• 04 May 2025 22:18

Ölmə, ata, ölmə…

Yəqin ki, bu hadisəni çoxunuz xatırlayırsınız. 2023-cü ilin yanvar ayı idi. Onda yenə ata həbsdə idi, yenə aclıq aksiyası edirdi. Aclığın 12-ci günü xəstəxanaya köçürülmüşdü. Onda indikindən fərqli olaraq heç olmasa həkim qayğımız yox idi. Adil doktor tez-tez ataya baş çəkirdi, onun səhhətini kontrol altında saxlayırdı. Həmin günlərdə isə məni atayla görüşməyə qoymurdular. Gecə xəstəxananın həyətində səsim çıxdığı qədər qışqırmışdım ki, ata, ay ata, məni sənlə görüşməyə qoymurlar…

 

İndi vəziyyət daha dəhşətlidir. Nə ünüm ataya çatır, nə də ki, həkimi yanına buraxırlar.Hara gedəsən, hara şikayət edəsən? Kimdən kimə şikayət edəsən? Çarəsizcə müalicə müəssisənin çölündə qayğılı halda atamın buradan sağ çıxıb-çıxmayacağını düşünürəm.

Bu gün atanın evə 2 saat gec zəng etməsi ömrümüzdən ömür apardı. Ağlımıza nələr gəlmədi ki…İndi müəssisənin divarları önündə hayqırsam ki, ata, ay ata, ölmə, görəsən, məni eşidərmi?

 

Hər kəs bir gün həyatdan gedəcək Mən atamın bu həyatdan ahıl yaşlarında, ömrünün son illərini qayğısız, xoşbəxt, ailəsinin, uşaqlarının, nəvələrinin əhatəsində yaşayaraq getməsini istəyirəm. Daha həbsxana kamerasında yox. Mən atamdan heç doymamışam. Onu nə qədər azadlıqda görmüşəm ki, doyum da.

İndi ölkənin bütün dələduzlarl yığışıb Tofiq Yaqublunun can verməsini gözləyirlər. Hətta bəlkə o günü bayram kimi də qeyd edərlər. Mənim əlimdən isə yalnlz ata, ay ata, ölmə, nə olar ölmə demək gəlir. Düşməni sevindirmə, ata. Necə ki, Qarabağda döyüşəndə düşməni sevindirmədin, eləcə də indi ölkədəki düşmənləri sevindirmə.

 

Mən körpəmin babasını görməsini çox istəyirəm. Kimin nəvəsi olduğunu bilməsini istəyirəm. Mən evimizdə yas istəmirəm. Mən evimizdə şənlik istəyirəm, xoş günlər istəyirəm. Nərgiz bizə gedişi ilə çox şey öyrətdi. Onu da öyrətdi ki, həyatda hər şey yoluna qoyula bilir, bircə gedəni geri qaytarmaq olmur. Atanın bu vəziyyətdə həyatdan getməsi bizim ailənin fəlakəti olar.Atacan, səni çox sevirəm. Nə olar ölmə, düşmənləri sevindirmə….

 

Nigar Hezi

Tacxeber.com

Oxşar xəbərlər