”Elgün İbrahimov qəddarcasına döyülərək öldürülüb”
Rəsmi qurumlar: Sosial şəbəkə istifadəçiləri istintaqla dəqiqləşdirilməmiş məlumatlar yayırlar.
18 yaşlı Elgün İbrahimov mayın 12-də Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universitetinin istifadəsiz yataqxanasının həyətində ağır vəziyyətdə tapılıb. O, xəstəxanaya aparılsa da, bir neçə saat sonra vəfat edib.
Həmin gün Baş Prokurorluq məlumat yayaraq faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparıldığını bildirib.
Ailəsindən mətbuta deyilib ki, Elgün İbrahimov qəddarcasına döyülərək öldürülüb.
Sosial şəbəkələrdə onun döyülməsi və ya intihar etməsi ilə bağlı müxtəlif iddialar irəli sürülüb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi isə bu gün, mayın 17-də məlumat yayaraq bildirib ki, bəzi sosial şəbəkə istifadəçiləri istintaqla dəqiqləşdirilməmiş, həqiqətəuyğun olmayan məlumatlar yayırlar.
Məlumatda deyilir ki, mayın 12-də Gəncə şəhərində müalicə aldığı xəstəxanada vəfat edən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun ölümünün intihar, ehtiyatsızlıq, yıxılma və ya zorakılıq nəticəsində baş verməsi ehtimalları araşdırılır. Xüsusilə mərhumun bədənindəki xəsarətlərlə bağlı yayılan xəbərlər ilkin istintaq faktları ilə uyğun gəlmir. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşları yalnız rəsmi mənbələrə istinad etməyə və həssas məsələlərdə məsuliyyətli davranmağa çağırıb.
İbtidai istintaqın nəticələri barədə əlavə məlumat veriləcəyi qeyd olunub. Elgün İbrahimov Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. Ailəsinin bildirdiyinə görə o, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib. (MeydanTV)
Tacxeber.com