• 09 İyun 2025 18:20

“Biz gələcək nəsillərə nə göstərəcəyik?” – memar Fəridə Kassumova

 “Biz gələcək nəsillərə nə göstərəcəyik?” – memar Fəridə Kassumova
Paylaş

Bakının tarixi kvartalları və binaların söküntüsü haqqında memar və dizayner Fəridə Kassumova yazır:

Mən ömrüm boyu Bakıda yaşamışam. Şəhərimizi müxtəlif tarixi dövrlərdə, fərqli simalarda görmüşəm və yadda saxlamışam. Mənim üçün qürurvericidir ki, mən bakılıyam. Baxmayaraq ki, mənim ulu babalarım təkcə Bakıdan yox, Azərbaycanın bölgələrindən, həmçinin qonşu Gürcüstan və Rusiyadan da olublar.

Dəfələrlə müxtəlif ölkələrdə olmuşam, möhtəşəm memarlıq nümunələrini, şəhərsalma zərifliyini və mükəmməl şəhər mühitlərini görmüşəm. Amma bizim Bakı kimi bir şəhər yoxdur – buna inanın. Orta əsr qalası, nə qədər cilalansa da, yerindədir, kapitalist dövrünün villaları, nə qədər “lagunda” ilə ovulsa da, hələ nəfəs alır, sovet memarlığının nəhəng konstruktivizm qalıqları, “stalinka” binaları, “xruşşovkalar”, sovet modernizminə aid abidələr – çoxu baxımsız olsa da, hələ də qalıb, hələ yaşayır…

 

Mən artıq 41 ildir təhsil sistemində çalışıram, onun 25 ilini isə gözəllik, mədəniyyət, forma və funksionallıq, etika və tarix dərslərinə həsr etmişəm – memarlıq və dizayn öyrədirəm, neçə-neçə nəsilə. Gəncləri şəhərimizin tarixi ilə təkcə slaydlarla deyil, canlı şəkildə tanış etməyə çalışıram – onları Bakının ən maraqlı və dəyərli məkanlarına ekskursiyalara aparıram. Amma son illərdə bir çox tarixi məhəllələr məqsədli şəkildə və ictimaiyyətin fikri nəzərə alınmadan dağıdılır. Tarixi irs siyahısına salınmış memarlıq abidələri sökülür.
Biz gələcək nəsillərə nə göstərəcəyik? Bir-birindən fərqlənməyən, insana yad, anti-erqonomik və soyuq şüşə və betonu? Bəs bizim dar küçələrimizin iqlimə uyğun planlaşdırılmış o İtalyan həyətləri, memarlıq detallarının zənginliyi ilə dolu fasadlarımız, o bir daha təkrarlana bilməyəcək Bakı ruhu necə olsun?
Mən anlamıram – nəyə görə bizi və gələcək nəsilləri bu şəhərin tarixindən, gözəlliyindən, mədəniyyətindən məhrum edirlər? Axı bu dəyərlər bir millətin genetik yaddaşını təşkil edir.

 

Tacxeber.com 

Oxşar xəbərlər