• 20 May 2025 21:53

Marşrut avtobuslarında YENİLİK – Gedişhaqqı məsafəyə görə təyin EDİLƏ BİLƏR

 

Bakıda fəaliyyət göstərən avtobuslarda  gedişhaqqı minimum 50 qəpikdən başlayır, marşrut xəttinin hərəkət məsafəsindən asılı olaraq 70-80 qəpik, hətta 1 manat 10 qəpik arasında dəyişir.

 

Amma sərnişin 2 dayanacaq da, 20 dayanacaq da getsə, məsafədən asılı olmayaraq eyni ödənişi ödəyir. Çünki avtobusa mindikdə girişdə kartını validatora oxudur və avtobusun ümumi hərəkət məsafəsinə uyğun ödəniş kartdan çıxır.

 

Qeyd edək ki, dəmiryolu sərnişin qatarında isə belə deyil. Məsələn, sərnişin qatarla Koroğluya qədər gedirsə, 50 qəpik, Sumqayıta qədər gedirsə, 1 manat 20 qəpik ödəyir.

 

Bəs, avtobuslarda ödəniş niyə məsafəyə görə tənzimlənmir?

 

Bizim Media nəqliyyat eksperti Elməddin Muradlının məsələyə münasibətini öyrənib. Ekspert deyir ki, ADY-dəki bu funksiya digər ictimai nəqliyyat növlərinə də tətbiq edilə bilər. O bunu ədalətli yanaşma hesab edir.

 

“Digər hallar düzgün deyil. 2 dayanacaq gedən də, 15 dayanacaq gedən də 50 qəpik ödəyir”.

 

Maraqlıdr, ADY-dəki funksiyanın avtobuslarda da həyata keçirilməsi texniki cəhətdən mümkündürmü?

 

“Praktiki olaraq bu mümkündür. Sadəcə avtobuslarda bunun tətbiqi çətindir. Sərnişin avtobusa minirsə, kartı oxudur, gedişhaqqı çıxır. Gedişhaqqının hesablanması üçün  o təzədən kartı oxutmalıdır.

 

İndiki halda bu mümkün görünmür. Çünki avtobusların hamısı eyni ölçüdə deyil, köhnəsi, yenisi var. Təzə avtobuslarda isə həm girişdə, həm də çıxışda validatoru quraşdırmaq asandır.  Dünya təcrübəsində bunu belə tənzimləyirlər. Məsələn, girişdə 70 qəpik çıxır balansdan, çıxışda təzədən kartı validatora oxutduqda  getdiyiniz dayanacaq qədər hesablanır, qalanı karta qaytarılır”, – deyə Elməddin Muradlı qeyd edib.

 

Müsahibimiz məsələni tənzimləmək üçün ciddi təhlillərin aparılmasına ehtiyac olduğunu da vurğulayıb.

 

“ADY-nın praktikası bir nümunədir, artıq bu, Azərbaycanda həyata keçirilibsə, deməli, digər strukturlarda da bunu təmin etmək mümkündür”.

Tacxeber.com

Oxşar xəbərlər