• 14 May 2025 18:02

Oturaq həyat tərzi altsheymer xəstəliyinin riskini artırır 

Amerikada 6 milyondan çox insan altsheymer xəstəliyindən əziyyət çəkir.

 

Tacxeber.com xəbər verir ki, Vanderbilt Tibb Mərkəzi və Pittsburq Universitetinin alimləri isə həyat tərzi vərdişlərinin bu xəstəliyin yaranmasına necə təsir etdiyini araşdırırlar.

 

Alimlər müəyyən ediblər ki, yaşlı insanların çox oturması və ya uzanaraq keçirdikləri vaxtın artması onların zehni qabiliyyətlərinin zəifləməsi və altsheymer riski ilə əlaqəli beyin bölgələrinin həcminin azalması ilə bağlıdır.

 

Tədqiqatda 50 yaş və yuxarı olan 404 nəfər iştirak edib. Onlar bir həftə ərzində fasiləsiz olaraq fəaliyyətlərini ölçən ağıllı saatlar taxıblar. Araşdırma zamanı iştirakçıların oturaq həyat tərzi, zehni qabiliyyətləri və beyin skanlarının nəticələri 7 il ərzində izlənilib.

 

Nəticələr göstərib ki, daha çox oturan insanlar, nə qədər idman etmələrindən asılı olmayaraq, zehni zəifləməyə və neyrodegenerativ dəyişikliklərə daha çox meyilli olurlar.

 

Bu nəticələr xüsusilə altsheymer xəstəliyi üçün genetik risk daşıyan “APOE-e4” geninə sahib şəxslərdə daha aydın müşahidə olunub. Bu isə o deməkdir ki, oturaq vaxtın azaldılması altsheymer riskinə genetik olaraq daha çox meyilli yaşlı insanlar üçün xüsusilə vacib ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər