş çıxaracaq.

 

– 2-ci kurs tələbəsi ABŞ-yə necə getdi? Maliyyəniz var idi?

– Yox, ciddi maliyyəm yox idi. Sinif yoldaşımdan borc götürüb bilet almışdım. 200 dollar da cibimə qoydu, getdim. Sonra təbii ki o borcları qaytardım.

 

 

– 200 dollarla ABŞ-də həyat qurmağa necə başladınız?

– 2004-cü ildir, Nyu-Yorkda hava limanına düşdüm. ABŞ-dəki sinif yoldaşımın telefon nömrəsini götürmüşdüm. Mənə pul verib yola salan uşaq ya nömrəni səhv yazmışdı, ya da nə isə problem oldu, hava limanından nömrəni yığıram və düşə bilmirəm. Bir az da plansızlıq da etmişdim. Heç olmasa çıxmamışdan öncə e-mail yaza bilərdim. Hava limanında qaldım. Ora-bura baxıram. Yuxarıdan bir türk qışqırdı ki, türkmüsün? Dedim sənin qadan alaram, türkəm (Gülür). Sən demə, o qədər həyəcanlı olmuşam ki, kənardan hiss edilib. 20 yaşım var idi, nə yaşım var idi ki.

Taleyin işinə bax, bu adam mənim axtardığım sinif yoldaşımın müdiridir. Dedi ki, kimsən, nəçisən? Dedim sinif yoldaşım var, Məcid, onun nömrəsi ilə əlaqə saxlaya bilmirəm. Dedi hansı Məcid? Dedim Əliyev Məcid. Dedi ki, bazarda mağazam var, Məcid orda işləyir. Bəxtim gətirdi Məcidi tapdım və onlara getdim və sonra “Dunkin Donuts”da gecə növbəsində iş tapdım və yavaş-yavaş başladım.

 

“Həftədə 60 saat işləməklə təhsil xərclərimi ödəməyə çalışırdım”

– Maliyyəsiz getmişdinizsə, sonra orda təhsil almağınız necə oldu?

– Sonra “Community College”də (İcma kolleci) oxumaq üçün Luiziana ştatına getdim. Proses belə idi ki, 2 il illik icma kollecində oxuyursunuz, ardınca isə 2 illik universitet təhsili ilə bakalavr dərəcəsi qazanırsınız. Həftədə 60 saat işləməklə təhsil xərclərimi ödəməyə çalışırdım. Qaz stansiyalarında işlədim. 4 semester oxudum, amma işləməyə fokuslanırdım deyə, dərslərim axsayırdı. Universitet vaxtı bir dəfə valideynlərdən pul aldım, amma sonra almamağa çalışdım. Ona görə təhsili yarımçıq qoyub Kaliforniyaya köçdüm.

 

– İşləriniz qaydasına düşəndən sonra yenidən təhsil almaq qərarı verdiniz?

– Təhsili yarımçıq qoysam da, universitetdə oxumaq həvəsi içimdə ölməmişdi. Axı mən ABŞ-də universitet oxumağı xəyal edirdim. Bir az işlərim düzələndən sonra Sakramentoda dostlarla bir yerdə bir iş də qurduq. Telefon aksesuarları mağazası idi. Sonra Kaliforniyada “Community college”də oxumağa başladım. Həm biznesim var idi, həm də turizmlə bağlı təhsil alırdım. Planım Azərbaycana qayıdıb çalışmaq idi. 2013-cü ildə universiteti bitirdim. Amma o təhsilimi də yarımçıq qoyma ehtimalım yaranmışdı. Deməli, bizim biznesin yanındakı binanı bir nəfər yandırdı, bizim mağaza da yandı. Yenidən özümüzə gəlməyimiz çətin oldu. Təhsilimi onunla idarə edirdim. İndi mağaza yox idi. Yenə təhsilimi yarımçıq qoyub işləməyə başlamaq fikrinə düşdüyüm də oldu, amma davam etdim.

 

– ABŞ-da mağaza açmaq üçün lazım olan məbləğiniz var idi?

– 18 min dollar lazım idi. 3 nəfər adama 6 min qoyub başladıq. 3 min dollar yığmışdım, 3 minini də kredit kartından çəkmişdim. 2009-cu ildən danışıram. Həm rəhbər idim, həm də məkanı işlədən ortaq olmuşam. Ona görə özümə maaş da yaza bilirdim. Bu şəkildə özümü idarə etdim və təhsilimi başa vura bildim. Və qərar verməli idim ki, Azərbaycana gedim, yoxsa qalım? Sonra qərarım qalmaq oldu.

 

– Qayıtma səbəbiniz nə idi?

– Həmin vaxt atam, qardaşım və bacımın həyat yoldaşı bir yerdə işləyirdilər. Mənə çox maraqlı gəlirdi, istəyirdim gəlib onlarla bir yerdə işləyim. Sonra ayrılıb hərəsi bir yerdə işlədi və qayıtmaq fikrindən daşındım (Gülür).

