• 08 İyun 2025 03:01

KGB Viktor Orbana 1 milyon vermişdi – CİDDİ İTTİHAM

 KGB Viktor Orbana 1 milyon vermişdi – CİDDİ İTTİHAM
Paylaş

“Azərbaycanın, Gürcüstanın qəbul elədiyi Kreml media qanununun bir nüsxəsini də Macarıstan hakimiyyəti də qəbul etməyə hazırlaşır. Bİldiniz də hansı qanunu deyirəm. Xarici agentlər haqqında qanun. Macarıstanın 320 QHT-si bu qanunun qəbuluna qarşı bəyanat imzalayıb. Bu 320 QHT-nin on minlərlə işçisinin xaricə agentlik elədiyini deyə bilmərəm, ancaq onu bilirəm ki, Almaniya vətəndaşı Dietmar Klodo məhkəmədə and altında verdiyi ifadədə Macarıstanın indiki Baş naziri Viktor Orbanın 1990-cı illərdə Rusiya KQB-sindən 1 milyon alman markı almasının şahidi olduğunu bildirib. Pulları KQB-nin əməkdaşı olduğu tam təsdiqlənmiş Semyon Moqilyov gətirirmiş.

 

Onun ifadəsinin tərcüməsi:

“1990-cı illərdə Budapeştdə yaşayırdım. Orada konsaltinq işi ilə məşğul idim və SAS adlı özəl təhlükəsizlik şirkətim var idi. Həmin vaxt tanınmış iş adamı Semyon Moqileviçlə tanış oldum. Aramızda etimad yarandı, qismən ona görə ki, hər ikimiz dindar yəhudi idik. 1990-cı illərin ortalarında – əslində 1993 və 1996-cı illər arasında – o, məndən müxtəlif şəxslərə nəğd pul çatdırmağımı xahiş etdi. Bu şəxslərdən biri də hazırda Macarıstanın daxili işlər naziri olan Şandor Pinter idi. Həmin vaxt mən yalnız onun polis sistemində yüksək vəzifəli biri olduğunu və Moqileviç üçün işlədiyini bilirdim. Rəsmi olaraq onunla daha gec – polis işindən ayrıldıqdan sonra – tanış oldum. Bu, 1996-1997-ci illərdə baş verdi. Semion Moqileviç məndən ona pul verməyimi istədi və mən də verdim. Bu adamların təsirli fiqurlar olduğu mənə tam aydın idi. Mənim üçün Şandor Pinter sadəcə Moqileviçin adından ona içində pul olan zərflər verdiyim bir çox korrupsionerdən biri idi. O və başqaları tez-tez Budapeştin III rayonundakı Meggy utca 19 ünvanında yerləşən evimə gəlirdilər. Onlar hər biri 10,000 alman markı olan zərfləri alırdılar. Bu praktika 1996-cı ilə qədər davam etdi; sonralar pulu başqa biri çatdırmağa başladı. 1994-cü ilin yazında, parlament seçkiləri ərəfəsində, Moqileviçin tərcüməçisi mənə demək olar ki, bir milyon alman markı olan bir çamadan gətirdi.

 

Bu pul gənc bir adama verilməli idi. Lakin həmin gənc evimə daxil olmaqdan imtina etdi. Ona dedim: “Qulaq as, bu lənətə gəlmiş pulu olan çamadan məndədir, və mən bu pulla küçəyə çıxmayacağam. Əgər içəri girməsən, bu çamadandakı milyonu Moqileviçə qaytaracağam. Mənə fərqi yoxdur.” Daha yaşlı görkəmli bir kişi ilə birlikdə içəri daxil oldular və mən çamadanı onlara verdim. Onun kim olduğunu bilmirdim. Yalnız parlament seçkilərindən sonra başa düşdüm ki, bu gənc şəxs Fidesz partiyasından Viktor Orban imiş. Moqileviç bunu “seçki kampaniyasına həlledici töhfə” adlandırmışdı. Məni mütəmadi olaraq ziyarət edib öz “haqq”larını götürən digər şəxslər sırasına Budapeşt Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin sabiq rəisi László Tonhauzer, keçmiş baş istintaqçı İştvan Şandor və nüfuzlu media fiquru László Just daxil idi.

 

Məni bu pul ötürmə işinə cəlb etmələrinin əsas səbəbi ruslarla heç bir əlaqəm olmaması idi. Həm də Macarıstan Müstəqil Ticarət və Sənaye Palatasının beynəlxalq əlaqələr üzrə bölmə rəhbəri kimi ciddiyə alınan bir adam idim. Mən, yalan danışdığım təqdirdə məsuliyyət daşıyacağımı bilə-bilə, yuxarıda yazılanların hamısının doğru olduğunu bəyan edirəm.”

Reqensburq 15.06.2016

 

Hazırladı: Jurnalist Rövşən Əliyev

Tacxeber.com 

Oxşar xəbərlər