Sumqayıtda “Bayraktar” istehsal ediləcək
“Bayraktar Teknoloji Azərbaycan” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
Tacxeber.com xəbər verir ki, bununla da parkın rezidentlərinin sayı 39-a çatıb.
Məlumata görə, şirkət sənaye parkının ərazisində “Pilotsuz uçuş aparatları istehsalı” layihəsini həyata keçirəcək.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında 2023-cü ildə imzalanan niyyət protokolu Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair əməkdaşlığı nəzərdə tuturdu.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6 200-dən çox insan daimi işlə təmin olunub. Həmçinin mövcud layihələr üzrə növbəti mərhələdə sənaye parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2 700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.