 

– Həm də hər şey qaydasına düşənə qədər çətinlik çox olub və ona görə paraleldə “Bəlkə qayıdım” kimi də düşünmüsünüz.

– İndi danışdıqca asan gələ bilir, amma ABŞ-yə heç bir maliyyə dəstəyin olmadan getmək, işləyib oxumaq çətin idi. Elə bilirsən həyat elə budur. 25 yaşım var idi və o dövrdə çətinliklərlə davam etmək asan deyildi.

 

“Sonra gördüm ki, otelçilik mənlik deyilmiş”

– Universiteti bitirəndən sonra otel sektorunda işləyirsiniz, amma sonra turizmdən uzaqlaşırsınız.

– 2013-cü ildə universiteti bitirəndən sonra 3 il otellərdə işlədim. Gecə növbəsi auditi işini görürdüm. Yaxşı iş idi. Həm maliyyəni öyrənirsən, həm də müştərilərə maraqlanırsan. Sonra bir oteldə ofis meneceri oldum. Əvvəl elə bilirdim ki, xasiyyətim buna uyğundur. İnsanları yola vermək, sevindirmək, xoş davranmaq və s. mənlikdir, amma sonra gördüm ki, otelçilik mənlik deyilmiş (Gülür).

Eyni zamanda, San-Fransiskoya köçmüşdüm, burda isə hər şey texnologiya ilə bağlıdır. Ancaq “tech” eşidirəm. Elə bilirdim ki, texnologiyada olmadığım üçün həyatdan geri qalıram, mən o sahələrdə olmalıyam.

 

– Texnoloji sahədə ilk iş yeriniz “Facebook” oldu?

– Bəli, sonra şirkət adını “Meta” olaraq dəyişsə də, o vaxt hələ “Facebook” idi. “Facebook”da müqavilə ilə işə başladım. O vaxtı dostlardan bir neçəsi orda işləyirdi, məni şirkətə məsləhət gördülər. Süni intellekt modellərinin test edilməsi və məşq etdirilməsi işində başladım. Vəzifə olaraq adı “Məhsul Məlumatı Əməliyyatları Analitiki” gedirdi. İndi üzə çıxan bir çox süni intellekt layihələrinin üzərində o vaxt işləyirdik. Rus dilində süni intellekti məşq etdirməyim yadıma gəlir. Süni intellektə sözlər verirsən və onu məşq etdirirsən. İt deyəndə axtarırdı və çox zaman pişikləri də it kimi sənə təqdim edirdi. Zamanla məşq etdikcə dərk edir və daha yaxşı nəticələr verirdi. Proses çətin olsa da, iş maraqlı idi.

 

– Sonra texnoloji yöndə davam etdiniz.

– 2 il “Facebook”da işlədiyim dönəmdə gördüm ki, texnologiya xoşuma gəlir və o istiqamətdə kurslara qatıldım. Biliklərimi dərinləşdirdim və “Walmart”da müqaviləli şəkildə Məhsul Təhlükəsizliyi və Uyğunluq Analitiki işi tapdım. “Walmart”dan sonra “NVİDİA”-da satış əməliyyatları üzrə analitik olaraq çalışdım. Sonra 6 ay “Google maps”də analitik vəzifəsində işlədim. Bunlar da müqaviləli idi. Belə bir karyeram olub ki, hər dəfə yeni bir şey öyrənib özümü inkişaf etdirmişəm. “Google maps”də olanda, baxdım ki, texnoloji sahədə proqram idarəedilməsinə keçmək istəyirəm.

Orda işlədiyim müddətdə təchizat zəncirinin idarə ediməsi ilə bağlı kurs aldım və o istiqamətdə iş üçün “Meta”ya keçdim. Təchizat zəncirinin idarə olunması sahəsində özümü orda təkmilləşdirdim. Bir ara bütün qlobal şirkətlərdə ixtisar getdi. Orda ixtisar olanda, ixtisara düşdüm.

2 ildir “Hyve solutions”da proqram meneceriyəm. İstədiyim işi görürəm. “Amazon”a server satırıq. Başqa şirlətlər də var, ən böyü şirkət odur.

 

“Bircə işi pisdir ki, ixtisar məqamı gələndə…”

– Niyə daha çox müqaviləli işlərdə çalışmısınız?

– Bu rejimə öyrəşmişəm. Müqavilə işlərinin rahatlığı var. Bir də müqavilə işləri mənə istədiyimi tapmağa köməklik etdi. Mənim təcrübəsiz vaxtımda birbaşa NVİDİA-ya keçməyim çətin idi, amma müqavilə ilə asan olur. Asan olduğu üçün sən daha rahat qlobal şirkətlərin təcrübəsini qazana bilirsən. Tam ştatlı işə qəbul olmağı gözləsəydim, karyeram uzun çəkəcəkdi.

 

– Əməkhaqqı fərqi necə olur?

