• 13 May 2025 20:27

“Tramp ultimatıv formada Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda israr edir” – Uitkoff

“Tramp Ukrayna müharibəsinin nizamlanması prosesindən çıxmaqla hədələyir…”

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bəyan edib ki, Amerika lideri Donald Tramp münaqişə tərəflərinin birbaşa danışıqlar aparmayacağı təqdirdə Rusiya-Ukrayna müharibəsinin nizamlanması prosesindən çıxacağı ilə hədələyir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə o, “Breitbart” nəşrinə verdiyi müsahibəsində bəyan edib.

 

Onun sözlərinə görə, Tramp bu danışıqlarda “ultimatıv şəkildə” israr edir. “Ümid edirəm ki, yaxın vaxtlarda sülh sammiti keçiriləcək və bu sammitdə Zelenski və Putin şəxsən görüşüb Ukraynada müharibənin dayandırılması barədə razılığa gələcək”, – o, deyib.

 

Uitkoff qeyd edib ki, danışıqlarda əsas müzakirə mövzuları Ukrayna əraziləri, Zaporojye AES-in ətrafındakı vəziyyət və Kiyevin su yollarına çıxışının təmin olunmasıdır.

 

“O fikirdəyəm ki, əgər ABŞ bu münaqişədən kənara çəkilərsə, yəni müdaxilə etməyib bunun onların müharibəsi olmadığını, əllərindən gələni etdiklərini desələr, bu, hamı üçün pis nəticə verəcək. Bu, avropalılar üçün də pisdir, ukraynalılar üçün də, və mən inanmıram ki, rusiyalılar üçün yaxşıdır”, – o, deyib.

 

“Məncə, rusiyalılar da əslində sülh yolu ilə nizamlanma istəyir və hər iki tərəf bu nizamlanmanın onlar üçün nə demək olduğunu anlamağa çalışır. Bizim vəzifəmiz onları eyni otağa toplayıb göstərməkdir ki, sülhə alternativlərin hamısı pisdir. Bu bizim işimizdir”,  – ABŞ prezidentinin xüsusi nümayəndəsi bildirib.

 

O, iddia edir ki, əsas ixtilaf beş region ətrafında cəmlənib. Uitkoff izah edir: “Əsas mübahisə nöqtələri beş regionla bağlıdır. Rusiyanın müəyyən inzibati xətlərdən geri çəkilib-çəkilməyəcəyi barədə müzakirələr gedir. Eyni şey ukraynalılara da aiddir”.

 

Xüsusi nümayəndə vurğulayıb ki, Vladimir Putinin iştirakı olmadan sülh sazişinə nail olmaq mümkün deyil, ona görə də, onun fikrincə, bütün tərəflərlə dialoq aparmaq vacibdir. Uitkoff həmçinin bildirib ki, hazırda müharibəyə son qoymaq üçün real bir şans mövcuddur.

 

İstanbulda danışıqlar ehtimalı

 

Bundan öncə Tramp Ukrayna və Rusiya arasında Türkiyədə mümkün görüşlə bağlı açıqlama verib. Görüş artıq cümə axşamı, mayın 15-də baş tuta bilər. Tramp bildirib ki, Ukrayna və Rusiya arasında baş tutacaq görüş üçün İstanbula uçmağı nəzərdən keçirir.

 

Zelenski isə bu fikirləri “çox vacib sözlər” adlandırıb. O, xatırladıb ki, atəşin tam və qeyd-şərtsiz dayandırılması ideyasına görə Trampı dəstəkləyib. Onun sözlərinə görə, bu təşəbbüs diplomatiya üçün əsas yarada bilər.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, o, Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya diktatoru Vladimir Putinlə telefon danışığı aparıb. Danışıqlarda, xüsusilə Ukraynadakı müharibənin dayandırılması məsələsi müzakirə olunub.

Tacxeber.com

Oxşar xəbərlər