Neftin qiymətləri davamlı olaraq enir və bu tendensiya davam edəcək?

İlk növbədə neftin qiymətlərinə təsir edəcək son xəbərlə tanış olaq. OPEK+ qərar verib ki, iyun ayında neft hasilatını 411000 barel artıracaq.
Bu gün neftin qiymətlərinin enişini 2 amil əsaslandırır: Trampın geoiqtisadi siyasəti və Trampın daxili siyasəti.
Geoiqtisadi amil.
Trampın başlatdığı ticarət müharibələri ABŞ-da və dünya iqtisadiyyatında resessiya(iqtisadi geriləmə) riskini artırır. Bu da o deməkdir ki, dünya iqtisadiyyatının neftə ehtiyacı kəskin azala bilər.
Bu riskləri görən, hiss edən dünya bazarı dərhal həssas reaksiya verir və nəticə etibarı ilə neftin qiymətləri enir.
Siyasi amil.
Tramp Baydeni neftin yüksək qiymətlərinə görə tənqid edirdi.
Tramp sosial şəbəkələrdə yazdı:
“Hazırda benzin $1,98-a başa gəlir, bu son illərin ən aşağı göstəricisidir”. Söhbət 1 qalona qiymətdən gedir, 1 qalon 3.8 litrə bərabərdir. Başqa sözlərlə 1 litrin qiyməti manata konvertasiya etsək 90 qəpikdir. Bunu Tramp deyir, amma bu həqiqətdirmi?
Yox, bu ağ yalandır.
Ölkə üzrə orta benzin qiyməti $3,18 təşkil edir(1 litrə 1.42 manat).
Hətta ən ucuz benzin olan Missisipi ştatında belə, 1 qalon benzinin qiyməti $2,66-dır(1 litrə 1.19 manat).
Amma Tramp bu yalanı uzun müddət danışa bilməz, ona benzin qiymətlərinin düşməsi lazımdır. Buna görə də o, Səudiyyə Ərəbistanından dostu Ben Salmana neft hasilatını artırmasını xahiş edir – bu, həm neft, həm də ABŞ-da benzin qiymətlərinin azalmasına gətirib çıxarmalıdır. OPEK-in dünənki qərarına əsasən, Ben Salman hasilatı bir qədər artırır.
Tramp bu ayın ortasında Səudiyyə Ərəbistanına səfər edəcək və Ben Salmandan yenidən bu məsələni xahiş edəcək.
Beləliklə neftin qiyməti davamlı olaraq düşəcək.
Neft qiymətlərinin enişi staqflyasiya ilə üzləşən Rusiya üçün çox ağır zərbə olacaq, büdcə defisitinin və digər iqtisadi problemlərin şişməsi kəskin sürətlənəcək.