Matias Rustun uçuşu və yaxud sovet sərhədinin ən qalmaqallı pozuntusu – Yadigar Sadıqlı

28 may SSRİ-də Sərhəd qoşunları günü kimi qeyd olunurdu. 1987-ci ilin məhz həmin günündə sovet sərhədinin ən qalmaqallı pozuntusu baş verdi. Qərbi Almaniyanın 19 yaşlı sakini Matias Rust “Cessna 172 Skyhawk” təyyarəsi ilə Estoniya ərazisindən SSRİ sərhədini pozdu və 800 kilometrə qədər uçaraq Moskvanın mərkəzində yerə endi.
***
Matias Rust 1968-ci il iyunun 1-də Almaniya Federativ Respublikasının Şlezviq-Holşteyn vilayətinin kiçik Vedel şəhərində anadan olub. Yeniyetməlik dövründən aviasiyaya marağı olub və 18 yaşı olan kimi pilot lisenziyası alıb. 40 saatlıq uçuş təcrübəsi olan gənc imtahanı qüsursuz verib.
1980-ci illərin ortaları taleyüklü siyasi proseslərin getdiyi dövr idi. Mixail Qorbaçovun sələflərindən fərqli siyasəti iki siyasi qütb arasında ziddiyyətlərin yumşalacağına, dünyanın daha təhlükəsiz olacağına ümid yaratmışdı.
Qorbaçovun sovet rəhbəri seçilməsindən bir neçə ay sonra, 1985-ci ilin noyabrında Cenevrədə ABŞ prezidenti Ronald Reyqanla ilk görüşü oldu. Sammitin xüsusi əməli nəticəsi olmadı, sadəcə nüvə müharibəsinin yolverilməz olması haqda bəyanat kimi ilk baxışda xüsusi önəm daşımayan sənəd qəbul olundu. Amma məhz Cenevrə görüşündə iki lider arasında kontakt yarandı. Təsadüfi deyil ki, bu görüş soyuq müharibənin başa çatması istiqamətində ilk addım sayılır.
1986-cı ilin oktyabrında liderlər İslandiyanın paytaxtı Reykyavikdə görüşdülər. Bu sammit də nəticəsiz başa çatdı. Lakin məhz Reykyavikdə səslənən təkliflər əsasında iki lider 1987-ci il dekabrın 8-də Vaşinqtonda Orta və qısa mənzilli raketlərin ləğvi haqqında müqavilə imzaladılar.
Vaşinqtonda əldə olunan nəticə Reykyavik görüşünə verilən mənfi qiyməti də dəyişdi. Amma bu, sonra baş verdi. 1986-cı ilin oktyabrında isə dünya ictimaiyyəti böyük ümidlər bəslənilən Reykyavik görüşünün nəticəsiz başa çatmasından dərin məyusluq yaşayırdı. Matias Rustun dediyinə görə, o da məyuslardan idi və məhz bu zaman ağlına Moskvaya uçmaq kimi dəlisov fikir gəlir.
Rust sonralar bu ideyanı “Qərb və Şərq arasında körpü qurmaq” cəhdi kimi təqdim edirdi. Halbuki sovet hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən vurulması çətin ki, deyilən məsədə xidmət edərdi. Qısa müddət əvvəl, 1983-cü ilin sentyabrında sovet aviasiyası azaraq ölkə ərazisinə girmiş Cənubi Koreyaya məxsus sərnişin təyyarəsini vurmuş, 269 nəfər həlak olmuşdu. Nəticədə beynəlxalq gərginlik zirvəyə qalxmışdı.
Matias 1987-ci ilin mayında valideynlərinə aeroklubdan icarəyə götürdüyü təyyarə ilə Şimali Avropanı gəzmək istədiyini bildirir. Ayın 13-də Hamburqdan başlayan səfər zamanı Rust Şetland və Farer adalarında ilkin enişlərdən sonra Reykyavikə uçdu. Burada hətta Qorbaçov və Reyqanın görüşü keçirilən evdə – Höfdidə oldu.
İslandiyada bir həftə qalan Rust Şetland adaları və Norveçin Bergen şəhərlərində ilkin enişlərlə mayın 25-də Finlandiyaya, Helsinkinin Malmi hava limanına uçdu. Burada üç gün qaldıqdan sonra planını həyata keçirməyi – Moskvaya uçaraq Qırmızı meydanda enməyi qərara aldı. Sonralar rus jurnalistin “niyə məhz Qırmızı meydanda?” sualına Matias “Başqa yer bilmirdim” cavabını verəcək.
***
Mayın 28-də Rust yanacaq çənlərini tam doldurdu, dispetçerlərə Stokholma uçacağını dedi və Moskva vaxtı ilə 13:21-də havaya qalxdı. Bir qədər qərbə, Stokholma tərəf uçdu. Amma Nummela şəhərinin yaxınlığında dispetçerlə əlaqə saxlayıb hər şeyin qaydasında olduğunu dedi və əlaqə cihazlarını söndürərək cənuba, o zaman SSRİ-nin tərkibində olan Estoniyaya istiqamət aldı. Bu zaman xeyli aşağı düşdü.
