• 04 May 2025 23:19

“Atam bu gün yaşasaydı ürəyi partlayıb ölərdi, üzlərinə söyürdü onları”

“Efirlərdən bir qram olsun belə razı deyiləm. Artıq demək olar ki, heç izləmirəm də. Çünki baxanda əsəb keçirirəm. Heç kimə lazım olmayan müğənnilər bütün günü efirdədir. Özü də təqdim edirlər ki, hamının sevimlisi filankəsov filankəs! Kimdir onları sevənlər? Hansı müğənniyə baxım, hansı mahnını dinləyim? Mənasız mətnlər, əcnəbi musiqilər və s. Bu gün elə müğənnilər meydana çıxıb ki, heç atam kimi oxuyanların adı çəkilmir. Tək bəyəm atamdır? Əbülfət Əliyev, Ağaxan Abdullayev kimi sənətkarların adı heç çəkilmir. Yenə onlara baxanda Hacıbaba Hüseynovun adı az-çox çəkilir. Biz gedib efirlərə deyə bilmərik ki, atam haqda veriliş hazırlayın. Bunu özləri etməlidilər də”

 

Tacxeber.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli xanəndə Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib. O daha sonra əlavə edib:

“Atam yaşasaydı, bugünki efirləri görsəydi əsəbdən ürəyi partlayardı. Hələ efirlərə hələm-hələm müğənnilər çıxa bilməyəndə belə atam verilişlərdən razı deyildi. Mən dünyanın düz vaxtından danışıram. Atam hətta efirlərdəki bayağılığı, məzmunsuzluğu öz qəzəllərində açıq-aşkar bildirmişdi. Gör indi necə əsəb keçirərdi! Xalam Sara Qədimova sağ olsaydı gör nələr deyərdi? İncəsənət ölüb, ağlayanı yoxdur” deyə sənətkarın qızı bildirib.

 

Sədaqət Hüseynova deyir ki, atasına qarşı hər zaman paxılıq görüb:

“Atamın sənətinə paxıllıq edirdilər. Onu gözləri götürmürdü. Atam sözünü onların üzünə deyirdi. Sözü də üzə deyəndə dost qazanmırsan, düşmən olursan. Heç kəs düz sözü qəbul edə bilmir. Yeri gələndə söyüşü də üzlərinə deyirdi. Hacıbabanın sənəti o qədər yüksəkdə idi ki.. Həmkarları bununla barışmırdı. Atam qədər qəzəli bilən yox idi. Bu paxıllıqlar sonradan qızım Fatiməyə də oldu. Hacıbabanın nəvəsi olduğunu bilib onu gözümçıxdıya salırdılar” deyə bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər