• 18 May 2025 00:50

Üç min illik tarixi olan cənnət: Bu şəhərdə əbədi bahar var – FOTOLAR

İspaniyanın Malaqa şəhərinin üç min illik tarixi olsa da, müasir atmosferə malikdir. Tarixi Əndəlüs bölgəsinin ikinci böyük şəhəri çox zəngin mədəni irsə ev sahibliyi edir. Kosta del Solun paytaxtı olan şəhər tarixi ərzində Finikiya, Roma və Ərəb mədəniyyətlərinin təsirini yaşayıb. Bu izlər bu gün də şəhərin memarlığına, həyat tərzinə, mədəniyyətinə hopub.

 

Görkəmli rəssam Pablo Pikasso, Hollivudda məşhurluq qazanan ilk ispan aktyoru Antonio Banderas bu şəhərdə doğulublar. Şəhərdə muzeylər, küçələr, restoranlar və hotellər dahi rəssamın adını daşıyır, Banderasa da sonsuz pərəstiş var. Nobel mükafatçısı Visente Alexandre Malaqanı “cənnət şəhər” adlandırıb…

Əbədi bahar şəhəri

Malaqa Hava Limanı da Pikassonun adını daşıyır. Hava limanından şəhərə müntəzəm ekspress avtobuslar və qatarlar işləyir. Ağ rəngli və növbə ilə müştəri gözləyən taksilər qiyməti sayğaca uyğun hesablayırlar.
Malaqa 2018-ci ildə dünyanın xoşbəxt şəhəri seçilib. “Bu gün də Malaqa unudulmaz tətil üçün bir imkanlar təqdim edən şəhər kimi tanınır. Burada hər kəs ziyarət etməyə maraqlı yerlər tapır. Əndəlüsün bu unikal şəhəri Avropa məktəblilərinin həftəsonu tətil yeridir” fikirlərini Roma-Malaqa təyyarəsində eşidirəm.

Dənizə baxan cənub hissəsi istisna olmaqla, Malaqa hər tərəfdən dağlarla əhatə olunub. Bu mənzərəni təyyarə hava limanına enərkən müşahidə etmək mümkündür.

Şəhərin 16 çimərliyi Mavi bayrağa layiq görülüb. Çimərliklərə giriş pulsuzdur. “Bu, orta illik temperaturu +22°C olan əbədi bahar şəhəridir. Malaqada ildə bir neçə dəfə yağış yağır. Şən və qonaqpərvər şəhər, günəşli sahil zolağı, zərifliyi ilə İtaliyanın ənənəvi “rivieraları” ilə rəqabət aparır. İmtiyazlı ictimaiyyət – şou-biznes kralları, aristokratlar, neft şeyxləri – Kosta del Solun misilsiz cənnətində istirahət edirlər”, – deyə avtobusla şəhər turu zamanı bələdçi bildirdi.

 

Şəhərdə yaşıl məkanlar, tipik məhəllələr, səs-küylü və böyük prospektlər mükəmməl harmoniya altında bir arada mövcuddur: burada günəş demək olar ki, hər gün işıq saçır, dağın ətəyində isə Aralıq dənizinin ecazkar mavi suları dalğalanır.

“Malaqa incəsənəti sevir. Burada tez-tez festivallar keçirilir. Şəhər il boyu turistlərin istirahət edə biləcəyi yerdir. Malaqa hər bir ziyarətçini qısa bir gəzintidə valeh edəcək xüsusi cazibəyə malikdir. Mədəniyyət, adət-ənənələr, qastronomiya, mülayim iqlim və insanlarının qonaqpərvərliyi…” – deyə avtobusla şəhər gəzintisi zamanı bələdçi məlumat verir.

 

“Flamenko” rəqsi hər yerdədir

 

Malaqa bir gündə kəşf edilə bilən şəhər deyil. Şəhərin ruhunu duymaq üçün küçələrini dolaşmalı, tarixi yerlərinə toxunmalısan. Şəhərin füsunkar tarixi mərkəzi və çoxmərtəbəli binaları və böyük ticarət mərkəzləri var. Küçələrindən irəlilədikcə gitaraların zərif səsi eşidilir.

