ABŞ-da məhkəmələr və avtoritara meylli Trampın savaşı

ABŞ-da məhkəmələr Trampın avtoritar meyillərinə qarşı müqavimət göstərməyə davam edir
5 aprel 2025-ci il tarixində Tramp dünyanın bir çox ölkələrinə gömrük rüsumları tətbiq etdi. Bu qərar həm siyasi, həm də iqtisadi baxımdan ABŞ üçün ciddi nəticələrə səbəb oldu. Trampın müxtəlif ölkələrdən idxal olunan mallara tətbiq etdiyi rüsumlar, həm ABŞ-ın ənənəvi xarici müttəfiqləri, həm də daxili istehlakçılar tərəfindən narazılıqla qarşılandı. Nəticədə, 12 və 4 şirkət ştat birləşərək Trampı məhkəməyə verdi.
28 may 2025-ci ildə ABŞ-ın Beynəlxalq Ticarət Məhkəməsi (U.S. Court of International Trade) bu 12 və 4 şirkətin ştatın şikayətinə baxaraq qərara gəldi ki, Trampın 5 aprel 2025-ci il tarixində tətbiq etdiyi gömrük rüsumları 𝗾𝗮𝗻𝘂𝗻𝘀𝘂𝘇𝗱𝘂𝗿.
Hüquqi tərəf
Gömrük rüsumlarının tətbiqi üçün ABŞ qanunvericiliyində müxtəlif hüquqi əsaslar mövcuddur. Tramp birinci prezidentlik dönəmində bu sahədə əsasən aşağıdakı üç hüquqi baza əsasında hərəkət edirdi:
1. 1962-ci ilin “Ticarətin Genişləndirilməsi haqqında Qanunu”nun 232-ci bəndi.
Bu bəndə əsasən, milli təhlükəsizlik arqumenti ilə idxal olunan polada 25%, alüminiuma isə 10% gömrük rüsumları tətbiq edilmişdi. Bu rüsumlar Çin, Avropa İttifaqı və Kanadaya şamil olunurdu.
2. 1974-cü ilin “Ticarət Aktı”nın 301-ci bəndi.
Bu müddəaya əsasən, Çindən idxal olunan mallara gömrük rüsumları tətbiq olundu və bu, faktiki olaraq ABŞ-Çin ticarət müharibəsinin başlanğıcı oldu. Bu gedişat nəticəsində Çin yuanın devalvasiyasına məcbur qaldı.
3. 1974-cü ilin “Ticarət Aktı”nın 201-ci bəndi.
İdxal olunan yuyucu maşınlara və günəş panellərinə gömrük rüsumları tətbiq edildi. Bu qərar daxili istehsalı qorumaq və tələbatı yerli məhsullara yönəltmək məqsədi daşıyırdı.
İkinci prezidentlik dönəmində hüquqi baza dəyişdi
Tramp 2025-ci ildə gömrük rüsumlarını daha geniş miqyasda tətbiq etmək üçün fərqli hüquqi baza seçdi: 1977-ci ilin “Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı” (IEEPA-International Emergency Economic Powers Act).
Bu qanun prezidentə fövqəladə hallarda, yəni ölkənin milli təhlükəsizliyinə xarici təhdid olduğu hallarda geniş iqtisadi səlahiyyətlər verir. Prezident bu qanuna əsasən:
Xarici aktivləri dondura bilər;
Xarici sərmayələri məhdudlaşdıra bilər;
Xarici təhdid subyektlərinə qarşı iqtisadi tədbirlər görə bilər.
Lakin diqqətəlayiq məqam budur ki, IEEPA daxili bazarın tənzimlənməsi və xarici təhdid olmadan gömrük rüsumlarının tətbiqini qadağan edir.
Məhkəmə qərarı və nəticələr
Beynəlxalq Ticarət Məhkəməsi Trampın bu qanuna əsaslanaraq tətbiq etdiyi bütün gömrük rüsumlarını qanunsuz sayaraq dayandırdı. Bu qərarla bir çox ölkələrə, o cümlədən Çin, Meksika və Kanadaya tətbiq olunan 10%-lik rüsumlar ləğv olundu.
Lakin Ədliyyə nazirliyi dərhal Apelyasiya Məhkəməsinə müraciət etdi və 29 may tarixində Apelyasiya Məhkəməsi Beynəlxalq Ticarət Məhkəməsinin qərarını məhkəmə prosesi başa çatanadək dondurdu.
Apelyasiya məhkəməsinin qərarı çıxanadək rüsumlar qüvvədə qalacaq. Apelyasiya məhkəməsinin yekun qərarı Trampın əleyhinə olsa, heç şübhəsiz Ədliyyə nazirliyi işi Ali Məhkəməyə qədər daşıyacaq və son söz məhz Ali Məhkəmədə olacaq.
Məhkəmə prosesi və ictimai müzakirələr zamanı Trampın bu cür ciddi iqtisadi qərarları Konqresin razılığı olmadan, özbaşına verməsi kəskin tənqid olundu. Nəticədə, ABŞ Konqresində Trampın iqtisadi səlahiyyətlərini məhdudlaşdırmaq məqsədilə “Trade Review Act” adlı qanun layihəsi hazırlanıb və hazırda müzakirə mərhələsindədir.
Hazırda ABŞ-da məhkəmə sistemi, Trampın avtoritar meyillərinin qarşısını ala biləcək yeganə institusional gücdür. Konqresin respublikaçıların nəzarətində olduğu bir dövrdə Ali Məhkəmə başda olmaqla məhkəmələr hələlik güclü müqavimət göstərə bilir. Gələcəkdə bu müqavimətin nə dərəcədə davamlı və təsirli olacağı, eləcə də Trampın məhkəmələrlə qarşıdurmada nə qədər irəli gedəcəyi isə zamanla bəlli olacaq.