Türkiyə üçün dəhşətli proqnoz: Regional fəlakət olacaq, 25 milyon insan…
İstanbulda gələcək zəlzələ güclü və dağıdıcı olacaq. Bu, 25 milyon insana təsir edəcək və zəlzələnin episentri Mərmərə dənizində olacağı üçün əsl regional fəlakət olacaq.
Tacxeber.com xəbər verir ki, bu barədə “RİA Novosti”-yə seysmologiya professoru və İstanbul Şəhər Meriyasının Zəlzələ Problemləri üzrə Alimlər Şurasının üzvü Haluk Eyidoğan məlumat verib.
“Mərmərə dənizində episentri olan zəlzələlər zamanı biz həmişə vurğulamalıyıq ki, söhbət regional fəlakətdən gedir – təkcə İstanbul deyil, Bursa, Çanaqqala, Tekirdağ, Kocaeli, Yalova əyalətləri də təsirlənəcək”, – ekspert qeyd edib.
Elm adamları zəlzələnin maqnitudasının 7 baldan çox olacağını deyirlər. Ən çox İstanbul və Türkiyənin digər 5 vilayəti zərər görsə də, iqtisadi fəsadları bütün ölkə hiss edəcək. Çünki hesablamalara görə, yeraltı təkanların gücü 7,5 bal olarsa, şəhərdə ən azı 90 min bina dağılacaq. Təxminən 4,5 milyon vətəndaşın isə müvəqqəti mənzilə ehtiyacı olacaq.