• 28 Aprel 2025 17:09

Salvadorda yerləşən CECOT həbsxanası (Centro de Confinamiento del Terrorism; Terrorçuların Saxlanma Mərkəzi) – Yadigar Sadıqlı

Latın Amerikasında ən böyük həbsxana olan CECOT 2023-cü ilin yanvarında açılıb. 40 min nəfər üçün nəzərdə tutulan həbsxanada hazırda 18 min dustağın olduğu deyilir. CECOT Salvador hökumətinin cinayətkarlıqla mübarizəsinin simvolu sayılır. O, Fələstin əsilli Salvador prezident Nayib Bukelenin qürur mənbəyidir.

 

1979-1992-ci illərdə cərəyan edən vətəndaş müharibəsi zamanı onminlərlə salvadorlu ölkəni tərk edərək ABŞ-a, əsasən də Kaliforniya ştatına üz tutdu. Burada onların “Mara Salvatruça” və “Barrio 18” kimi cinayətkar qruplaşmaları yarandı. Əvvəlcə onlar sadəcə afroamerikalıların, meksikalıların və koreyalıların cinayətkar dəstələrindən müdafiə olunmaq üçün yaranmışdılar, amma tezliklə qəddarlıqda və amansızlıqda rəqiblərini keçdilər.

 

ABŞ hakimiyyəti 1990-cı illərdə aralarında təhlükəli cinayətkarlar da olan 46 min miqrantı Mərkəzi Amerika ölkələrinə, o cümlədən Salvadora qaytardı. Maras deyilən salvadorlu cinayətkarlar səfillik və qanunsuzluğun hökm sürdüyü ölkələrində ideal mühitə düşdülər. Reket, adam oğurluğu, qətllər, dəstələr arası toqquşmalar gündəlik reallığa çevrildi. Maras hakimiyyət nümayəndələrini asanlıqla satın alırdı. Cəmi 6,5 milyon əhalisi olan Salvador daim dünyanın ən təhlükəli ölkələri siyahısında yer alırdı.

 

2015-ci ildə hər 100 min sakinə 103 qətl baş verirdi. Müqayisə üçün: ABŞ-da indi bu rəqəm 5,9-dur. 2019-cu ildə sutkada 30 qətl norma sayılırdı. Müxtəlif hökumətlərin cinayətkarlıqla mübarizə cəhdləri uğursuz, vəziyyət daha da ümidsiz olurdu. Ölkəni maras idarə edirdi.

Hər şey 2019-cu ildə, ölkə tarixində ən gənc (38 yaş) prezident Nayib Bukelenin hakimiyyətə gəlməsi ilə dəyişdi. Onun 5 illik hakimiyyəti zamanı qətl sayı 19 dəfə azaldı. 2024-cü ildə hər 100 min nəfərə artıq 1,9 qətl düşürdü. Bəzi ekspertlər hesab edirlər ki, Salvador hakimiyyəti gerçək rəqəmləri bir qədər kiçildir, bununla belə qətllərin xeyli azalması, Salvadorun ən təhlükəsiz ölkələrdən birinə çevrilməsi şübhəsizdir. Buna nəyin hesabına nail olundu?

 

2022-ci il martın 26-də Salvadorda 62 qətl törədildi. Nayib Bukelenin təklifi ilə ölkədə bəzi qanunların və konstitusion hüquqların fəaliyyətini dayandıran fövqəladə vəziyyət elan edildi (indi də qüvvədədir).

Artıq 3 ildir ki, Salvador polisi sadəcə şübhə əsasında kimi istəsə və nə qədər istəsə həbsdə saxlaya bilər. Bu müddət ərzində 83 mindən çox adam saxlanılıb. 2025-ci ildə Salvador adambaşına düşən məhbus sayına görə dünya lideridir: hər 100 min nəfərə 1824 nəfər. Hesablamalara görə, ölkənin yetkin əhalisinin 2,6 faizi barmaqlıq arxasındadır.

 

“Amnesty International” və hüquq müdafiəçiləri xeyli əsassız həbslərin baş verdiyini, 330-dan çox adamın işgəncələrdən öldüyünü iddia edirlər.

 

Paytaxt San-Salvadordan 74 km uzaqda tikilən CECOT-da sərt qayda-qanun hökm sürür. Burada görüş və telefon zəngi hüququ, gəzinti yeri yoxdur. Kitablardan təkcə Bibliya oxumaq olar. Yalnız ağ paltar geyilir və hər 5 gündən bir baş tərtəmiz qırxılır. Dördmərtəbəli çarpayılarda yalnız taxta lövhə var, nə döşək, nə ədyal olur. Tualet və duş kameradadır. Kameralarda 24 saat işıq yanır. 1 km radiusda mobil rabitə siqnalı batırılır. Dustağa yeni ittiham irəli sürüləndə video rabitə ilə təmin olunmuş xüsusi otaqda vəkili ilə danışa və məhkəmədə iştirak edə bilər.

 

CECOT-un mühafizə tədbirləri haqda yazmaq uzun çəkər. Sadəcə onu deyim ki, burada qaçmaq ağlasığmaz görünür.

 

Yadigar Sadıqlı

Tacxeber.com 

Oxşar xəbərlər