Təyyarənin radardan itməsi dispetçerlərin həyəcan qaldırmasına səbəb oldu. Onun itdiyi təxmin edilən yerə xilasedici katerlər göndərildi. Fin körfəzində yağ ləkəsinə rast gəlinməsi Rustun qəzaya uğraması ehtimalını artırdı və xilasetməyə əlavə qüvvələr cəlb olundu. Amma, təbii, heç nə tapılmadı. Bu axtarışlara görə Finlandiya Rusta qarşı 100 min dollar iddia qaldırdı, sonra da vaz keçdi.
Matias isə Estoniyanın Kohtla-Yarve şəhəri yaxınlığından sovet ərazisinə girdi. Sovet radarları onu hələ Fin körfəzi tərəfdən sovet sərhədlərinə yaxınlaşanda qeydə almışdılar, amma sonra itirdilər. Yəqin ki, Rust təyyarəni çox aşağı endirdiyindən radarlardan yayına bilmişdi.
Artıq sovet ərazisi üzərində uçan “Cessna”nı radarlar saat 14:10-14:20 arasında yenidən qeydə alırlar. Əlaqə yaratmaq cəhdi baş tutmadıqda ona 8255 kodu verilir. Amma bu zaman sərhəd pozucusu deyil, “uçuş rejiminin naməlum pozucusu” kimi qeydə alırlar. Yəni təyyarənin sovet qurumlarından birinə mənsub olması, sadəcə uçuş marşrutunu pozması və ya icazəsiz havaya qalxması güman edilir. Hətta helikopter olması istisna edilmir, aşağı sürətinə görə.
Havaya əvvəlcə iki MiQ-23 qırıcısı qaldırılır. Onlardan biri Rustun təyyarəsini vizual müşahidə edir və dispetçerlərə Yak-12 tipli idman təyyarəsini gördüyünü xəbər verir. Qırıcı təyyarə ilə “Cessna”nı izləmək asan deyildi: birinci çox sürətli idi. O, sürətini “Cessna”nın sürəti qədər azaldardısa, yerə düşərdi. Buna görə də pilot Rustu gah tapır, gah itirir, sonra yenidən tapırdı. Komandanlıqdan göstəriş almayan qırıcıların yanacağı tükənəndə yerə endilər.
Uçuşun baş tutduğu ərazinin müəyyən hissəsinə cavabdeh olan 6-cı əlahiddə HHM ordusunun komandiri general German Kromin sonralar verdiyi müsahibədə iddia edir ki, 1983-cü ildə Cənubi Koreya təyyarəsinin vurulması nəticəsində yaşanan beynəlxalq gərginlikdən sonra müdafiə nazirinin verdiyi əmrdə sərnişin təyyarələrinin vurulması qadağan edilirdi, onları enişə məcbur etmək lazım idi.
Rustun təyyarəsi ilə bağlı isə qeyri-müəyyənlik hökm sürürdü. Əvvəla, onun sərhəd pozucusu olması dəqiqləşməmişdi. Digər tərəfdən, müdafiə nazirinin əmrində yəqin ki, böyük təyyarələr nəzərdə tutulurdu. İndi “Cessna”nı görən hərbçilər nə edəcəklərini bilmirdilər. 5-6 il əvvəl olsaydı, çox düşünmədən atəş açardılar, amma indi başqa dövr idi.
Təxminən 15:00-da Rust Pskov ətrafına çatır və başqa HHM hissəsinin səlahiyyət zonasına daxil olur. Burada desant alayının uçuşları həyata keçirilirdi, paraşütçülər tullanırdı. Gənc dispetçer havada olan bütün aparatlara dost-düşmən sistemi ilə “dost” işarəsi verir, o cümlədən “Cessna”ya. Buna görə də Rust daha təqib olunmur.
Bir saat sonra Seliger gölünə yaxınlaşan “Cessna” başqa hissənin səlahiyyət zonasına keçir və “dost” işarəsini itirir. Bir çox mənbələrdə iddia olunur ki, həmin ərazidə Tu-22 və MiQ-25 hərbi təyyarələrinin toqquşması baş verib, helikopterlər havadan axtarış aparıblar və “Cessna” da onlardan biri hesab edilib. Amma başqa mənbələrdə belə bir toqquşma haqqında heç bir məlumat yoxdur. Doğrudur, həmin gün Tu-22 qəzası baş verib, amma bu, Belarusun Ukrayna ilə sərhədi yaxınlığında yerləşən Zyabrovka kəndi yaxınlığında olub. Həmin ərazi isə Rustun marşrutundan xeyli uzaqddır.
German Krominin dediyinə görə, saat 16:00-dan sonra havaya yenə qırıcılar qaldırılır. Amma onlar təyyarəni tapa bilmirlər: həm dispetçerlər yanlış yönləndirirlər, həm də hündürlüyü 2 kilometrə çatan buludlar Rusta gizlənmək fürsəti verir.
