“Qurban Qurbanovu Azərbaycan millisinin baş məşqçi postuna dəvət edə bilərlər” – MÜSAHİBƏ
Azərbaycan milli komandasının veteran forvardı Xaqani Məmmədov Sportal.az saytına müsahibə verib. “Qəbələ”nin əsas komandasına çalışan məşqçi yığmanın Millətlər Liqasındakı çıxışını dəyərləndirib.
– Millimiz Qazaxıstanı 3:0 məğlub etdi. Bu cür qələbəni gözləyirdiniz?
– Azərbaycan millisindən həmişə qələbə gözləmişik. Çünki söhbət ölkənin əsas komandasından gedir. Slovakiya və Qazaxıstana qarşı nümayiş etdirilmiş oyunlar ən yaxşısı idi. Buna görə də millimizi təbrik edirəm.
– Son üç oyunda millinin qalib gəlməsini nə ilə əlaqələndirirsiniz? Milli ilk dəfə bunu etmiş oldu. Sizcə, niyə ilk turlarda bu alınmırdı?
– Bunu zamanla əlaqələndirirəm. Yəni, Canni De Byazi iki ildir ki, baş məşqçi postundadı. Milli artıq öz oyununu göstərməliydi. Belə də, oldu.
– Son üç görüşdə qalib gəlməyimiz daha çox Canni De Byazinin sistem dəyişikliyə getməsi, daha çox hücumameyilli oynaması ilə əlaqələndirilir. Razısız ki, əvvəlki turlarda bu yox idi?
– Düzdü. Oyun sistemində də dəyişikliyiklə əlaqədar ola bilər. Ancaq ən vacibi komandanın özünəinamı, motivasiyasıdı. Komandada özgüvən var idi. Bunun da nəticəsində nəticələr gəldi.
– Canni De Byazinin millidə qalıb-qalmayacağı hələ ki, dəqiq deyil. Necə düşünürsünüz, italiyalı mütəxəssis postunda qalmalıdı?
– Məncə, Canni De Byaziyə şans verilməlidi. Çünki həqiqətən də milli komandamızın son oyunlarında inkişaf göründü. Məhz buna görə ona şans verilməli olduğunu düşünürəm.
– Millinin hazırkı heyəti ilə daha uğurlu nəticələr qazanmaq nə dərəcədə realdı?
– Bu heyətlə daha yaxşısını etmək mümkündü. Bunu onlar son üç oyunda da göstərdi. Meydana çıxan futbolçular komandalarında da özünü ən yaxşı tərəfdən göstərənlərdi.
– AFFA yerli məşqçidən yana seçim etmiş olarsa, sizcə, hansı mütəxəssisə üstünlük vermək lazımdı?
– Qurban Qurbanovun adını çəkə bilərəm. Onu baş məşqçi postuna gətirmək olar.
– Bəs, sizcə federasiya rəsmiləri bunu edər? Mümkün hesab edirsiz?
– Əlbəttə, hər şey mümkündü. Qurban Qurbanovu dəvət edə bilərlər. Təbii ki, Qurban müəllim özü buna razı olarsa.
Mirbağırağa