• 06 İyun 2025 12:20

Zahid Oruc: “Həbsxana sanatoriya deyil”

 Zahid Oruc: “Həbsxana sanatoriya deyil”
Paylaş

“250-dən çox məhbus üçün cəmi dörd sanitar qovşağı var. Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər”. “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov Bakı şəhər 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanma şəraitini təsvir edir. O, bu məlumatı mayın 29-da həbsdən ailəsinə göndərib və saxlanma şəraitindən narazıdır.

İşçilərin hüquqlarını müdafiə edən A.Məmmədov xuliqanlıqda suçlanaraq bu ilin yanvarında 8 illik həbs cəzası alıb. Onunla eyni təşkilatdan olan, işçi fəalı Sara Rəhimova deyir ki, nəinki Afiəddin, digər məhbuslar üçün də normal şərait yoxdur: “Dediyinə görə, qaldığı yerdə, mətbəxdə siçan-siçovul var. O cümlədən ərzaqların qoyulması üçün qutuların içinə girirlər, ərzaqları yeyirlər. Antisanitar durumdur. Özünün də son iki gündə qızdırması var idi. Dünən (mayın 29-da) həkim vardı, dərman verildiyini dedi. Amma boğaz ağrısı üçün dərman olmadığını söylədi. Dedi ki, səhərdən qızdırması var və hərarəti çox yüksəkdir. Bu gün ailəsi ilə əlaqə saxlamayıb. Hazırkı durumunu bilmirik”.

 

Deputat: “Həbsxana sanatoriya deyil”

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc deyir ki, tez-tez cəzaçəkmə müəssisələrini ziyarət edir, monitorinqlər aparır. Deputat bildirir ki, Ədliyyə Nazirliyi və onun tərkibindəki penitensiar qurumun rəhbərliyi sadalanan problemlərlə bağlı məlumatlıdır və problemləri qısaca zamanda həll edəcəyinə inanır: “Bəzən siyasi şəxslər məsələni daha fərqli bir kontekstdə göstərərək özlərinə xüsusi bir imtiyaz, əlahiddə diqqət, münasibət tələb edirlər. Bu, bəzən digər məhbuslar arasında çox ciddi bir narazılıq doğurur. Sanki bunlar imtiyazlı qüvvədir, digərlərisə sıradan məhkumdurlar kimi qeyri-bərabər vəziyyət də qarşımıza çıxıb. Ancaq bu məsələni kimin qaldırmağından asılı olmayaraq, subyektə qiymət vermədən, problem varsa, həllini tapmalıdır. Ombudsman illik məlumatlarını parlamentdə təqdim edərkən, müzakirələr zamanı ən çox vurğulanan problemlərdən biri cəzaçəkmə müəssisələrində ümumi saxlana biləcək məhkumların sayından bəzən 1.5 dəfə artıq məhkumlarla bağlı faktları görürük. Bu yöndə həyəcan siqnalı dəfələrlə çalınıb. Amma kimlərinsə həbsxanaları bir sanatoriya kimi göstərmələri də doğru deyil”.

 

Tacxeber.com bildirir ki, AzadlıqRadiosu sözügedən şikayətlərlə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Ombudsman Aparatına sorğu göndərib. Lakin adıçəkilən qurumlardan reportaj yayıma gedənədək suallara cavab verilməyib.

A.Məmmədov ailəsinə məlumat verib ki, saxlandığı kamerada məhbusların sayı normadan artıqdır və onun indiyədək həbsxanadan ictimailəşdirdiyi məsələlər təkcə ictimai-siyasi fəallarla bağlı deyil, məhbəsdəki bütün məhbusların haqları ilə bağlı olub.

 

Xatırlatma

Həbsxanada məhbusların, azadlıqda isə işçilərin hüquqlarının qorunması üçün çalışan Afiəddin Məmmədov 2022-ci ildə “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasını yaradıb, hüquqları pozulan işçilərin problemlərini işıqlandırıblar, bu sahədəki qanunvericilikdə olan boşluqları, insanlara yaradılan çətinlikləri ictimailəşdiriblər. Bu sahədə göstərdikləri aktiv fəaliyyətdən az sonra həm Afiəddin, həm də “İşçi Masası”nın bir neçə üzvü həbs olunub. Rəsmi ittihamları xuliqanlıq, narkotik və s. olsa da, məhkəmə bu ittihamları təsdiqləyib onları azadlıqdan məhrum etsə də, onlar sırf işçilərin, əmək haqları pozulan vətəndaşların səslərini ictimailəşdirdikləri üçün barmaqlıqlar arxasında olduqlarını deyirlər.

Mayın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi “İşçi Masası”nın həbsdə olan digər üzvü Ayxan İsrafilovun şikayəti ilə bağlı qərar çıxarıb. Vəkili Fariz Namazlının bildirib ki, bu iş üzrə Azərbaycan hökuməti birtərəfli bəyanat qəbul edib və hüquq pozuntusunu tanıyıb.

 

Tacxeber.com

Oxşar xəbərlər