Onu da demək lazımdır ki, hərbçilərin ixtiyarında olan radiolokasiya stansiyalarının (RLS) qeyri-mükəmməlliyi də bu hadisədə önəmli rol oynayır. Moskvaya yaxınlaşdıqca Rustun təyyarəsi radarlarda əks olunan meteoroloji obyektlərdən biri kimi təsnif olunur, bir ara hətta köçəri quş dəstəsi olması güman edilir.
Təxminən saat 18:00-da Matias Rust Moskva vilayətinin inzibati sərhədlərinə yaxınlaşır. Bu zaman onu yenə də uçuş rejimini pozan təyyarə kimi təsnif edirlər. Sərnişin təyyarələrinin hərəkətinə təhlükə yaratdığına görə Şeremetyovo hava limanı təyyarələrin uçuşunu və enişini müvəqqəti dayandırır.
18:30-da təyyarə Xodın meydanı tərəfdən Moskva şəhərinə daxil olur və mərkəzə doğru hərəkət edir. Burada uçuşlar ümumiyyətlə qadağan idi. Rust adamların çox olması səbəbindən Qırmızı meydanda eniş etmək fikrindən vaz keçir. İki trolleybus xəttinin arasından ustalıqla aşağı düşərək Böyük Moskva çayı (Bolshoy Moskvoretski) körpüsü üzərinə enir və təyyarəni Vasili Blajennı məbədinə qədər sürür. Saat 19:10 idi.
***
Ətrafdadı adamlar Moskvanın mərkəzində eniş edən, təyyarəni saxlayıb sakitcə düşən və təkərlərin altına dayaq qoyan gəncin sərhəd pozucusu ola biləcəyini ağıllarından keçirmirdilər. Amma hadisə özü maraqlı idi. Buna görə Rustu əhatəyə aldılar və müxtəlif suallar verməyə başladılar. Kütlənin içində ingiliscə bilən birisi tərcüməçilik edir. Qırmızı meydan və həndəvərində daim keşik çəkən milislər belə nə baş verdiyini anlamırlar. Yalnız bir saat sonra Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) əməkdaşları hadisə yerinə gələrək Rustu həbs etdilər.

Əlbəttə, uçuşun 19 yaşlı bir gəncin (19-cu doğum gününü iyunun 1-də Lefortovo təcridxanasında keçirdi) öz istəyi olduğuna sovet orqanlarının dərhal inanmasını gözləmək sadəlövhlük olardı. Onlar Rustun xüsusi mərkəzlər tərəfindən müəyyən məqsədlərlə göndərilməsini ehtiva edən bütün versiyaları nəzərdən keçirdilər.
Təyyarədə əlavə sərnişinin olması və yolda eniş edilərək düşürülməsi, yaxud hansısa yükün boşaldılması variantını yoxlamaq üçün bütün marşrut boyu insanlar dindirildi, təyyarənin hansı vaxtda hansı məsafəni qət etməsi hesablandı. “Cessna”da tapılan xəritənin kəşfiyyat qurumunda hazırlanması ehtimal edildi. Amma aydın oldu ki, Hamburqda Rustun nişan verdiyi mağazada həqiqətən belə xəritələr satılır. Uçuşun məhz sərhədçilər günü baş tutması da müstəntiqləri şübhələndirən amil idi. Amma hər hansı bir qərəz tapmaq mümkün olmadı.
İstintaq Matias Rusta qarşı sərhədi qanunsuz keçmək, uçuş qaydalarını pozmaq və qəsdən törədilən xuliqanlıq maddələri üzrə ittiham irəli sürdü. Sentyabrda baş tutan məhkəmə Rustun “sülh körpüsü”, “sülhə çağırış” barədə arqumentlərini önəmsiz saydı və onu cəzasını ümumi rejimli islah əmək düşərgəsində çəkməklə dörd il müddətinə azadlıqdan məhrum etdi. Amma Rust düşərgəyə göndərilmədi (bir gün Almaniyaya qayıdanda düşərgələrdəki dəhşətli şəraitdən danışmaması üçün), imtiyazlı şəraitdə Lefortovoda saxlanıldı və 1988-ci ilin avqustunda əfv edildi. Almaniyaya qayıdan pilotun lisenziyası dərhal ləğv olundu.

Bir il sonra Rustun adı yenidən qəzet səhifələrinə çıxdı. Alternativ hərbi xidmət keçdiyi xəstəxanada tovlama cəhdlərinə reaksiya verməyən tibb bacısını bıçaqlamışdı. Buna görə 2,5 il həbsə və zərərçəkənə 35 min marka kompensasiya ödəməyə məhkum edildi. 15 ay sonra vaxtından əvvəl azad olundu.
1994-cü ildə yenidən, bu dəfə qanun-qayda ilə Moskvaya gəldi və ayyarım qaldı. Deyilənlərə görə, Qorbaçovla görüşmək istədi, amma nəticəsiz oldu. Hamburqda univermaqdan sviter oğurlamaq cəhdinə görə 2001-ci ildə yenə məhkəmə qarşısına çıxdı və cərimə olundu. 2005-ci ildə dələduzluqda ittiham olundu və yenə cərimə ilə qurtuldu. Son məlumatlara görə, İsveçrədə yaşayır.