• 18 May 2025 10:28

Ermənilər Rusiya hərbi bazasını yenə “vurdu”

1995-ci il martın 16-da imzalan sənədin 26-cı maddəsinə əsasən, İrəvan 102-ci bazanın varlığına daha 9 il dözməlidir, əks təqdirdə…

 

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza bağlana bilər.

 

Musavat.com-un məlumatına görə, bunu “Hraparak” yazıb. Nəşr bildirir ki, hərbi baza Ermənistan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra fəaliyyətini dayandıra bilər.

 

İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb. 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il – 2044-cü ilə qədər uzadılıb.

 

SSRİ dağılmağa başlayanda Qafqazlarda yaradılan süni münaqişələr, məhdud imkanlara malik Ermənistanı qonşularına qarşı iddialarını gerçəkləşdirməkdən ötrü öz ərazisində Rusiyanın hərbi iştirakını təmin edəcək addımlar atmağa vadar edirdi. Təbii ki, həm Azərbaycan, həm Türkiyə, həm də Gürcüstandan ərazilər əldə edərək “dənizdən-dənizə” prinsipi ilə “Böyük Ermənistan” yaratmaq xülyasının bir elementi kimi İrəvanın Rusiyanın hərbi dəstəyinə arxalanacağı təəccüblü deyildi.

 

SSRİ-nin süqutundan sonra Azərbaycan və Gürcüstan öz ərazilərindəki Rusiya bazalarının tam çıxarılmasına nail olsalar da, Ermənistan tam əksinə, 2044-cü ilə kimi rus əsgərlərinin ölkədə iştirakına icazə verib.

Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Məlumat üçün bildirək ki, hazırda Gümrüdəki 102-ci bazada Rusiya ordusunun şəxsi heyətin sayının 4 min nəfər olduğu bildirilir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir.

 

Gümrü qarnizona 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir.

 

Gümrüdəki rus hərbi bazası 16 ədəd MiQ-29-a (onlardan 4 ədədi MiQ-29UB tipli təlim-döyüş təyyarələridir) malikdir. Bundan başqa, 6 ədəd Mi-24P döyüş helikopteri, 7 ədəd Mi-8 çoxməqsədli helikopter də var. Döyüş tanklarının sayı 80 ədəd, digər zirehli hərbi texnikalar (BMD-1, BMP-1, BMP-2, BRDM-2, BTR-80, BRDM-2) 160 ədəd, yüngül zirehli avtomobillər 75 ədəddir.

Gümrü hərbi bazasında 85 ədəd 2А19 (Т-12) tipli 100 mm-lik artilleriya topu, 30 ədəd”9k51 Qrad” YARS, 30 ədəd 2S3 “Akatsiya” özüyeriyən artilleriya qurğusu da var..

 

“Hraparak” daha sonra yazır ki, bazanın bağlanmasının praktikada necə həyata keçiriləcəyi qaranlıqdır. “Lakin mövcud məlumatlara görə, saziş layihəsində belə bir müddəanın görünməsi faktının özü Rusiya hakimiyyətinin ciddi narazılığına səbəb olub. Mayın 9-da Moskvada baş nazir Paşinyanın soyuq qarşılanması, həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşün olmaması yəqin ki, bununla izah olunur. Moskvaya iki günlük səfəri zamanı Paşinyan nə Putinlə, nə də bayram tədbirlərində iştirak etmək üçün gələn digər ölkələrin liderləri ilə ikitərəfli danışıqlar aparmayıb”, – məqalədə deyilir.

102-ci bazanın Ermənistandan çıxarılacağı haqda iddialar yeni deyil. Hətta Kreml də Ermənistanın Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqavilənin tezliklə ləğvi ilə bağlı yayılan məlumatları şərh də edib. Məsələn, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə heç bir mənfi siqnalın olmadığını söyləyib. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda Rusiya hərbi bazasının olmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri “zərərli” adlandırmışdı. Onun müavini Mixail Qaluzin isə “Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək yersiz və zərərlidir”, – deyib. Qaluzin xatırladıb ki, onun yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da hər iki dövlətin milli maraqlarına əsaslanaraq bağlanıb: “Bu sənədin 26-cı maddəsinə əsasən, hərbi qulluqçularımızın qalma müddəti 49 ildir”.

Tacxeber.com

Oxşar xəbərlər