Bakirəlik !!!

Bayaq rəfiqəm bir-iki gün əvvəl Yevlaxda çəkilmiş “bakirəlik şənliyi”nin görüntülərini göstərdi. Analar qanlı mələfəni başlarına atıb oynayıblar. Videonun altındakı rəylərdə çox adam o qadınları təhqir etdi, alçaltdı, “kül başınıza”, “görməmişlər” və s. yazdı. Mənim isə ürəyim ağrıdı. Bu, təkcə onların yox, bütün cəmiyyətin problemidir.
Ləkəli mələfəyə bürünüb ağlayan qadınların bu həyatda, bəlkə də, yeganə uğuru — qızlıq pərdəsindən axan bir neçə damla qandır! Çünki o qadınlara körpə yaşlarından bu təlqin olunub: sən dünyaya yalnız kiminsə “arvadı” olmağa və uşaq doğmağa gəlmisən!
Yəqin ki, heç ərə verildiklərində də kimsə onların fikrini soruşmayıb. Onların bütün həyatı boyunca nə istədikləri, necə bir yaşam arzuladıqları heç kim üçün maraqlı olmayıb. Həmin qayınanaların “ən böyük missiya”sı toy gecəsi cinsiyyət orqanından qan gələn qız böyütmək və oğlunun başını uca edən “təmiz” gəlin gətirməkdən ibarət olub.
Düz bir əsr bundan əvvəl Cəfər Cabbarlı “Gülzar” əsərində bakirəliyi zorla pozulmuş, daha sonra toy gecəsi rüsvayçılıqla ailəsinə geri qaytarılmış bir gənc qızın faciəsindən bəhs etmişdi. İndi 2025-ci ildir! Nə dəyişib??
Bəzi qızlar saysız-hesabsız münasibətlər yaşayıb, cinsi əlaqənin bütün növlərini sınayıb, amma sadəcə, qızlıq pərdəsini qoruduqları üçün və ya onu plastik əməliyyatla (himenoplastika – qızlıq pərdəsinin cərrahi yolla bərpası) “bərpa etdirdikləri” üçün “təmiz ev qızıdır”lar, başı “uca”dırlar. Amma psixoloji və ya fiziki zorakılığa məruz qalaraq təcavüz edilmiş qızcığaz ömürlük “ləkəlidir”. Cəmiyyət onu qəbul etməz, kimsə onunla evlənməz, o, ömür boyu həmin damğa ilə yaşamaq məcburiyyətində qalar. Özünə bahalı telefon, maşın aldırmaq, kişiləri maddi məqsədlə istismar etmək üçün min hoqqadan çıxan, amma “iz buraxmayanlar” isə əxlaq simvoludur?
O məşhur pərdə ilə nə baş verdiyini bilməyən, həmin toxumanın formalarından xəbərdar olmayan cahil insanlar hələ də qan gözləyirlər! Bunun ucbatından bineyi qədimdən yüzlərlə qız bədbəxt olub, intihar edib, dəliyə dönüb.
Sizə birbaşa şahidi olduğum bir necə yazacağam:
Oğuzda bir varlı qonşumuz vardı. Düz üç dəfə oğlunu evləndirdi. İlk iki qız Oğuzun ucqar, yalnız “Vilis” qalxa bilən kəndlərindən idi. Atasız və kasıb ailədə böyümüşdülər. Rayon mərkəzinə, varlı ailəyə ərə gəlmək səadət kimi görünürdü. Hər evlilikdə toydan bir-iki gün sonra gəlinlər geri qaytarıldı — səbəb: “qız bakirə deyilmiş!” Qızlar göz yaşı içində and-aman edirdilər, yalvarırdılar. Amma qayınana həyasızcasına onları günahlandırırdı.
Amma üçüncü gəlin haqqını tələb etdi, atası da arxasında durdu. Ailə məhkəməyə verildi, həkim rəyi tələb olundu. Nəticədə sübut olundu ki, oğlanın impotensiyası varmış! Ata-anası oğullarının “abidəsinə” toz qondurmağı ağıllarından belə keçirmədən zavallı qızları suçlamışdılar! Əlbəttə! Hər zaman günah qadındadır! Heç vaxt kişinin orqanında problem ola bilməz! Gəlin hamilə qalmırsa, “dərman küpünə” o girməlidir – oğlandan qaynaqlana bilməz! Hətta uşağın cinsiyyətinin də günahkarı qadındır! Cahillər, gedib iki səhifə anatomiya oxusaydılar, nə çox qadın bəladan qurtulardı.
İkinci fakt:
Tələbə vaxtı çox yaxın qohumumun evində qalırdım. Bir gecə qapı döyüldü. Qonşu qadın hikkə ilə qapını açan xalama “Qurban sənə, hazırlaş, bu qə…ni (gəlini) anasıgilə aparıb tullayacağam, yanımda ol”,- dedi. Halbuki, cəmi 3 saat əvvəl şadlıq evində təmtəraqlı toy baş tutmuşdu.
Dünyagörmüş qohumum onu sakitləşdirdi. Gecənin yarısı ginekoloq rəfiqəsinə zəng etdi. Gəlini apardılar. Məlum oldu ki, qızlıq pərdəsi qalın tipli himen imiş, bu səbəbdən cinsi akt baş tutmamışdı və həmin toxumanın kəsilməsinə ehtiyac vardı. Əgər bu, qohumumun ağlına gəlməsəydi, ailə üzvlərinin, “baş qaxıncı”na məruz qalan bütün nəslin üzləşəcəyi fəlakəti təsəvvür edə bilirsiniz?? Guya “qızlıq isbatı” nəyi dəyişdi ki? Bu travma ailəni qurulduğu andan məhv etdi, gəlin 1 il sonra boşandı.
Üçüncü fakt:
Yaxın qohumlarımızdan biri “aydan arı, sudan duru” deyilə biləcək, əxlaqı ilə seçilən bir qız idi. Toy gecəsi ondan qan yox, bulanıq, sarımtıl bir maye gəlmişdi.. Bu səbəblə zavallı linç edildi. Səhərə qədər qırğın oldu. Hər iki ailə o qızı ağlada-ağlada səhərisi gün xəstəxanaya apardı.
Axırda məlum oldu ki, sən demə, bəzi qadınlarda qızlıq pərdəsi nazik və elastik olur, zərbə almadığı üçün tez yırtılır və qan da bu səbəbdən gəlmir. Evlilik davam etdi, amma ailənin bünövrəsi dağılmışdı.
Hələ də məsələnin tibbi tərəfini bilməyən, başqa dəyərlərdən çox bir pərdəyə tapınan nə qədər insan var!
Bəla pərdədə deyil. Bəla savadsızlıqda və dərin köklü cəhalətdədir!
Yevlaxlı qadınlara gülmək, təhqir yazmaq asandır. Siz bir də özünüzə sual verin, ey klaviatura qəhrəmanları, siz nə qədər “bakirə düşüncəli” birisiniz?
Bir əsr əvvəl yazılmış hekayədəki problem bu gün də olduğu kimi yaşanırsa, biz necə inkişaf etmişik?
Hə, bir də çoxlu sayda qıza ümid verdikdən sonra evlənməyə ən “təmiz” qız axtaran oğlanlar, əmin olun ki, əksəriyyət sizin kimi düşünür.
Statistikaya əsasən, oğlan və qızların sayı 1 faiz fərqlə demək olar ki, eynidir. Bu isə o deməkdir ki, çoxunuz elə bir-birinizin “geridə qoyduğu” qızlarla evlənirsiniz…