Bakıda dağ satışa çıxarıldı – 350 000 AZN

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Kühüldağ zirvəsinin ərazisi aktiv şəkildə satılır. Bu barədə insanoid.com saytına alpinist və qayaya dırmaşma üzrə məşqçilərdən ibarət bir qrup idmançı məlumat verib.
Onların sözlərinə görə, bir neçə gün əvvəl bu dağ ərazisi qayaya dırmaşma festivalına ev sahibliyi edib.
“Bu tədbiri dağın qanunsuz tikintidən, qaya məhvindən və ətraf mühitin çirklənməsindən qorunması üçün keçirdik. Məqsədimiz bu ərazinin idmançılar üçün qorunmasına dəstək vermək və ictimaiyyətin diqqətini problemin həllinə yönəltmək idi. İdmançılar qayaların üzərindəki yazıları, hisləri və zibilləri təmizləmək üçün iməciliklər keçirirdi,” – deyə idmançılar bildiriblər.
Qeyd edilib ki, qayaya dırmaşma alpinizmin mühüm tərkib hissəsidir və təbii qayalıqlarda məşqlər bu sahədə peşəkarlığın artması baxımından vacibdir. Alpinistlər Federasiyasının dəstəyi ilə köhnə sığorta nöqtələri yenilənib, yeni marşrutlar salınıb. Xatırladaq ki, qayaya dırmaşma artıq bir neçə ildir ki, olimpiya idman növü statusuna malikdir.
Lakin bütün bu səylərə baxmayaraq, yaxınlarda dağın zirvəsində qaya dağıdan buldozerlər müşahidə olunub. Alpinistlər Federasiyasının prezidenti Muxtar Babayev bu tikinti işlərinin dayandırılması üçün Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi müraciət göndərsə də, Kühüldağda işlər davam edir.
Daha da narahatedici məqam: onlayn əmlak saytlarında dağın zirvəsində yerləşən 7 sot torpaq sahəsi 350 min manata satışa çıxarılıb.