Qara qızılın “qara” günləri. (Düşünmək üçün) – Natiq Cəfərli

Dünən OPEC+ anlaşmasına daxil olan ölkələr gözlənilməz qərar verdilər – təşkilatının səkkiz üzv ölkəsi iyun ayından etibarən gündəlik neft hasilatını 411 min barel artıracaq.
Qərarın verilməsinə Səudiyyə Ərabistanı səbəb olub – rəsmi Ər-Riyad Trampın səfərindən öncə neft qiymətlərini ucuzlaşdıran qərar alaraq Ağ Evin tələblərindən birini yerinə yetirib.
Trampın səs-küylü qərarlarına, şou xarakterli addımlarına baxmayın – bu görünən tərfdir, Tramp və komandası seçkidən 1 il öncı nə elan etmişdisə, hamısını bir-bir edir, qərarlar gözlənilməz deyil, kim-kimlərsə bu qərarları “spontan” adlandırırlarsa, ya qərəzlidirlər, ya analitik qabiliyyətləri yoxdur.
Trampa ucuz neft niyə lazımdır:
1) Rusiya, İran və Venesuelaya ən böyük təzyiq neft qiymətləridir, ucuz neft bu ölkələri daha tez anlaşmalara getməyə vadar edir,
2) Neftin ucuzlaşması benzin-dizelin ucuzlaşması deməkdir ki, avtomobil ölkəsi olan ABŞ-da orta statistik seçicinin ən çox önəm verdiyi amil məhz 1 qallon benzinin-dizelin qiymətidir (1 qallon = 3,8 litr). Ucuz benzin-dizel inflyasiyanı cilovlamaqda, qiymətləri aşağı çəkməkdə ciddi rol oynayacaq, çünki, ABŞ daxilində yükdaşımaların yarıdan çoxu məhz avtomobillərlə həyata keçirilir,
3) ABŞ neft hasilatı üzrə dünya lideridir, gündəlik hasilat qrtıq 13,5 mln. barreli keçib, ABŞ-da çox böyük neft ehtiyatları var, hasilatın yenidən artırmaq üçün fürsət yaranıb, çünki, ABŞ-da hasilatın maya dəyəri yeni texnologiyaların və medotların tədbiqinə görə son 10 ildə 3 dəfədən çox ucuzlaşıb. ABŞ neft hasilatını 15-16 mln. barrelə çatıra bilər, bunun üçün nüft qiymətlərinin 50-55 dollar arası olması kifayətdir,
4) ABŞ neftdən asılı ölkə deyil, ona görə də, neftin ucuzlaşmasından ancaq udur, bəzi şirkətləri ucuz neftdən narahat ola bilərlər, amma onlar üçün də vergi güzəşətləri, hasilat üçün icazələrin ucuz və asan olması kimi təşviqlər var, daha da artırılacaq,
5) Neftin (yanacağın) ucuzlaşması ABŞ-da “multiplikativ effekt” yaradır, bir çox sahələrdə, məsələn, aqrar, neft-kimya, turizm maya dəyərinin düşməsinə, iqtisadi canlamanın artmasına səbəb olur – amma, bu effekt qiymətin uzun zaman aşağı hədlərdə qaldığı zaman üzə çıxır, deməli, yaxın illərdə ucuz neft erası davam edə bilər.
Yaxşı, borudan sallanan ölkələrdə, buruqdan asılı qalan məmləkətlərdə nə olacaq?! Əgər neft qiymətləri 50 dollar civarında bir neçə il qalsa, neftdən kəskin asılı olan ölkələrdə ciddi qitisadi dalğalanmalar baş verəcək. Azərbaycan dünyada neft-qazdan ən çox asılı olan ölkələr sırasındadır, ixracatımızın 90%-i enerji sektorudur, bu faiz nisbəti illərdir ki, dəyişmir, doğrudur, mütləq rəqəmlərdə dəyişikliklər olur, amma məhz faiz nisbəti dəyişmir. Bir də bizim vəziyyətin qəlizliyi ondadır ki, qiymətlə paralel neft hasilatı da kəskin azalır.
Yaxşı, bəs son 20 ildə 3-cü neft ucuzlaşması dalğasına hazırıqmı, ilk 2 dalğa dərs oldumu – təəssüf ki, bu sualların müsbət cavabı yoxdur. Məsələ də odur ki, iqtisadiyyatda yığılan problemlərin həlli artıq iqtisadi qərarlarla mümkün deyil – ilk öncə idarəetmə sistemində ciddi islahatlara ehtiyac var. İlk addım idarəetmə və məhkəmə sistemində köklü islahatlar olmalıdır ki, iqtisadi sahədə atılan növbəti addımlar ciddi effekt versin. Belə…