• 17 May 2025 21:45

Ağsaqqal deputat: “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir”

“Stalin Azərbaycan xalqının belini qıran adamdır. Elə bir adamı necə tərifləmək, təbliğ etmək olar?!”

 

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclis üzvü Aqil Abbas deyib.

 

O, 9 May tədbiri ilə müzakirə mövzusu olmuş İmişli rayon Ağsaqqallar Şurası sədrinin davranışı şərh edib.

 

Xatırladaq ki, sovet bayrğı və “georgi lenti”nə görə Ağsaqqallar Şurasının (AŞ) sədri Saleh Səmədovun vəzifəsindən azad olunub. Daha sonra onun yerinə seçilən Vahid Tağıyev cəmi 1 gün sonra ictimai qınaqla istefa verib.

 

O hətta Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri Eldar Quliyevə müraciət ünvanlayıb: “Xahiş edirəm məni həvalə edilmiş İmişli rayon Ağsaqqallar Şurası sədrliyindən və şura üzvlüyündən azad edəsiniz”.

 

AŞ-nin sovet dövründən qalma, yalnız rayon rəhbərliyə mədhiyyə oxuyan təşkilat olduğunu iddia edən sosial şəbəkə istifadəçiləri qalmaqal fonunda ümumiyyətlə onun lğvini tələb edirlər.

 

Aqil Abbas isə İmişlidə baş verən “bayraq hadisəsi”nin çox şişirdilməsi rəyindədir:

 

“Mən o kişinin (Vahid Tağıyevin – red.) danışığına qulaq asdım. Hərəkəti pis hərəkətdir. Üstəlik, Stalini tərifləyir. Stalin Azərbaycan xalqının belini qıran adamdır. Elə bir adamı necə tərifləmək, təbliğ etmək olar?!

 

İmişli camaatını yaxşı tanıyıram, sevirəm. Maraqlı adamlardır, tərəkəmədirlər. Bir hadisədir olub da. Bunu çox şişirtdilər. “Georgi lenti” deyirlər, nə deyirlər, başım çıxmır. Mənim üçün mənasızdır, vəssalam!”

 

Deputat qeyd edib ki, Ağsaqqal Şurası nizamnaməsinə əsasən fəaliyyət göstərir:

 

“Şuranı belə bir şeyə görə niyə ləğv etsinlər ki?! Qeyri-hökumət təşkilatıdır. Bu şura uzun illərdir ki, mövcuddur. Ağsaqqal Şurası hələ sovet hökuməti vaxtından fəaliyyət göstərir. Şura gənclərlə görüşlər, tədbirlər keçirir. Niyə bağlasınlar ki?! Qeyri-hökumət təşkilatını bağlamaq olar?! Əgər cinayət etməyiblərsə, hökumətin siyasi ideologiyasına əks səhv siyasət yürütməyiblərsə, heç bir qeyri-hökumət təşkilatını bağlamaq olmaz. Elə bir şey olan kimi deyirlər, filan qurumu ləğv edək, filan yeri bağlayaq. Azərbaycan demokratik ölkədir, burada haranısa bağlamaq ifadəsi gülməli gəlir”.

Tacxeber.com

Oxşar xəbərlər