• 01 May 2025 03:19

ABŞ Konqresində “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi hazırlanır.

Dinləmələr zamanı Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılmalı olduqları qeyd edilib.

 

Aprelin 29-da ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında”COP29 BMT-nin İqlim Dəyişikliyi Konfransından sonra Azərbaycanda insan haqları” adlı xüsusi dinləmələr keçirilib. Dinləmələr zamanı komissiyanın sədri senator Kris Smit bildirib ki,  “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi hazırlanır.

 

“Bu qanun layihəsi Azərbaycanda pisləşməkdə olan insan haqlarını əhatələyəcək”, – senator deyib.

Smit deyib ki, Azərbaycan bir diktatura ölkəsidir və Prezident İlham Əliyev ölkəni ailəsi üçün feodal malikanə kimi nəzarətdə saxlayaraq istismar edir.

“Diktatura COP29-un özünün prestiji və beynəlxalq dairələrdə qəbul edilməsi üçün bir tədbirə çevriləcəyini gözləyirdi. Bu alındımı? Deməzdim. Bu gün burada soruşduğumuz əsas suallardan biri budur. Digəri isə Konqresin Tramp administrasiyası ilə işində Azərbaycanla bağlı hansı siyasəti təbliğ edəcəyədir”.

 

COP29 öncəsi və sonra Azərbaycanda repressiyaların gücləndiyini qeyd edən senator bu ilin fevralında ölkədə siyasi məhbus sayının 357-yə çatdığını və bunun böyük artım olduğunu qeyd edib. O,  bir çox ölkələrin ötən ilin noyabrında COP29-a qatılmadığını və ya aşağı səviyyəli təmsilçilər göndərdiyini vurğulayıb.

Smit çıxışında Azərbaycandakı siyasi məhbusların bəzilərinin adlarını sadalayıb və azadlığa buraxılmalı olduqlarını qeyd edib. O, iqtisadçı Qubad İbadoğlunu nümunə gətirərək deyib ki, onun ailəsinə də təzyiqlər baş verir, bu yaxınlarda hökumət onun qardaşı Qalib Bayramova qarşı cinayət işi açıb, bu ittihamlarda 12 ilədək həbs nəzərdə tutulub.

 

“Biz Azad Avropa/Azadlıq Radiolarının jurnalisti Fərid Mehralızadənin taleyindən də çox narahatıq. Ümidvaram ki, eyni vəziyyətdə olan vətəndaşlarına münasibətdə olduğu kimi, ABŞ hökuməti onun da azadlığına nail olmaq üçün eyni səy və ciddilik göstərməyə borclu olduğunu qəbul edir”, – Smit deyib.

Senator erməni məhbuslardan da danışıb, onları “siyasi məhbus” adlandırıb.

“Əliyevin etnik nifrəti qızışdırması onların orada yaşamasını çox təhlükəli edib”, – deyə o bildirib.

 

Dinləmələrdə həmçinin Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri” və “ombudsman”ı olmuş Artak Beqlaryan, keçmiş separatçı rejimin “dövlət naziri” olmuş, hazırda Bakıda mühakimə olunan Ruben Vardanyanın vəkili Cared Qenser, Milli Demokratiya Fondunun (NED) Rusiya və Avrasiya üzrə aparıcı direktoru Miriam Lanskoy və “Freedom Now” təşkilatının icraçı direktoru Andrea Prasou çıxış ediblər.

Beqlaryan 2023-cü ilin sentyabrında özü və ailəsi daxil olmaqla 150 mindən çox erməninin zorla məcburi köçkünə çevrildiyini bildirib. O, Azərbaycanda azı 23 erməni əsirin həbsdə olduğunu, işgəncəyə məruz qaldığını deyib. Beqlaryan  həmçinin Azərbaycanı 2020-2023-cü illərdən bəri itkin düşən azı 200 nəfərin, yoxa çıxan 80 nəfərin taleyi barəsində məlumat verməməkdə ittiham edib.

 

Milli Demokratiya Fondundan M.Lanskoy çıxışında daha çox vətəndaş cəmiyyətinə qarşı repressiyanın üzərində dayanıb və “kürü diplomatiyası”nı xatırladaraq, xarici rəsmi və parlamentarilərin rüşvətlə, hədiyyələrlə ələ alınmasını qeyd edib. Lanskoy ölkədən 3 milyard dollarlıq vəsaitin Avropada siyasi qərarların əldə olunmasına xərclənməsinə dair “Azərbaycan Laundromatı” adlı OCCRP araşdırması barədə də danışıb.

“Azərbaycan kleptokratik və repressiv sisteminə qarşı beynəlxalq tənqidi susdurmaq üçün diplomatik taktikadan istifadə edir”, – o belə deyib.

 

O bildirib ki,  Azərbaycan Ermənistanla sülh prosesindən istifadə edərək insan haqları pozuntularına görə hesabat verməkdən yayınır. Lanskoy mediaya qarşı təzyiqlərə də toxunaraq, “AbzasMedia” işi çərçivəsində saxlananların adlarını çəkib. O, bu iş üzrə hakimlər Rasim Sadıxov və Novruz Kərimovun 2013-2014-cü illərdə də siyasi qərarlar çıxardığını, həmin işlər barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olduğunu xatırladıb.

“Yəni bəzi hallarda 10 il əvvəl gördüyümüz hallar bəzən daha pis formada təkrarlanır, biz onları necə yoluna qoymağı hələ müəyyənləşdirməmişik”.

 

“Freedom Now” təşkilatının icraçı direktoru Andrea Prasou bildirib ki,  Azərbaycanda siyasi məhbus sayı son aylar xeyli artıb.  O, Meydan TV, “Toplum TV” jurnalistlərinin, hüquq müdafiəçilərinin həbsindən söz açıb, artıq bəzi siyasi məhbuslara uzunmüddətli həbs cəzaları kəsildiyini qeyd edib. Prasou Azərbaycanda azad mediaya hücumlar barədə də danışıb.

“Fevralda “Turan” xəbər agentliyinin bağlanması isə yerli müstəqil medianın sonu oldu”.

 

Son ilyarım boyunca Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə və siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350- dən artıq siyasi məhbus var.

Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər