• 15 May 2025 02:01

Məhkəmə Hacı Vəliyevi həbsdə saxladı

“Gənc Qazilər” İctimai Birliyinin sədrinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

 

Bu gün, mayın 14-də Xətai rayon Məhkəməsində həbsdə olan “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Hacı Vəliyevin vəsatəti təmin olunmayıb, o,  həbsdə saxlanılıb.

Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirirdi.

O, 2025-ci il martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.

 

Martın 31-də polis əməkdaşları onu saxlayıb.

Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

 

Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Məlumata görə, mayın 12-də Hacı Vəliyev 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. (MeydanTV)

 

Tacxeber.com

 

Oxşar xəbərlər