Burada “Flamenko” rəqsi hər yerdədir. Turistlər onu dinləyə, rəqs edə bilirlər.

 

Tarix bu şəhərdə o qədər yaxşı qorunub saxlanılıb ki, keçmişə səyahət etmək də mümkündür. Malaqa Katedralına və ya La Manquitaya səyahət adama 16-cı əsr İntibah əzəmətini nümayiş etdirir.

Şəhərin ən qədim abidəsi olan Roma Teatrı Gibralfaro təpəsində yerləşir. Birinci əsrə aid abidə hazırda Roma İmperiyasının Malaqadakı mövcudluğunun ən böyük simvollarından biridir. Bu, həm də qədim Roma həyat tərzi və adət-ənənələri haqqında turistlərin daha çox məlumat əldə edə biləcəyi bir yerdir.

17 avroluq bilet 100 avroya təklif olunur

 

Malaqa arxitekturasında ərəb memarlığının izləri də çoxdur. “Alcazaba” saray-qalası buna ən yaxşı nümunədir. Bura səyahətçini Mooriş (müsəlman) dövrünə aparan qədim saray-qaladır.

“Alcazaba de Malaga” haqlı olaraq şəhərin mədəni irsinin simvolu sayılır. Cəbralfaro dağında müsəlman hökmdarları tərəfindən tikilmiş saray-qala təkcə tarixi dəyəri ilə deyil, həm də unikal atmosferi ilə turistləri cəlb edir. Qala doqquzuncu əsrin birinci yarısında xəlifə I Əbdürrəhman tərəfindən piratların hücumlarından müdafiə məqsədilə tikilib. Saraya turistlərin axınını müşahidə edirəm. Əməkdaşlardan öyrənirəm ki, saraya daxil olmaq üçün bileti bir ay qabaqdan – onlayn almaq lazımdır. Turist qruplarının axını fərdi qaydada bilet alanlara maneçilik yaradır. Nəticədə muzeyin əməkdaşları “turizm qruplarına qoşulmaq istəyirsinizsə 100 avroya bilet ala bilərsiniz”, – deyə açıq şəkildə təklif edirlər. Halbuki normalda biletin qiyməti 17 avrodur. Nəticədə bu möhtəşəm tikilini kənardan seyr etməli oluram.

Futbolun çox sevildiyi şəhər

 

Tarix həm də Malaqanın ənənəvi mətbəxində öz izini qoyub. Şəhər mətbəxi romalıların, finikiyalıların, yunanların və ərəblərin kulinariya ənənələrini özündə birləşdirir. Əsas ənənəvi yeməklərə dəniz məhsulları daxildir və qiyməti 13-18 avro arası dəyişir. Lokantalarda nəfis balıq yeməklərinin geniş seçimi var. Diqqətimi çəkən məqamlardan biri – Malaqada bütün sahələrdə, ictimai nəqliyyatda, restoran və kafelərdə, dükan və bazarda, hətta sanitar qovşaqların təmizliyində ispanların özlərinin işləməsidir. Burada İtaliyadakı kimi miqrant axını ilə rastlaşmırsan. Bunu şəhərin ümumi sosial-iqtisadi vəziyyəti ilə əlaqələndirirlər.

Malaqada futbolu çox sevirlər. Küçələrdə ispan futbolunun ulduzlarının köynəklərini geyinənlərə rast gəlmək olur. Hətta turistlər də hörmət əlaməti olaraq ispan “ulduzları”nın köynəklərini geyinirlər. “Malaqa” futbol klubunun isə bir əsrdən çox tarixi var. Komanda ev oyunlarını 30 min azarkeş tutumuna malik La Rosaleda stadionunda keçirir. Klub Qətər Şeyxi Abdullah bin Nasser Al-Taniyə məxsusdur. Futboldan söz düşəndə hamının üzündə təbəssüm yaranır. (“Kaspi” qəzeti)

Tacxeber.com

Oxşar xəbərlər