– Çox adam elə fikirləşir ki, müqavilə ilə işlərdə maaş az olur, amma işin içində olanda gördüm ki, tam da elə deyil. Bəzi müqavilə işləri var ki, elə yaxşı faydalar verir ki, o biri işlərlə eyni olur. “Meta”da yuxarı vəzifələrdə tam ştatlı işçilərə hissə verilməsi məsələsi var, müqavilədə o olmur. Amma pensiya, maaş təxminən eynidir. Bircə işi pisdir ki, ixtisar məqamı gələndə, ilk müqavilə ilə işləyənlər yada düşür (Gülür).

 

– Bir neçə qlobal şirkətdə çalışmısınız. O şirkətlər sizə fərqli nə qatdı?

– Ən sevdiyim “Meta” olub. Orada fərqli ortam var. Çox gözəl kampusu, restoranları var. İşçiyə elə həyat qurur ki, çöldəki problemləri unudursan. “Meta”da komanda cəhətdən bəxtim gətirmişdi. Ordakı mehribanlıq xoşuma gəlib. Təchizat zəncirinin idarə olunması ilə bağlı orda çox şey öyrəndim. Direktorumuz mənim öyrənməyim üçün özü də çalışırdı.

“Walmart”ı çox sevməsəm də, orda yaxşı bir menecerim var idi, ondan data analitikası ilə bağlı çox şey öyrənmişəm. Mənim üçün bir mentor olub. Həmişə özümə bir mentor axtarmışam. İndiki şirkətdə də proqram idarəedilməsi ilə bağlı bir mentorum var.

NVİDİA-da isə qlobal şirkətin arxa fonunu gördüm. Analitik idim, hesabatları təqdim edirdim. Bu zaman idarəedici şəxslərin iş prosesini gördüm. Çöldə hər şey gözəl görünə bilər, amma arxa fonda nə qədər narahatlıq, çətinlik, məsuliyyətlər, təzyiq olduğunu görürsən. NVİDİA o dövründən sonra partladı.

“Google maps”da 6 aylıq layihə idi. O işim də maraqlı idi. Ümumi götürsək, Maps-in necə işlədiyini gördüm. Kimsə şikayət edəndə, ona baxırlar. Deyək ki, Azərbaycan adı ermənicə yazılır, 30-40 nəfər yazan kimi baxırlar, araşdırırlar. İndi də maps həvəskarıyam. Hansısa restorana gedəndə rəy yazıram, şəkil atıram.

İndiki şirkətdə “Amazon”la işləyirəm. Düzdür, “Amazon”u pisləyənlər də olur, amma gördüm ki yaxşı şirkətdir. Artıq o şirkətdə iş imkanları axtarıram (Gülür). Mən xəyallarla yaşayan adamam. Bir şey edirəm, sonra başqasının xəyalını qururam.

 

“Bu gün həyatıma çəkmək istədiyim “Amazon”da işləməkdir”

– 20 ildən çoxdur ABŞ-dəsiniz. 20 il necə keçib?

– 2013-cü ilə qədər yavaş gedirdi, amma bir də gözümü açdım ki, 2025-ci ildir. İşə çox fokuslandım və zaman sürətli keçdi.

 

– Davamlı nələrsə öyrənib dəyişiklik etməyi iş mühiti tələb edirdi?

– Birincisi, mən yerimdə dura bilmirəm. Passiv olanda özümü tənbəl hiss edirəm. Ümumiyyətlə, San-Fransisko ərazisində insanlar belədir. Bura qəribə yerdir. Özünü yeniləməsən, iş tapmaq çətin olur. Rəqabət böyükdür. İş çoxdur, amma işçi də çoxdur. Başqa ştatlarda olsan, həyatın daha asan olur, amma burda davamlı rəqabəti hiss edirsən.

 

– Bu gün orda olmağınızı hansı xüsusiyyətlərinizə borclusunuz?

– İnadcıllıq. Biri desin ki, edə bilməzsən. Necə yəni edə bilməzsən? Elə şey olar? ABŞ-də birinci dəfə universiteti yarımçıq qoymağımı özümə sığışdıra bilmirdim ki, necə etdim? Layihə menecerliyi ilə bağlı sertifikat imtahanından 3 dəfə kəsilmişən. Keçənə qədər yenə imtahan verdim. İnadcıl olmağım həmişə mənə köməklik edib.

Bir də xəyal quran uşaq olmuşam. Nə isə xoşuma gəlirsə, onu həyatıma çəkmək üçün manifest edirəm. Bu gün də xəyal qururam. Bu gün həyatıma çəkmək istədiyim “Amazon”da işləməkdir. 5 ay sonra məndən xəbər tutun, orda olma ehtimalım böyükdür (Gülür).

Hələ ki yaşımdan dolayı yavaşlama hiss etmirəm. Yəqin 60-da yavaşlayaram, amma hələ ki dəyişiklikdən zövq alıram.

 

Tacxeber.com

Oxşar xəbərlər