“İmişli”nin stadion problemi – Komanda Bakıya köçür?

Uzun illərdən sonra Premyer Liqaya vəsiqə qazanan “İmişli”nin stadionla bağlı ciddi problemləri var. Hazırda klub rəhbərliyi bunun həlli istiqamətində işlər gördüyünü deyir.
“İmişli”nin icraçı direktoru Aqşin Mürsəlovun QOL.az saytına bildirdiyinə görə, stadionun mülkiyyət hüququnu ala bilmədikləri üçün arenanın təmirinə böyük maliyyə vəsaiti ayırmaq risklidir:
“Stadionun mülkiyyəti MKT Şirkətlər Qrupuna məxsusdur. Biz onlara da müraciət etmişik, AFFA-ya da. Bildirmişik ki, ev oyunlarımızı İmişli şəhər stadionunda keçirmək istəyirik. MKT-yə ona görə müraciət etmişik ki, stadionu təmir etsinlər və biz də onlardan icarəyə götürək. Çünki yer onlarındır. Təmir edib bizə versələr, icarə haqqı olaraq ciddi məbləğ ödəməyə hazırıq. Bizim olmayan mülkə ciddi vasait qoymaq risklidir. Sabah icarə haqqını qaldıra bilərlər, yaxud da başqa bir şey olar, xərclədiyimiz vəsait bata bilər. Rayon rəhbərliyi, İmişlidən olan iş adamları və rayonumuzun deputatına da müraciət etmişik. Dəstək olsunlar ki, bu məsələni həll edək. Ötən ildən bəri stadiona 150-200 min manat vəsait xərcləmişik. Amma hələ də çox iş görülməlidir. Qoyduğumuz vəsaitdən 5-10 dəfə artığı lazımdır ki, problemlər aradan qaldırılsın”.
Aqşin Mürsəlov
İmişli şəhər stadionunda əsaslı təmir işləri aparılmalı olduğunu deyən klub rəsmisi bildirib ki, əsas məqsəd ev oyunlarını bu arenada keçirməkdir: “Stadioun 20 ildir ki, tikilib və uzun müddət istifadə olunmayıb. Ona görə də ciddi təmirə ehtiyacı var. Ot örtüyü dəyişməlidir. Bazanın daxilində də xırda problemlər var. “Qəbələ”nin akademiyasında çalışan mütəxəssisi gətirmişdik ki, ot örtüyünə baxsın. Bizə yeniləmə ilə bağlı siyahı verdi. Məsələ tək ot örtüyündə deyil, əsaslı təmir aparılmalıdır. Akdademiyamızla bağlı da işlər görmək lazımdır. Bunlar isə uzun vaxt aparan işlər deyil. Çünki infrastruktur var. Məsələ belədir ki, biz hətta maliyyə vəsaitini tapıb bu işləri görsək də, yenə bu stadion bizim olmur. Bu qədər xərc çəkəndən sonra sabah stadionun sahibi deyə bilər ki, mən buranı zavod edirəm, yaxud da başqa bir şey. Bizim də hüquqi baxımdan edə biləcəyimiz bir şey olmayacaq. Ona görə də biz bunu kökündən həll etməliyik. Bu sarıdan bir az çətinliyimiz var. Amma inanıram ki, həll edəcəyik. Futbol azarkeşlərlə gözəldir. Azarkeşlər də təmsil olunduğun bölgədə olur. Bizim də məqsədimiz odur ki, öz stadionumuzda problemləri həll edək və oyunlarımızı İmişlidə keçirək. Bu barədə işlər gedir. AFFA da 1 il vaxt verib ki, problemləri aradan qaldıraq. Bilirsiniz ki, AFFA-nın İnkişaf Strategiyasında bölgələrdə uşaq futbolunun işkişafı və bunun üçün stadionların inşası məsələsi də var. Biz də buna görə AFFA-ya müraciət etmişik. Hələ ki, gözləyirik, cavab verilməyib”.
A.Mürsəlov onu da qeyd edib ki, Premyer Liqanı tərk etmək ehtimalı böyük olan “Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”dan da istifadə edə bilərlər. Ancaq o deyir ki, komandanın orada oyun keçirməsi yox, məşqlərini etməsi nəzərdə tutulur: “Orada sadəcə olaraq bəzi səfər oyunlarından əvvəl məşqlərimizi etməyi nəzərdə tutmuşuq. Həm də seçimlər etmək üçün o stadiondan istifadə etmək olar ki, futbolçular daha İmişliyə gəlməsin. Yəqin ki, “ASCO Arena” üçün çoxları müraciət edəcək. Biz orada sırf məşq etməyi nəzərdə tuturuq. Məsələn, “Zirə” il oyunumuz olan həftə orada oyuna hazırlaşa bilərik. Təbii ki, bunlar çıxış yolu deyil. Sadəcə olaraq müvəqqəti bir yoldur. Stadion məsələmizi köklü şəkildə həll etsək, bunların heç birinə ehtiiyac qalmayacaq”.
A.Mürsəlov “Kömək üçün müraciət etdiyiniz rayon rəhbərliyi və iş adamları hər hansı addımı atıb?” sualını isə belə cavablandırıb: “Biz mayın 17-də bir toplantı etməyi planlaşdırmışıq. Premyer Liqaya yüksəlməyimizi tədbir kimi qeyd etmək istəyirik. Ora qonaqlar da dəvət etmişik. Həmin gün müzakirələrimiz olacaq. Hansı yolla getməliyik, kimlər bizə kömək edə bilər, bunları biləcəyik. Bəzən elə olur ki, müraciət etdiyimiz adamlardan cavab da gəlmir. Kiminsə işi olur. Onları da qınamıram. Biz kiməsə arxayın deyilik ki, kömək edəcək. Yəni sırf kiminsə ümidinə qalmamışıq”.
A.Mürsəlov komandanın İmişlidə məskunlaşacağını və bunun hər hansı problem yaratmayacağını bildirib: “Bizim planımız İmişlidə məskunlaşmaqdır. Ötən il bazamız normal səviyyədə təmir olundu. Bazanı istilik və soyutma sistemi ilə də təmin etmişik. Məqsədimiz komandanı İmişlidə yerləşdirməkdir. Hər region komandası elə öz rayonunda olmalıdır. Bu, azarkeşlərə və futbolçulara əlavə bir motivasiyadır. Bəli, rayon klublarına futbolçuları cəlb etmək bir qədər çətindir. Əvvəllər bu sarıdan bizdə problemlər yaranırdı. Amma indi hər şey daha rahatdır. İnsanlar hər yerdə özünə əyləncə tapa, şərait qura bilərlər. Yəni hər şey 20 il bundan əvvəlki kimi deyil. Bəli, o vaxt çox çətin idi. İndi məncə, onlar olmayacaq” (Qol.az)